AZ EN RU

İstiqamət bəllidir – Türk Əsrinə yolçuluq artıq başlayıb

    Bəli, İlham Əliyev növbəti dəfə yüksək səs faizi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi və Qalib xalqın Lideri kimi and içdi. Dövlət başçısı andiçmə mərasimindəki çıxışında Azərbaycanın yaxın gələcək üçün bir çox prioritet istiqamətlərinə toxundu, siyasi fəaliyyətində qarşıya qoyduğu bir sıra hədəflərin anonsunu verdi. Burada ən vacib məqamlardan biri Azərbaycanın müasir qütbləşmiş dünyada yerinin və fəaliyyət istiqamətlərinin bir daha yüksək kürsüdən səsləndirilməsi idi ki, cənab İlham Əliyev də məhz bunu etdi. Həm də açıq mətnlə, necə deyərlər, bütün dünyanın anlayacağı dillə. Sitat: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər…”
    Vurğulamaq lazımdır ki, türk dövlətlərinin təşkilatlanması işində Azərbaycan və Türkiyənin çox böyük rolu olub. 1992-ci ildən başlayaraq Türkdilli ölkələrin dövlət başçılarının müxtəlif zirvə görüşləri keçirilib, 2009-cu ildə Naxçıvanda keçirilən IX zirvə görüşündə imzalanan Naxçıvan Bəyannaməsi isə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması yolunda mühüm addım kimi tarixə yazılıb. Ötən dövrdə Prezident cənab İlham Əliyevin Mərkəzi Asiya, həmçinin türkdilli ölkələrə mütəmadi səfərləri, eyni zamanda həmin dövlətlərin başçılarının və hökumət nümayəndələrinin Azərbaycana səfərləri Türk dünyası ilə əlaqələrimizin daha da möhkəmləndirilməsindən xəbər verir. 
    Azərbaycan liderinin türkdilli dövlətlər arasında təmasların inkişafında göstərdiyi səylər hər zaman təqdir edilib. Prezident İlham Əliyev tərəfindən irəli sürülən təklif və təşəbbüslərin həyata keçirilməsi türkdilli ölkə­lər arasındakı əlaqələrin inkişafına əsaslı töhfə verib. Bu sıraya TÜRKPA və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qərargahlarının Bakıda yerləşməsi, müxtəlif zirvə görüşlərinin keçirilməsi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş digər məsələlər aiddir. Cənab İlham Əliyevin türkdilli ölkələr arasında inteqrasiya prosesinin geniş vüsət almasında Azərbaycanın körpü rolunu oynaması, habelə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilərək yeni statusda fəaliyyət göstərməsində xidmətləri böyükdür. Təsadüfi deyil ki, Vətən müharibəsində qazandığımız Qələbə Türk dövlətləri tərəfindən böyük sevinclə qarşılanmış, Türkdilli Ölkələrin Dövlət Başçıları Şurası 2021-ci il noyabrın 12-də Azərbaycan Prezidentini “Türk Dünyasının Ali Ordeni” ilə təltif etmişdir. 
    Prezident inaqurasiya mərasimindəki çıxışında türk dövlətləri haqqında bir maraqlı məqama da toxundu. Dövlət başçısı bildirdi: “Bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır”. 
    Həqiqətən, bu gün Qərbdən Şərqə doğru uzanan türk dövlətləri böyük ərazi və böyük iqtisadi gücdür. Məsələn, Türkiyə 80 milyonluq insan kapitalı ilə son illərdə qazandığı iqtisadi, hərbi və siyasi gücü sayəsində dünyada böyük nüfuz sahibidir. Bu gücün nəticəsidir ki, Türkiyə dünyada və regionda gedən proseslərə aktiv müdaxilə etmək imkanlarına sahibdir. Qazaxıstan isə iqtisadi cəhətdən Mərkəzi Asiya regionunun dominant ölkəsi hesab olunur. Əlvan metallurgiya, kömürçıxarma, kimya, maşınqayırma, yüngül və yeyinti sənayesi olan Qazaxıstan dünyanın altıncı taxıl istehsalçısıdır. 6,5 milyard ton həcmində sübut edilmiş neft ehtiyatlarına görə dünya neft ehtiyatlarının 3,2 faizinə sahibdir. Həmçinin neftin proqnozlaşdırılan ehtiyatlarına görə yalnız Xəzər dənizinin Qazaxıstan sektoruna aid olan ərazilərində 17 milyard tondan çox olduğu təxmin edilir. Eyni zamanda Qazaxıstanın aşkar edilmiş təbii qaz ehtiyatları 1,82 trilyon kubmetr olmaqla dünya ehtiyatlarının 1,7 faizini təşkil edir. Və yaxud Özbəkistanı götürsək, bu ölkə qızıl ehtiyatına görə dünyada 5-ci yeri tutur və 30-dan çox qızıl yatağında, təqribən, 4000 ton qızıl ehtiyatı var. Özbəkistanda uran ehtiyatı da çoxdur. Radioaktiv metalların ehtiyatına görə dünyada 7-ci sırada dayanan Özbəkistan həm də dünyanın 5-ci pambıq istehsalçısıdır. 
    Türkmənistan da zəngin təbii qaz və neft ehtiyatlarına görə dünyada ön sıralardadır. Hesablamalara görə, Türkmənistan təbii qaz ehtiyatına görə dünyada 4-cü yerdə durur. Nisbətən zəif inkişaf etmiş Qırğızıstan da mühüm aqrar-sənaye bölgəsinə aiddir. 1,4 milyon hektardan çox əkin sahələrinə malik bu ölkə dünyanın üçüncü böyük yun istehsalçısıdır. Bu cür misalların sayını daha da artıra bilərik.  
    Bu gün müşahidəçi ölkələr də daxil (Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası) 200 milyonluq nüfuza malik Türk Dövlətləri Təşkilatına yalnız üzv dövlətlərin ümumi sahəsi 4 milyon 242 min 362 kvadratkilometrdir. Kifayət qədər böyük bir coğrafiyanı əhatə edən təşkilatın siyasi, iqtisadi, mədəni sahələrdə, təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə fəaliyyət göstərməsi artıq günün reallığıdır. Cənab İlham Əliyev də çıxışında bunu xüsusi olaraq vurğuladı: “Bundan güclü birlik ola bilərmi? Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.
    Beləliklə, istiqamət bəllidir. Türk Əsrinə yolçuluq artıq başlayıb… 

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 16.02.2024 14:50