AZ EN RU

İxtisasartırma kursları davam edir

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən Naxçıvan şəhər, Babək, Culfa və Kəngərli Rayon Rabitə idarələrinin müvafiq peşə ixtisasına malik olmayan 14 nəfər əməkdaşı Naxçıvan Regional Peşə – Tədris Mərkəzində  kurslara  cəlb ediliblər.
    Kabel lehimləyici və rabitə montyoru üzrə ixtisasartırma kurslarında təhsil alan müdavimlərə rabitə avadanlıqlarının əsasları, paylayıcı şkaf və kabel qurğularının montajı, elektrotexnika, əməyin mühafizəsi, peşə etikası və siqnalölçmə cihazı “Argus 156 tester” avadanlığı barəsində hazırlanmış slaydlar vasitəsilə  məlumatlar verilir.
    Həmçinin tədris  zamanı onlar fiber-optik kabellərin qaynaq edilməsi üçün müasir “Fujikura S90” cihazının iş prinsipi haqqında da  məlumatlandırılırlar. Kurslarda, həmçinin  mis və fiber-optik kabel növlərinin beynəlxalq standartlara görə çeşidli növlərdə istehsalı, istehsal olunan kabellərin texniki xüsusiyyətləri, o cümlədən siqnalötürmə sürəti, xətlərin müxtəlif relyeflərə uyğun çəkilməsi, eləcə də muxtar respublikada ilk dəfə tətbiq edilən “Prysmian Draka” markalı kabellərin  texniki xüsusiyyətləri   barədə ətraflı məlumatlar verilir. 
    Kursun tədris müddəti bir aydır və sonda hər bir iştirakçı sertifikatla təmin olunacaqdır. 
    Qeyd edək ki,  ötən dövr ərzində, ümumilikdə, 105 rabitə mütəxəssisi ixtisasartırma kurslarına cəlb olunub, kursu müvəffəqiyyətlə bitirən əməkdaşlara sertifikatlar verilib. Mərhələli şəkildə  müvafiq peşə ixtisasına malik olmayan rabitə mütəxəssislərinin belə kurslara cəlbi nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 26.09.2022 20:35