AZ EN RU

İyun ayında idmançılarımız 54 medal qazanıblar

    Ötən ay bədən tərbiyəsi və idmanın inkişafı, könüllülərlə işin təşkili, gənc nəslin sağlam, vətənpərvər ruhda formalaşdırılması və onların cəmiyyətdəki aktivliyini artırmaq məqsədilə bir sıra tədbirlər həyata keçirilib.
    Muxtar respublika gənclərinin iştirakı ilə təşkil olunan “Səhnənin sehri” və “Gənclərin teatr dünyası” (14-30 yaşlılar) adlı teatr müsabiqələrinin mükafatlandırma mərasimləri keçirilib. Könüllülərlə iş, gənclərin şəxsi inkişafı və onların cəmiyyətə faydalı vətəndaş kimi formalaşdırılması istiqamətində görülən işlərin davamı kimi “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir!” devizi ilə təmizlik aksiyası və “İlkin tibbi yardım” təlimi təşkil olunub, bir könüllü gəncin Tovuz rayonunda düşərgə formatında həyata keçirilən “Gənclər davamlı inkişaf üçün” layihəsində iştirakı təmin edilib. Muxtar respublikanın şəhər və rayonlarını təmsil edən 8 komandanın iştirakı ilə gənc dövlət qulluqçuları arasında “Xəmsə” milli intellektual oyunu reallaşıb. Gənc­lərin Vətən müharibəsi iştirakçıları, eləcə də Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində zabit və əsgərlərlə görüşləri təşkil edilib, şəxsi heyətin xidməti şəraiti ilə tanışlıq olub, gənclər hərbçilərlə birgə konsert proqramında iştirak ediblər. Şəhər və rayonlarda şəhid ailələrinin ziyarət olunması ənənəsi davam etdirilib, şəhidlərin əziz xatirəsinə həsr olunan idman yarışları, eləcə də Silahlı Qüvvələr Günü və “Şuşa ili” ilə əlaqədar tədbirlər keçirilib.
    Hesabat ayı muxtar respublikanın idman həyatı üçün qazanılan fərdi nəticələr, kollektiv fəaliyyət və bir sıra tədbirlərin keçirilməsi ilə yadda qalıb. Uşaqları Beynəlxalq Müdafiə Günü və “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun yaradılmasının 55-ci ildönümü münasibətilə “Bir uşaq-bir top” festivalı keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, tanınmış veteran futbolçular, gənc futbolçular və ictimaiyyət nümayəndələri iştirak ediblər. Festival çərçivəsində bol hədiyyəli oyunlar, əyləncəli şoular, klubun və Naxçıvan futbolunun tanıtımı ilə bağlı təqdimatlar olub, uşaqlara “Araz-Naxçıvan”ın atributları hədiyyə edilib, tamaşaçılar üçün iaşə xidməti və konsert təqdim olunub. Sərbəst güləş üzrə milli komandamızın liderlərindən olan üçqat dünya və Avropa çempionu, ikiqat olimpiya mükafatçısı, dünyaca tanınmış güləşçimiz Hacı Əliyev Naxçıvan güləşçiləri ilə görüşüb, onlarla öz təcrübəsini bölüşüb. Bununla yanaşı, Naxçıvanda badminton üzrə beynəlxalq lisenziyalı “Level 1” məşqçilik kursuna start verilib, İqdır Universiteti və Naxçıvan Dövlət Universitetinin basketbol komandaları arasında yoldaşlıq matçı, Vətən müharibəsinin iştirakçıları arasında stend atıcılığı, 18 yaşadək idmançılar arasında şose velosipedi, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında güllə atıcılığı üzrə muxtar respublika birincilikləri, həmçinin idman işçiləri arasında stolüstü tennis yarışı reallaşıb. Uzunoba İstirahət Mərkəzində növbəti çimərlik mövsümü münasibətilə açılış mərasimi keçirilib. 
    Ötən ay idmançılarımız ölkə və beynəlxalq arenalarda uğurla çıxış edərək, ümumilikdə, 54 medal əldə ediblər. Əli Əsgərov güc idman növləri üzrə Avrasiya çempionatında qızıl, Sadiq Kərimov universal döyüş üzrə dünya çempionatında iki bürünc medal qazanıb, Əli Hüseynzadə isə “İqdır Kayısı Cup” şahmat turnirinin qalibi olub. Turnirdə iştirak edən Naxçıvan şahmatçıları müxtəlif kateqoriyalar üzrə 4 birincilik, 2 ikincilik və 1 üçüncülük əldə edib, bir idmançımız isə “Ən yaxşı qız şahmatçı” kimi mükafatlandırılıb. Bundan əlavə, Nazlı Hümbətova şahmat üzrə Azərbaycan çempionatında 16 yaşlı qızlar arasında qalib olub,       I Beynəlxalq Zəncan turnirində iştirak edən şahmatçılarımız isə yarışı 2 medalla (1 gümüş, 1 bürünc) tamamlayıblar. Atletika üzrə ölkə çempionatlarında Aysu Abbasova (4 qızıl) və Əmrah Nağıyev (1 qızıl, 1 gümüş) yüksək nəticələrə nail olub, digər atletlərimiz isə 1 gümüş və 2 bürünc medal qazanıblar. MMA, pankration və qrepplinq üzrə Azərbaycan birinciliyi və çempionatı, həmçinin respublika turnirinə (8-9 və 10-11 yaşlılar) qatılan kikboksçularımız 10-u qızıl, 9-u gümüş, 8-i bürünc olmaqla komanda aktivinə 27 medal yazdırıblar. Güləşçilərimiz xarici ölkə idmançılarının qatıldığı “Şuşa – 270” turnirində    3 bürünc, bir karateçimiz isə açıq birincilikdə qızıl medal qazanıb. 
    İdman federasiyaları üçün mütəmadi təşkil olunan ekskursiyalar çərçivəsində Atıcılıq, Hava və Ekstremal İdman Növləri, Paralimpiya və Kikboksinq federasiyalarının təmsilçiləri müvafiq olaraq Milli Dəyərlər Muzeyi, Yusif Küseyir oğlu türbəsi, Duz Muzeyi və Qarabağlar Türbə Kompleksini ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
 mətbuat xidməti

Nəşr edilib : 18.07.2022 19:02