AZ EN RU

İxtisasartırma kursunu müvəffəqiyyətlə bitirən müəllimlərə sertifikat verilib

    Naxçıvan Dövlət Universitetində bu münasibətlə keçirilən tədbirdə əvvəlcə ali təhsil ocağında təşkil olunan Kimya, Fizika və Biologiya fənləri üzrə ixtisasartırma kursu ilə bağlı Universitet televiziyasının hazırladığı videoçarx nümayiş olunub.    
    Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev muxtar respublikada tədris üçün yaradılan şəraitdən, elmdə və təhsildə qazanılan uğurlardan söhbət açıb. Rektor universitetdə Kimya, Fizika və Biologiya ixtisasında təhsil alan tələbələrin müasir şəraitdə qurulan laboratoriyalarda dərs keçmələrinin gələcəkdə bilavasitə ümumtəhsil məktəblərində şagirdlərin bilik və bacarıqlarının artırılmasına hesablanan addım olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, sözügedən fənlərin universitetdə bakalavr, magistratura və doktorantura pillələrində kadr hazırlığı həyata keçirilir. Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə bir çox nümunəvi dərs, layihə və kursların həyata keçirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsində xüsusi önəm kəsb edir.
    Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, ümumtəhsil məktəblərinin müasir laboratoriya avadanlıqları ilə təmin edilməsi dəqiq elmlərin tədrisinin inkişafına, müəllimlərin peşə hazırlıqlarının yüksəldilməsinə, şagirdlərin bu sahədəki bilik və qabiliyyətlərinin artırılmasına böyük stimul yaradıb. Orta məktəb müəllimlərinin mütəmadi olaraq bu cür kurslara cəlb olunması peşəkarlıq səviyyələrinin artırılmasına, laboratoriyaların imkanlarından tədris prosesində geniş istifadə etmələrinə müsbət təsir göstərir. 
    Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov keçirilən kurs haqqında məlumat verərək qeyd edib ki, 5 gün davam edən ixtisasartırma kursunda ümumtəhsil məktəbləri üzrə hər ixtisasdan 20 nəfər olmaqla, ümumilikdə, 60 müəllim iştirak edib. Təşkil edilən kurs universitetin kabinə və laboratoriyalarında hər gün 2 saat olmaqla təsdiq edilmiş qrafik və müəllimlərin də təklifləri əsasında müəyyən olunan mövzular üzrə həyata keçirilib, bir sıra mövzular müasir avadanlıqlarla qurulan laboratoriya və kabinələrdə  əyani şəkildə kurs iştirakçılarına izah edilib. 
    Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin müəllimi Arzu Kərimli çıxış edərək müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması üçün təşkil edilən kursa görə müəllimlər adından minnətdarlıq edib.
    Sonda sertifikatlar təqdim olunub.

    Naxçıvan Dövlət Universitetinin mətbuat və 
ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 10.02.2022 20:04