AZ EN RU

İtaliya XİN-in saytında Azərbaycandakı 3500 illik ritual ibadətgah yeri haqqında məlumat verilib

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin vebsaytında Azərbaycanın Ağstafa rayonundakı “Tava təpə” abidəsində aşkarlanan, 3500 il əvvələ aid Qafqazda ilk ritual ibadətgah yeri barədə məlumat verilib.

Materialda Azərbaycan və İtaliya mütəxəssislərindən ibarət beynəlxalq arxeoloji ekspedisiyanın 2018-ci ildə icrasına başladığı GaRKAP layihəsinin (Florensiyadakı Qədim Aralıq dənizi və Yaxın Şərq Araşdırmaları Mərkəzi (CAMNES), Kataniya Universiteti, AMEA və OELLE Fondu) İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən birgə maliyyələşdirildiyi bildirilir. Layihə İtaliyadan olan ekspedisiyanın rəhbəri arxeoloq Nikola Laneri və Azərbaycan - İtaliya Beynəlxalq Arxeoloji Ekspedisiyanın rəhbəri Bəxtiyar Cəlilovun sədrliyi ilə həyata keçirilir. Məqsəd eramızdan əvvəl IV-I əsrlər arasında Qərbi Azərbaycan ərazisində yayılmış qədim cəmiyyətlər haqqında bilikləri dərinləşdirməkdir. Arxeoloji ekspedisiya 2021-ci ildən başlayaraq bütün səylərini Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində, Kür çayından 1,5 kilometr aralıda yerləşən və son tunc, ilk dəmir dövrünə aid “Tava təpə” abidəsinin tədqiqinə yönəldib. İki il ərzində qazıntı işləri müxtəlif mərhələləri əhatə edib, aparılan qazıntılar sayəsində sahənin cənub hissəsində təxminən 15 metr diametrli xam torpaqda konsentrik divarları olan qeyri-adi dairəvi quruluş üzə çıxıb. Qazıntılar zamanı ayin süfrəsi və yaxşı qorunub saxlanmış keramika qablar, o cümlədən manqal üçün gövdələr olan dairəvi gil konstruksiya aşkar edilib.

Məlumat verilir ki, “Tava təpə” abidəsində aşkarlanan, Qafqazda ilk ritual xarakterli ibadətgah yeri 3500 il əvvəl buradan keçən insanlar, icmalar tərəfindən yeməkxana kimi istifadə olunub.

Nəşr edilib : 26.07.2024 07:41