AZ EN RU

İtaliya qəzeti: Fransanın Azərbaycanla bağlı gedişi “avtoqol”dur

İtaliyanın aparıcı kütləvi informasiya vasitələrindən olan “Formiche” qəzeti Fransanın Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyi barədə məqalə dərc edib.

Yazıda Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qərarlarla ölkəmizə təzyiq göstərməyə çalışdığı, lakin bunun təsirinin olmadığı və Azərbaycanın həmin qüvvələrlə mübarizə apardığı bildirilir. Qeyd olunur ki, Beynəlxalq Ədalət Məhkəməsi 2023-cü il 17 noyabr tarixli qərarı ilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edib. Fransa Beynəlxalq Ədalət Məhkəməsinin təsdiq etdiyi hökmə məhəl qoymur və bu isə əslində, gərginliyin sona çatmasına tərəfdar olmayan təhlükəli addım – “avtoqol”dur.

Məqalədə vurğulanır ki, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının bu qətnaməsi ilə əlaqədar Bəyanat qəbul edib. Komitə öz Bəyanatında “Total Energies” də daxil olmaqla, bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılmasına çağırıb. Azərbaycan Nazirlər Kabineti Milli Məclisin komitəsinin müraciətinə baxarsa, bu, Fransanın Cənubi Qafqazdakı iqtisadi maraqlarına ciddi zərbə vuracaq.

Bundan başqa, yazıda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsünün ölkəmizdə hazırda gedən seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhd, Azərbaycanda demokratik təsisatların fəaliyyətinə xələl gətirən məkrli addımların bariz nümunəsi olduğu qeyd edilir. AŞPA-nın bu addımının Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacağı, bunun ciddi və geridönməz nəticələrinə görə məsuliyyətin tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcəyi bildirilir. AŞPA-da mövcud dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldiyi qeyd olunur.

Məqalədə, həmçinin Qərbi Azərbaycan İcmasının Avropa İttifaqının 2024-cü ildə BMT-də prioritetləri ilə bağlı qəbul etdiyi sənəddə “Qarabağ ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi” ifadəsinin yer almasına münasibət bildirdiyi vurğulanır. İcmanın açıqlamasında Qarabağ ermənilərinin qayıdışı məsələsinin qabardılmasını, Qərbi azərbaycanlıların isə öz dədə-baba yurdlarına qayıdış hüququna toxunulmamasını bir daha Avropa İttifaqının ikili standartların əsiri olmasının, məsələlərə etnik və dini simpatiya prizmasından yanaşmasının daha bir nümunəsi olduğunu qeyd etdiyi bildirilir.

Nəşr edilib : 28.01.2024 11:22