AZ EN RU

İstehsalçı və investorların Naxçıvan və Şərqi Zəngəzura səfəri təşkil olunacaq

"Azərbaycan Françayzinq Assosiasiyası" (AFA) İctimai Birliyi yanvarın 25-29-da 30 xarici və yerli istehsalçının, eləcə də investorun Naxçıvan Muxtar Respublikasına və Şərqi Zəngəzur iqtisadi rayonuna səfərini təşkil edəcək.

Assosiasiyaya istinadən xəbər verir ki, səfər çərçivəsində istehsalçı və investorlar azad iqtisadi zonalara baxış keçirəcək, istehsal müəssisələri qurmaq imkanlarını araşdıracaq və bu istiqamətdə müvafiq icra hakimiyyəti orqanları ilə müzakirələr aparacaq.

Çinin "Energy China", Türkiyənin "İhlas Holding", "Özgün İnşaat", "Suiş Proje" kimi şirkətləri ölkəmizin investisiya imkanları, "yaşıl enerji" potensialı, inşaat layihələri, mədənçilik kimi sahələrə maraq göstərir. Səfərin əsas hədəfi ölkəyə investisiyaların cəlbi və assosiasiyanın vasitəçiliyi ilə bölgələrdə yeni istehsal müəssisələrinin qurulmasına vəsilə olmaqdır.

AFA əsas məqsədi ölkəmizdə françayzinq münasibətlərinin inkişafı olan, 30 iyun 2022-ci il tarixində qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və öz nizamnaməsi əsasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. Onun əsas fəaliyyət istiqamətləri sırasına ölkədə françayzinq münasibətlərini inkişaf etdirmək, bu münasibət iştirakçılarının hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, onlar arasında şəbəkələşməni təmin etmək, françayzinq mexanizmi vasitəsilə milli brendlərin yaradılmasına, mövcud brendlərin təkmilləşdirilməsinə və təşviqinə dəstək vermək, iqtisadiyyatımızın inkişaf etdirilməsinə töhfə vermək daxildir.

Nəşr edilib : 24.01.2024 12:20