AZ EN RU

İsveçli fotoqraf və rejissor Naxçıvanla bağlı film çəkəcək

Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyində səfir Zaur Əhmədov ilə məşhur isveçli fotoqraf və rejissor Mikael Silkeberq arasında görüş keçirilib.  

Görüş zamanı Azərbaycan xalqının Ümummilli Liderinin əziz xatirəsinə həsr olunmuş "Heydər Əliyev İli" çərçivəsində əsası qoyulmuş və Ulu Öndərin doğulduğu Naxçıvana həsr olunmuş mədəni layihə barədə müzakirələr aparılıb.  

Bu xüsusda qarşıdakı dövrdə Azərbaycanın dilbər guşəsi qədim Naxçıvanın tarixi-mədəni abidələri və əsrarəngiz təbiətini tərənnüm edən filmin çəkilərək beynəlxalq səviyyədə yayılması razılaşdırılıb. Bədii-sənədli hibrid film çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq edilməsi və Naxçıvandan olan aktyorların layihəyə cəlb edilməsi nəzərdə tutulur. 

Xatırladaq ki, bu ilin noyabr ayında M.Silkeberqin Naxçıvana səfəri zamanı muxtar respublika nümayəndələri ilə bu mövzuda ilkin müzakirələr aparılıb.  

Görüş zamanı habelə M.Silkeberqin Naxçıvana səfəri zamanı çəkdiyi fotoşəkillərin Səfirliyin yeni binasında daimi sərgi qismində nümayiş etdiriləcək və ölkəmizin qədim tarixi və geniş turizm imkanlarını təşviq edəcək eksponatların sırasına daxil edilməsi razılaşdırılıb.

Nəşr edilib : 22.12.2023 17:26