AZ EN RU

İxtisasartırma istiqamətində növbəti dəyirmi masa keçirilib

Naxçıvan Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə ixtisasartırma istiqamətində “İbtidai siniflərdə (I-II siniflər üzrə) ana dilinin tədrisinə verilən müasir tələblər” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada kafedranın professor-müəllim heyəti, muxtar respublika ümumtəhsil məktəblərinin 30 nəfər ibtidai sinif müəllimi və institutun bir qrup tələbəsi iştirak edib.

Dəyirmi masanı giriş sözü ilə açan institutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Allahverdiyeva qeyd edib ki, Naxçıvan Müəllimlər İnstitutunun mütəmadi olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində məktəb müəllimlərinin bilik və təcrübələrinin təkmilləşdirilməsi istiqamətində müxtəlif mövzularda dəyirmi masalar, ixtisasartırma kursları, seminarlar və elmi-praktik konfranslar keçirilir. Prorektor keçirilən dəyirmi masanın əhəmiyyətindən danışıb, Azərbaycan dili təliminin qarşısında duran ümumi və konkret didaktik tələblərin şagirdlərin dünyagörüşünün, təfəkkürünün, nitq bacarıqlarının və nitq mədəniyyətinin inkişafına xidmət etdiyini və bu bacarıqların özülünün ibtidai siniflərdə qoyulduğunu vurğulayıb.

Tədbirdə Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həsənəli Eyvazlının, kafedranın müəllimi Təranə Qəbulovanın, digər əməkdaşlarının və ibtiai sinif müəllimlərinin mövzu ətrafında fikirləri dinlənilib. Diqqətə çatdırılıb ki, şagirdlərin düzgün tələffüz və oxu vərdişlərini, rabitəli nitqini inkişaf etdirmək, onlarda sözə, dilin ifadəlilik vasitələrinə, onun zənginliklərinə həssas münasibət və diqqətlə yanaşmaq meyli tərbiyə etmək daim müəllimin diqqət mərkəzində olmalıdır.

Sonra mövzu üzrə maraqlı müzakirələr aparılıb və müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Aygül MƏMMƏDOVA

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat

və ictimaiyyətlə əlaqələr xidməti

Nəşr edilib : 21.11.2022 10:45