AZ EN RU

İyul ayında xalq yaradıcılığı nümunələrinin çəkilişləri aparılmışdır

    Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi 2022-ci ilin iyul ayında nazirliyin iş planına və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş Dövlət proqramlarından irəli gələn vəzifələrin icrasına çalışmış, bu istiqamətdə bir neçə mədəni-kütləvi tədbirlər həyata keçirilmişdir.

    İyul ayında Açıq Səma Altında Muzeyin yaradılmasının 20, Məmməd Səid Ordubadinin ev-muzeyinin yaradılmasının 50 illikləri münasibətilə tədbirlər keçirilmişdir.
    Bəhs olunan dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 1 ədəd xalça haqqında məlumat “naxcivan_muzeyleri” “Instagram” səhifəsində və Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında paylaşılmışdır.
    Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” 2022-ci il 5 yanvar tarixli və “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” 2022-ci il 14 mart tarixli sərəncamlarının icrası ilə bağlı, ümumilikdə, 5 tədbir keçirilmişdir.
    İyul ayında muxtar respublikanın muzeylərini 32 min 446 nəfər yerli, 4 min 257 nəfər əcnəbi olmaqla, ümumilikdə, 36 min 703 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 109 yeni eksponat daxil olmuş, muzey fondlarına daxil olan 79 eksponat isə profilinə uyğun olaraq, fondun yerdəyişməsi yolu ilə digər muzeylərə verilmişdir.
    Muzeylər tərəfindən şəhidlərimizin doğum və anım günləri, əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə bağlı və digər bu kimi mövzularda 230 sayda material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır. Bu paylaşımları 81 mindən çox internet istifadəçisi izləmişdir. İyul ayında nazirliyin “naxcivan_muzeyleri” “İnstagram” hesabında 10 paylaşım edilmiş, səhifənin ümumi izləyicilərinin sayı 845 nəfər olmuşdur.
    Ötən ay “Mütaliə”,“Kitabxanaçı”, “Kitabxana”və “Nağıl” günləri ilə bağlı muxtar respublikanın kitabxanaları tərəfindən 98 tədbir keçirilmiş, həmçinin sağlamlıq imkanları məhdud 39 uşağa səyyar kitabxana xidməti göstərilmişdir. Həmçinin iyul ayında kitabxanaların, eləcə də klub müəssisələrinin əməkdaşları arasında “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan 22 kitabın müzakirəsi keçirilmişdir.
    İyul ayında nazirliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisindən 5 adda 71 nüsxə, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından 10 adda 200 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır.
    Bəhs olunan dövrdə muxtar respublikanın kitabxanalarına 834 adda 1500 nüsxə çap məhsulu daxil olmuşdur. Həmçinin bu kitabxanalara bu ilin iyul ayında 1064 yeni oxucu müraciət etmiş, oxucu gəlişi 8 min 450, kitab verilişi isə 44 min 460 nüsxə olmuşdur. Bundan başqa, ötən ay elektron kataloqa 580 adda kitab işlənərək elektron kataloqdakı kitabların sayı 33 min 616-ya çatdırılmışdır. Şəbəkəyə işlənmiş (PDF) kitabların sayı isə 50 olmaqla belə kitabların sayı 3 min 973-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan 198 lokal, 310 qlobal olmaqla, ümumilikdə, 508 oxucu istifadə etmişdir.
    Ay ərzində kitabxanalarda əlamətdar və tarixi günlər, eləcə də tanınmış şəxsiyyətlərin yubileyləri ilə bağlı, ümumilikdə, 3-ü onlayn olmaqla, 154 tədbir keçirilmişdir.
    İyul ayında xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması məqsədilə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən sosial şəbəkələrdə xalq yaradıcılığı nümunələrinə aid materiallar paylaşılmış, mərkəzin, eləcə də Şərur və Ordubad Rayon Mədəniyyət idarələrinin təşkilatçılığı ilə “Xalq yaradıcılığı günü” çərçivəsində rayon mədəniyyət saraylarının, mədəniyyət evləri və klubların  folklor qrupları və dərnək üzvlərinin ifasında xalq oyun və mərasimlərinin, yallı, rəqs və musiqi nömrələrinin Naxçıvan Dövlət Film Fondu tərəfindən videoçəkilişi aparılmışdır.
    İyulun 19 və 29-da Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı Seyfəddin Dağlının “Adı sənin, dadı mənim” satirik komediyası əsasında hazırlanmış eyniadlı tamaşanı Şərur və Sədərək rayonlarında ictimaiyyətə təqdim etmişdir. 
    İyul ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən Babək rayonunda fəaliyyət göstərən klub müəssisələrinin əməkdaşlarına əməli köməklik göstərilmiş, rayonun Kültəpə Kənd Mədəniyyət Evində görkəmli şair Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş “Azərbaycan bayrağına” adlı tədbir keçirilmişdir. Ümumilikdə, iyul ayında Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və klub müəssisələrində 38 tədbir keçirilmişdir.
    Naxçıvan Dövlət Film Fondu tərəfindən görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında, film çəkilişlərindən maraqlı faktlarla bağlı iyul ayında sosial şəbəkə hesablarında paylaşımlar edilmiş, “Kino günləri” layihəsi çərçivəsində 5, digər tədbirdə isə 1 olmaqla, ümumilikdə, 6 film nümayiş olunmuşdur. Həmçinin Film Fondu tərəfindən xalq yaradıcılığı ilə bağlı 10, çəkilmiş materiallarla bağlı 10 olmaqla, ümumilikdə, 20 material hazırlanmışdır. 
    İyul ayında nazirliyin Gənclər Təşkilatının Kəngərli Rayon Gənclər Birliyinin üzvləri arasında İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərinin müzakirəsi keçirilmişdir.
    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin “Youtube” kanalının iyul ayında izləyici sayı 367 min 371, abunə sayı isə 2 min 950 nəfər olmuşdur. Ötən ay nazirliyin “Facebook” və “İnstagram” səhifələrində 40 sayda paylaşım edilmişı, bu paylaşımları 7 min 600-dən çox internet istifadəçisi izləmişdir.

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin
 mətbuat xidməti

Nəşr edilib : 08.08.2022 18:49