AZ EN RU

“IT Hub Azerbaijan” layihəsi tələbələrə təqdim olunub

    Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə icra hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva çıxış edib.
    Qeyd edilib ki, gənclərin mükəmməl təhsil alması, sağlam inkişafı, elmi-texniki yeniliklərə yiyələnməsi, idmanla məşğul olması, dövlət qulluğu işlərində onların potensialından səmərəli istifadə edilməsi və digər istiqamətlərdə aparılan işlər dövlət gənclər siyasətinin əsasını təşkil edir. Ölkəmizdə informasiya cəmiyyətinə keçid üçün müvafiq mühit yaradılıb və informasiya texnologiyalarının aparıcı sahə kimi inkişafı istiqamətində mühüm addımlar atılıb. Azərbaycanda informasiya cəmiyyətinin qurulması istiqamətində görülən işlərin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Dövlət başçısının uğurla davam etdirdiyi siyasət nəticəsində bu gün müasir informasiya texnologiyalarının cəmiyyətə inteqrasiyasının səviyyəsi iqtisadi və mədəni inkişafın mühüm amilinə çevrilib.
    Vurğulanıb ki, “IT Hub Azerbaijan” layihəsi gənclərin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacaq, onlar üçün yeni iş yerləri və karyera imkanlarının yaradılmasına geniş imkanlar açacaq. 
    İcra Hakimiyyətinin əməkdaşı Həsən Vəliyev layihə haqqında tələbələrə ətraflı məlumat verib. Bildirib ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və “StrategEast” müəssisəsinin birgə əməkdaşlığı ilə “IT Hub Azerbaijan” layihəsinə start verilib. Layihə çərçivəsində ilkin mərhələdə Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikası olmaqla Azərbaycanın regionlarında 19-30 yaş kateqoriyasına aid gənclərin ödənişsiz şəkildə İT təlimlərində iştirak etməsi və proqramı uğurla bitirən gənclərin sırasından seçilmiş namizədlərin ölkəmizdə qalmaqla xarici şirkətlərdə işlə təmin edilməsi nəzərdə tutulur. Təlimlər beynəlxalq ekspertlər tərəfindən kompüter elmləri, proqramlaşdırma, biznes təhlili və digər mövzularda 11 ay müddətində onlayn şəkildə aparılacaq. İştirak etmək istəyənlər Naxçıvan Şəhər İcra Hakimiyyətinin internet hesablarında yerləşdirilən link vasitəsilə 21 mart 2023-cü il tarixədək qeydiyyatdan keçə bilərlər. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 16.03.2023 22:03