AZ EN RU

İtaliya qəzeti Azərbaycanda seçkiyə hazırlıq prosesindən yazıb

İtaliyanın aparıcı kütləvi informasiya vasitələrindən olan “Formiche” qəzetində fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlıq prosesi barədə məqalə dərc olunub. Yazıda  Azərbaycanın Şərqlə Qərbi ideal şəkildə birləşdirən və bütün sahələrdə getdikcə daha strateji rola malik ölkəyə çevrildiyi bildirilir. Qeyd olunur, ölkəmizin Avropa ilə təkcə ənənəvi enerji resursları sahəsində deyil, həm də bizneslər arasında tərəfdaşlığı və bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığı genişləndirir. Azərbaycanın makro məkanda dönüş nöqtəsi etməyə və strateji çoxtərəfli tərəfdaşlıqları inkişaf etdirməyə qadir ölkə kimi özünəməxsus rolunun olduğu vurğulanır. Azərbaycanın Qarabağda əldə etdiyi Qələbənin əhəmiyyəti, ölkəmizin modernləşdirilməsi istiqamətində aparılan islahatlar, balanslaşdırılmış siyasətlər, məqsədyönlü ittifaqlar və müdafiə, enerji, kommersiya mübadiləsi kimi əsas sektorlarda əməkdaşlıqlar qurduğu diqqətə çatdırılır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa etdiyi vurğulanır, Beynəlxalq Ədalət Məhkəməsi 2023-cü il 17 noyabr tarixli qərarı ilə bunun təsdiqləndiyi qeyd olunur.
Məqalədə bildirilir ki, seçkilərdə 7 namizəd qeydə alınıb, indiyədək 65 minə yaxın müşahidəçi qeydiyyatdan keçib, 70 ölkədən, 49 təşkilatdan 512 nəfəri beynəlxalq müşahidəçi ölkəyə gəlib.
Yazıda Azərbaycan-İtaliya münasibətlərinin çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, qarşılıqlı maraqlara və dostluğa əsaslandığı bildirilir. Diqqətə çatdırılır ki, İtaliya Azərbaycanın, Azərbaycan isə Cənubi Qafqaz regionunda İtaliyanın əsas ticarət tərəfdaşıdır. TAP təbii qaz boru kəmərinin qitənin enerji təchizatındakı rolu, iki ölkə arasında logistika, infrastruktur və mədəniyyət sahələrində əlaqələrin, İtaliya-Azərbaycan Universiteti, “Ansaldo Energia” və “Azərenerji” şirkətlərinin əməkdaşlığının, eləcə də “Leonardo” şirkəti ilə qurulan uzunmüddətli münasibətlərin əhəmiyyəti qeyd olunur.

Nəşr edilib : 06.02.2024 23:24