AZ EN RU

İstiqlal poeziyamızın bayraqdarı: “Öpüm kölgən düşən mübarək yeri...”

    O, ədəbi ictimai fikrimizdə romantizm ədəbi məktəbinin istedadlı nümayəndəsi, nasir, publisist və milli istiqlal şairidir. Onun yaradıcılığı Vətən, millət nidaları ilə yoğrulub. Vətəninin sevincinə sevinən, kədəri, qəmi ilə ürəyi dağlanan, çiyinlərində Vətən yükünü daşımaqdan heç yorulmayan, azadlıq və istiqlaliyyət uğrunda apardığı mübarizədə canını fəda edəndir o. Bilirdi ki, bir millətin milli varlığının göstəricisi onun müstəqil dövlətidir. O, istiqlal, azadlıq mücahidimiz, Dövlət himnimizin sözlərinin müəllifi, yaradıcılığı ilə bütün türk xalqlarının könlündə böyük yer edən Əhməd Cavaddır.

    Adının mənası kimi bütün xalqımız üçün tərifəlayiq, şanlı, uğurlu bir yolun başlanğıcını qoydu. Bu yolda aldığı təhsilin mühüm rolu olub. İlk təhsilini mollaxanada alıb, ailəsi ilə birgə Gəncəyə köçdükdən sonra ruhani seminariyasında təhsilini davam etdirib. Seminariyanın müəllimləri – Hüseyn Cavid, Abdulla Sur, Şeyxülislam Pişnamazzadə kimi dövrünün tanınmış simaları ona yalnız dərs vermir, həm də milli vətənpərvərlik ruhunu aşılayırdılar. Görkəmli ədəbiyyatşünas, naxçıvanlı şair, yazıçı, dramaturq Hüseyn Cavidin şeirləri Əhmədi də yazmağa ruhlandırır və o, ilk şeirlərini elə seminariyada oxuyarkən qələmə alır. Türk xalqlarının düşdüyü vəziyyət və gələcəyi barədə seminariyada gedən söhbətlər Əhməd Cavadı da düşündürür, onu bütün varlığı ilə milli istiqlal yolunda mücadiləyə səsləyir. Bu, seminariyada ərəb, fars, rus dillərini mükəmməl öyrənən şairin yüksək istedada malik, Vətənini, xalqını bütün qəlbi ilə sevən bir türk oğlu olmağından irəli gəlirdi. Odur ki, XX əsrin əvvəllərində türklərin düşdüyü ağır vəziyyət onu ciddi narahat edir və tanınmış şair və pedaqoq Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan “Qafqaz könüllü hissəsi” sıralarına qatılır. 1914-cü ildə başlanan Birinci Dünya müharibəsinin gedişində Türkiyənin Şərq cəbhəsindəki döyüşləri uğursuzluqla nəticələnir, Qars və Ərzurum əhalisi rus və erməni dəstələri tərəfindən qırğına məruz qalır. Tərkibində Əhməd Cavadın da olduğu Azərbaycan Xeyriyyə Cəmiyyəti Türkiyənin şərq vilayətlərindəki əhaliyə yardım edir. O, qardaş xalqın qarşılaşdığı ürək parçalayan mənzərələri “Nə gördümsə” şeirində dilə gətirir:

            Ərməğanım yaslı nəğmə,
            Bir quş oldum, çıxdım yola.
            Getdim, gördüm dost elində
            Nə bir səs var, nə bir layla…

    1917-ci ildə Bakıda yazarları Hüseyn Cavid, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə, Əhməd Cavad, Salman Mümtaz, Məmməd Səid Ordubadi, Əbdürrəhim bəy Haqverdiyev və digərləri olan “Qardaş köməyi” jurnalı nəşr olunur ki, burada türk xalqlarının düşdüyü çarəsiz vəziyyət, yurdundan-yuvasından didərgin düşmüş, məşəqqətli qaçqın həyatı sürən, min bir iztiraba düçar olmuş insanlara vicdanlı ziyalıların mənəvi və maddi yardımı öz əksini tapır. Qarsda, Ərzurumda kimsəsizlərə qucaq açan, onların dərdi ilə qovrulan Əhməd Cavad jurnalda dərc olunan “Yazıq” şeirində yazırdı: 

            Dəniz dərdə düşər, dalğalar ağlar,
            Dağlara dərd gəlsə, dumana yazıq.
            Sənsiz öz elində qərib kəsilib,
            Durnalardan xəbər umana yazıq.

    Əhməd Cavadın türk xalqına məhəbbət hissini tərənnüm edən şeirlərindən biri də 1914-cü ilin noyabrında qələmə aldığı “Çırpınırdı Qara dəniz” şeiridir. Üzeyir Hacıbəyovun 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra musiqi bəstələdiyi bu şeirin Türkiyədə sevilmə səbəblərindən biri də şairin türkçülüyü, Türk dünyasına rəğbəti, sevgisi ilə bağlıdır. “Çırpınırdı Qara dəniz” şeirinin sözlərinə yazılmış mahnı bu gün də bütün Türk dünyasının azadlıq və mübarizə himni kimi sevilərək səslənir. Bu, şairin ikinci şeir kitabı olan “Dalğa”da da dərc olunub:

            Çırpınırdı Qara dəniz
            Baxıb türkün bayrağına!
            “Ah!..” deyərdim, heç ölməzdim
            Düşə bilsəm ayağına!

    1918-ci ildə Azərbaycan və türk birlikləri Bakını erməni-rus işğalından azad edir. Əhməd Cavad azərbaycanlı və türk əsgər yoldaşları ilə səngərlərdə düşmənlə vuruşur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını sevinclə qarşılayan Əhməd Cavad müstəqil dövlətimizin himnini – “Azərbaycan marşı”nı yazır. Ürəyimizin sevincinə, soydaşlarımızın həmrəyliyinə, qüruruna çevrilən himnimiz Vətənə, xalqa dərin sevginin nümunəsi kimi qürurla səslənir:

            Azərbaycan, Azərbaycan!
            Ey qəhrəman övladın şanlı Vətəni!
            Səndən ötrü can verməyə 
                                        cümlə hazırız,
            Səndən ötrü qan tökməyə 
                                        cümlə qadiriz.
            Üç rəngli bayrağınla məsud yaşa!

    Dilimizin əzbəri, ruhumuzun qidası olan himnimiz barədə ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Azərbaycanın gözəl himni var. Sevindirici haldır ki, bu himn hələ 1918-ci ildə yazılıb. Bunun müəllifi bizim böyük bəstəkarımız Üzeyir Hacıbəyovdur. Himnimizin sözlərini böyük şairimiz Əhməd Cavad yazıb. Onun musiqisi də çox gözəldir, sözləri də çox mənalıdır, gözəldir. Mən xarici ölkələrə səfər edərkən hər yerdə iki himn çalınır - Azərbaycanın himni, bir də getdiyimiz ölkənin himni. Hər ölkənin himni özünə əzizdir. Öz xalqının musiqisini, mənəvi xüsusiyyətlərini əks etdirir. Bu, təbiidir. Ancaq mən hər yerdə müqayisə edib görürəm ki, bizim himn müəllifləri bu himni nə qədər böyük məharətlə yaradıblar. Hər dəfə xarici ölkələrdə bu himni dinləyərkən mən yenidən iftixar hissi duyuram”.
    1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu milli himnimizi qəbul etməyə imkan verməsə də, bu şansı tarix bizə ikinci dəfə – XX əsrin sonlarında təkrar verdi. Həmin marş “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edildi. 
    Əhməd Cavadın 28 May – İstiqlal Günü (Müstəqillik Günü) münasibətilə hürriyyət pərisinə müraciət etdiyi “Nədən yarandın?” şeiri son dərəcə lirikdir:

            Sən qüdrətin aşıb-daşan vaxtında
            Mələklərin gülüşündən yarandın.
            Səhər dilli bir fırçanın əlilə
            Ahuların duruşundan yarandın..

    Əhməd Cavad yaradıcılığında üçrəngli bayrağımıza sevgi, məhəbbət  hissləri çox böyükdür. Şairin Azərbaycan bayrağına ithaf etdiyi şeirdə onun üçrəngli, ay-ulduzlu bayrağımıza böyük sevgisinin bədii ifadəsidir:

            Köksümdə tufanlar gəldim irəli,
            Öpüm kölgən düşən mübarək yeri!
            Allahın yıldızı, o gözəl pəri,
            Sığınmış qoynunda Aya, bayrağım!

    Azərbaycan ziyalılarının, xalqımızın görkəmli şəxsiyyətlərinin güllələndiyi zaman üçrəngli bayrağa həsrət qaldığını şair kədərlə qələmə almışdır:

            Çoxdandır ayrı düşdüm
            Üç boyalı bayraqdan.
            Ay dostlar, mən yoruldum
            Bu gizli ağlamaqdan…

    O təkcə gizli ağlamadı, həbs olundu, işgəncəyə məruz qaldı, sürgün olundu, zülmü, istismarı təbliğ edən sovet istilasının qurbanı oldu. 
    Şeirləri ilə türk xalqlarının, doğma Azərbaycanın apardığı istiqlal mübarizəsinə xidmət göstərən şairin qələmi minlərlə süngüyə bərabər oldu. Əhməd Cavadın “İstiqlal uğrunda şeirlər” kitabı 1928-ci ildə İstanbulda işıq üzü gördükdən sonra mətbuatda onun əleyhinə hücumlar başlayır. Yazıçılar İttifaqının plenumlarında şairi kəskin tənqid edir, 1937-ci ildə onu üzvlükdən çıxarırlar. Sonra həbs edilir, ona “xalq düşməni” damğası vurur, evini müsadirə edirlər. Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad 1937-ci il oktyabrın 13-də güllələnir. Şairin həyat yoldaşı Şükriyyə xanım “Vətən xaininin arvadı” kimi uşaqları ilə birgə həbs olunur. Yeddi ildən sonra sürgündən azad edilsə də, ona Bakıda yaşamaq qadağan olunur. Yalnız 1955-ci ildə ailə bəraət alır. Emin Sabitoğlunun bəstələdiyi “Şükriyyə” mahnısı Əhməd Cavadın həyat yoldaşına həsr etdiyi, qəlbindəki hisslərin ən ülvi tərənnümüdür.
    Hüseyn Cavid və Əhməd Cavad kimi milli şairlərimizin yaradıcılığına, sözün həqiqi mənasında, bəraət verilməsi yalnız ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Ulu öndərimizin qəbul etdiyi 1996-cı il 15 mart tarixli “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yüz minlərlə günahsız insana, siyasi repressiyaların qurbanlarına bəraət verilməsi, onların siyasi, sosial və vətəndaşlıq hüquqlarının bərpa edilməsi, mənəvi itkilərinin əvəzinin ödənilməsi, həmçinin özbaşınalığın başqa nəticələrinin aradan qaldırılması üçün hüquqi əsasları müəyyən etmişdir. 
    Əsərlərində istifadə etdiyi vəzn, üslub və dil xüsusiyyətlərinə görə Azərbaycan ədəbiyyatında “Cavad ədəbi məktəbi”ni yaradan “Açın qəlbin qubarını, baxın nədir baş yazısı: Əvvəl Allah göndərəndir, sonra türkün bayatısı!”, – deyən Əhməd Cavad Azərbaycanın böyük vətənpərvər şairi kimi xalqımızın qəlbində yaşayır və yaşayacaqdır. O, Azərbaycan tarixində heç zaman ölməyəcəyini də bilərək deyirdi:

            Bən bir aşiqim ki, bu çaldığım saz
            Dumanlı dağlara səs salacaqdır.
            Ağlatdığım teldə inləyən avaz
            Elin xatirində çox qalacaqdır...

    Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünün dövlət səviyyəsində qeyd olunması haqqında Prezident cənab İlham Əliyevin 2022-ci il 20 aprel tarixli Sərəncamı, eləcə də yubileyinin Naxçıvan Muxtar Respublikasında təntənəli keçirilməsini təmin etmək məqsədilə Ali Məclisin Sədri tərəfindən təsdiq edilən “Tədbirlər Planı” böyük istiqlal şairinin yaradıcılığına verilən yüksək qiymətin bariz nümunəsi, həmçinin onun həyat və fəaliyyətinin yenidən araşdırılıb öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 26.05.2022 21:21