AZ EN RU

İsti havanın təsirlərindən necə qorunaq?

Artıq bir neçə müddətdir ki, muxtar respublikada yüksək temperaturlu hava şəraiti hökm sürür. Belə havalar meteohəssas insanların sağlamlığı üçün  təhlükəlidir. Çünki insan orqanizmi üçün ideal temperatur 20-24 dərəcədir. Havada temperatur artdıqca insan bədənində bu vəziyyətə uyğunlaşmaq üçün müəyyən fizioloji dəyişikliklər baş verir. Bu zaman tərləmə artır, ürək döyüntüsü sürətlənir və tənəffüz zamanı müxtəlif problemlər yaranır. Biz də mövzu ilə bağlı daha ətraflı həkim – infeksionist Hüseyn Məmmədlidən öyrənirik. Həkimin sözlərinə görə  havaların isti keçməsi meteohəssas insanlara təsir edərək “isti vurma” dediyimiz hal baş verir.

Belə hallar, adətən, isti vaxtlarda nəmli yerlərdə baş verir. Həmçinin üzərimizə geyindiyimiz  sintetik və qalın geyimlər də bədəndə temperaturun artmasına səbəb olur.

Temperaturun yüksək olması susuzluq, başağrısı, başgicəllənmə, üz nahiyəsində qızarıqlıq yaradır və bədən temperaturunun bəzən 40 dərəcəyə kimi artmasına səbəb olur.  Buna görə də  isti vuran adamı anidən soyuq suya salmaq olmaz, çünki bu zaman periferik vazospazm halı baş verə bilər. Bəs bu hallar baş verərsə  nə etməliyik?

Hüseyn həkim bildirdi ki, xəstə az-az sərin maye qəbul etməli və bədəni sərin bezlə silməli, temperaturu aşağı düşməyəcəyi təqdirdə dərhal ən yaxın tibb məntəqəsinə yaxınlaşmalıdır. Belə xəstələrə temperaturu yüksək yerlərdə uzun müddət qalmaq olmaz. Eyni zamanda, həmin adam pambıq və ya kətandan hazırlanmış geyimlərdən istifadə etməlidir. Bir çox insan tərəfindən isti havalarda isti çay içmək adət halın alsa da   maksimum bundan qaçmaq lazımdır. Çünki çayın tərkibində olan terbinafin bədəndə mayeni qovur və isti tərləməyə səbəb olur ki, bu da əlavə maye itkisi yaradır.

Həkim deyir ki, isti hava şəraitində qidalanmaya xüsusilə diqqət yetirmək lazımdır. Ona görə də bir sıra  xüsusi məhsullar var ki, onların yayda yeyilməsi orqanizmə müsbət və ya əks təsir göstərir. Belə ki, isti havalarda ilk növbədə, çoxlu su qəbul edilməlidir. Lakin qazlı və tərkibində şirə olan içkilərdən uzaq durulmalıdır. Xüsusən ağır və yağlı yeməkləri çox qəbul etmək olmaz. Həmçinin bişirilən qidanı çox saxlamamalı, konservləşmiş və mayonez tərkibli məhsullardan maksimum istifadə olunmamalıdır. Yemək hazırlayarkən ədviyyatlardan az istifadə edilməlidir. Çünki, elə ədviyyatlar var ki, insan bədənində temperaturu artırır. Əsas olaraq ağartı məhsulları və meyvə-tərəvəzlə qidalanmaq isti havalar üçün idealdır.

Eyni zamanda günorta saatlarında xüsusilə 1-5 arası uzun yol getmək olmaz. Bütün vacib işləri səhər 12-yə kimi, ya da axşam 6-dan sonra həll etmək məqsədəuyğundur. Ürək xəstəliyi olan insanlara isə belə havalarda, ümumiyyətlə, çölə çıxmaq olmaz deyə həkim qeyd etdi.

Əgər siz də yay aylarında isti havanın yaratdığı fəsadlardan qorunmaq istəyirsinizsə, ən əsası da sağlamlığınızın qayğısına qalırsınızsa, o zaman yuxarıda həkimin  qeyd etdiyi vacib məqamlara əməl etməkdə fayda var.

Bülbül QULİYEVA

Nəşr edilib : 16.06.2024 14:17