AZ EN RU

İtaliya mətbuatı Bakıda Cənub Qaz Dəhlizi ilə bağlı keçirilən iclaslardan yazıb

İtaliyanın media orqanları Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarını diqqət mərkəzində saxlayıb.
 “Energia Italia”, “Agenzia Nova”, “il Secolo XIX”, “Borsa Italiana”, “Green Economy Agency” kimi portallarda yayımlanan materiallarda İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratinin iclaslarda iştirak etdiyi və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyü bildirilir.
Eyni zamanda, Cənub Qaz Dəhlizi və TAP boru kəmərinin Avropa və İtaliya üçün əhəmiyyəti vurğulanır. Bildirilir ki, İtaliya 2020-ci ilin sonunda istismara veriləndən indiyədək TAP boru kəməri ilə 26 milyard kubmetr qaz idxal edib. 2026-cı ildən TAP-ın ötürücülük qabiliyyətinin 1,2 milyard kubmetr artacağı qeyd olunub.
Diqqətə çatdırılır ki, Bakı ilin sonunda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasına ev sahibliyi edəcək. İtaliyalı nazir Azərbaycanı aprelin 28-dən 30-dək ölkəsində keçiriləcək G7 ölkələrinin enerji, iqlim və ətraf mühit nazirlərinin toplantısında iştiraka dəvət edib.

Nəşr edilib : 02.03.2024 15:21