AZ EN RU

İstiqlal şairi Əhməd Cavadın 130 illiyi ilə bağlı tədbirlər keçirilib

    AMEA Naxçıvan  Bölməsi, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi və muxtar respublikanın ali təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə “Əhməd Cavad - 130” mövzusunda elmi konfrans keçirilib.
    Konfransı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev milli istiqlal şairi Əhməd Cavadın həyatı və çoxcəhətli fəaliyyəti haqqında məlumat verib, onu böyük şair, maarifçi və ictimai xadim kimi xarakterizə edib. Vurğulanıb ki, Əhməd Cavad Vətəninə, elinə, bütövlükdə, Türk dünyasına bağlı əsl mücahid olmuş, türkçülüyə sevgisinə görə dövrün sovet ideoloqları tərəfindən böyük təhlükə kimi qələmə verilmişdir. Bu səbəbdən də Vətənə sevdalı şair amansız 1937-ci il repressiyasının qurbanı olmuşdur.
    Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2022-ci il tarixli “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladığını diqqətə çatdıran akademik bildirib ki, konfrans Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 23 aprel 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Tədbirlər Planı”na uyğun olaraq keçirilir. Plana uyğun olaraq bölmənin “Elmi əsərlər” jurnalının xüsusi nömrəsinin Əhməd Cavadın həyat və yaradıcılığına həsr olunması nəzərdə tutulub.
    Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar konfransda “Əhməd Cavadın lirikası” mövzusunda məruzə edib. Əhməd Cavad poeziyasının ətraflı təhlilə cəlb olunduğu məruzədə vurğulanıb ki, şairin sovet əsarətinə qarşı haqlı mübarizəsi onun şeirlərində tam dolğun şəkildə əksini tapmış, dərin vətənpərvərlik duyğuları yüksək ustalıqla ifadə olunmuşdur. Əhməd Cavad təkcə şeir yazmaqla kifayətlənməmiş, tərcüməçilik fəaliyyəti ilə məşğul olmuş, bir sıra məsul vəzifələri uğurla yerinə yetirmişdir. 
    AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, dosent Ramiz Qasımov “Milli istiqlal şairi: Əhməd Cavad” məruzəsində Əhməd Cavadın milli istiqlal mücadiləsində mühüm rolundan, Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyətindən bəhs edib.     
    Naxçıvan Dövlət Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Eyvazov “İncə ruhlu şair” mövzulu məruzəsində müasirlərinin yaradıcılığının Əhməd Cavad poetikasında izləri, eləcə də şairin özündən sonrakı söz ustalarının yaradıcılığına təsiri məsələlərini əhatəli təhlil edib.
    Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həsənalı Eyvazlı “İstiqlal şairinin poetik duyğuları” adlı məruzəsində Əhməd Cavad şeirlərinin məzmun xüsusiyyətlərindən, bədii təsvir vasitələrindən  söz açıb.
    “Əhməd Cavad və folklor” mövzusunda məruzə edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, dosent Aytən Cəfərova ruhu xalq sevgisi ilə yoğrulan söz ustasının ən qəliz fikirlərin ifadəsində folklor nümunələrindən ustalıqla istifadə qabiliyyətinə diqqət çəkib.
    “Naxçıvan” Universitetinin şöbə müdiri Anar Abuzərli “Cümhuriyyət qoxulu şair – Əhməd Cavad” adlı məruzəsində Əhməd Cavadın şeirlərinin ehtiva etdiyi vətən sevgisi, azadlıq mücadiləsində qəhrəmancasına həlak olmuş şəhidlərə rəğbət, bayrağa sevgi kimi məsələlərə toxunub.

AMEA Naxçıvan Bölməsinin 
mətbuat xidməti

*             *        *

    Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyindən muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdlərinə “Vətənpərvər şair – Əhməd Cavad” mövzusunda interaktiv dərs keçilib. Muzeyin bələdçisi tərəfindən aparılan dərsi muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri izləyib. 

    Dərs zamanı şagirdlərə şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Dövlət Himninin sözlərinin müəllifi, yaradıcılığında milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağırış motivləri aparıcı yer tutan lirik şair Əhməd Cavadın həyat və yaradıcılığı haqqında məlumat verilib.
    Sonra şagirdlər muzeyin ekspozisiyasında şairə həsr olunmuş daimi guşə ilə tanış edilib. 

Naxçıvan Muxtar Respublikası
 Mədəniyyət Nazirliyinin mətbuat Xidməti

 

​​​​​​​

Nəşr edilib : 05.05.2022 21:57