AZ EN RU

İstehsalçı üçün ən dəyərli mükafat keyfiyyətli məhsula sahib olmaqdır

“Sənaye ili” – 2022

    Tikinti obyektlərini onsuz təsəvvür etmək mümkünsüzdür. İnşaat materialları içərisində başda, hətta birinci yerdə gəlir. Bu da təsadüfi deyil. Çünki çox sayda binaların, geniş yolların, hava limanlarının, milyonlarla kubmetr sututumuna malik anbarların, hərbi obyekt və istehkamların tikintisindən tutmuş fərdi evlərin inşasınadək məhz ondan istifadə olunur. İlk dəfə kim tərəfindən icad edildiyi məlum olmasa da, bu sahədə daha çox romalıların adı çəkilir. Söhbət inşaat işlərində ən çox ehtiyac duyulan bir məhsuldan – sementdən gedir.

    Sement qeyri-üzvi mənşəli quru toz halında olan bir maddədir. Muxtar respublikanın ərazisi digər faydalı qazıntı yataqları kimi sement xammalı ilə də zəngindir. Elə bu amil nəzərə alınaraq xammal ehtiyatlarının hesablanmasından sonra – 2009-cu ildə Kəngərli rayonunun ərazisində 150 hektarlıq bir sahədə sement istehsalı üçün böyük bir müəssisənin təməli qoyulur. Müəssisənin elektrik enerjisi ilə təminatı üçün ayrıca 110-35-10 kilovoltluq yarımstansiya quraşdırılır, Naxçıvan-Sədərək magistral yolundan avtomobil yolu çəkilir. İnvestisiya qoyuluşuna görə regionun ən böyük layihələrindən biri kimi zavodun açılışı 2012-ci ilin may ayında olur və açılış mərasimində Prezident cənab İlham Əliyev də iştirak edir. Hazırda Naxçıvan Sənaye Kompleksinin tərkibində fəaliyyət göstərən bu müəssisə gündəlik 1400 tona qədər sement, 1000 tonadək isə qlinker istehsal etmək imkanına malikdir. 

     “Sement bu gün ölkələrarası ixrac-idxal əməliyyatlarında çox mühüm yer tutan inşaat materialıdır. Xammalı bütün ölkələr üzrə bərabər paylanmayıb. Ancaq istifadəsi çox vacib material olduğundan hər bir ölkə onu almaq, ya da istehsal etmək məcburiyyətindədir. Hətta bir neçə il bundan əvvəl dünya sement istehsalçılarının hesablamalarına görə, dünyada sement istehsalı adambaşına 1 ton həcmində olmuşdu! Təbii ki, bu, bütün ölkələr üçün keçərli deyil, tələbata görə dəyişir. Ancaq istənilən halda çox böyük rəqəmdir! Uzağa getməyək, təkcə 2013-2014-cü illərdə Naxçıvan Muxtar Respublikasında istehlak olunan sementin həcmi gündəlik 1300-1400 ton arasında dəyişirdi. Bu, təxminən, bir il ərzində yarım milyon tona yaxın istehsal deməkdir”, – bunu Naxçıvan Sement Zavodunun Keyfiyyətə nəzarət və məhsulun təkmilləşdirilməsi şöbəsinin müdiri Şakir Cəfərov deyir. O, müəssisə qurulandan burada çalışan mütəxəssislərdən biridir. Gənc kadrdır, 37 yaşı var. Hətta tam səmimiyyətlə deyə bilərəm ki, işinin peşəkarıdır. Rəhbərlik etdiyi şöbənin adındakı “məhsulun təkmilləşdirilməsi” ifadəsi ona, ilk olaraq belə bir sualla müraciət etməyimə əsas verdi: 
    – Sement istehsalında təkmilləşdirmə davamlı prosesdir?
    – Bəli. Suala dolğun cavab vermək üçün gəlin əvvəlcə sementin tərkibinə nəzər salaq. Sement tərkibi kalsium silikatlar, alüminoferrit və alminatlardan ibarət hidrolik yapışdırıcıdır. Bizim istehsal etdiyimiz sementin xammalı Kəngərli rayonu ərazisindəki Çalxanqala yataqlarından hasil olunur. Daşlaşmış kütlə şəklində olan bu xammal yük maşınları ilə zavoda daşınaraq burada üyüdülür. Təyinatına uyğun olaraq istehsal edilən sementdə adını sadaladığımız birləşmələrin hər biri müvafiq ölçülərdə olmaqla prosesə cəlb edilir. Sadə dildə desək, bu kimyəvi birləşmələrin hər birinin istehsalda öz ölçüsü var. Keyfiyyətli sement üçün bu ölçülərə çox həssaslıqla yanaşmaq lazımdır, əks təqdirdə istədiyiniz alınmayacaq.
    – O zaman bütün bu proseslər laboratoriyada həyata keçirilir? 
    – Bəli, laboratoriya olmadan istehsal mümkün deyil. 
    – Onda belə demək mümkünsə, “laboratoriya bu zavodun əsl ürəyidir”, çünki söhbət min tonlarla istehsal olunan məhsulun tərkibindən gedir. 
    – Elədir. Hətta bizim şöbənin nəzarət qaydalarından biri də budur ki, istehsal olunaraq satışa göndərilən məhsulların hər birinin istehsal mərhələsinə aid nümunələr laboratoriyada saxlanılır. Eyni zamanda bu məhsullardan kiçik qəliblər vasitəsilə alınmış beton kütlələri, hansı ki bu nümunələrin üzərində müvafiq məlumatlar qeyd olunur, bunların hamısı bizdə laboratoriyanın arxivində saxlanılır, müəyyən zaman keçdikdən sonra məhv edilir. Bunu ona görə edirik ki, əgər sifarişçi bizdən aldığı məhsulu işlətdikdən sonra hər hansı şikayəti olarsa, biz həmin məhsulun eyni nümunələrini ortaya qoymaqla bu şikayəti araşdırmağa hazırıq. 
    – Şakir müəllim, bu gün Naxçıvanda təyinatına görə hansı sement markaları istehsal olunur?
    – Bu məsələyə, xüsusilə toxunmaq istərdim. Çünki çox zaman sadə vətəndaşlar sementi yalnız bir tərkibdə görür və onu istənilən yerdə istifadə edə biləcəklərini düşünürlər. Ancaq, əslində, sementin istifadəsi təyinatına görə fərqlənir. Məsələn, siz adi fərdi evin tikintisi üçün nəzərdə tutulmuş sementi böyük su dəryaçalarının bəndlərində və yaxud 80-100 mərtəbəli binaların tikintisində istifadə edə bilməzsiniz.
    – Yəni məhsulun seçimində təyinata uyğun istifadəni nəzərə almaq mütləqdir.
    – Əlbəttə. Doğrudur, vətəndaşların marka seçimində hər hansı bir problemlə qarşılaşacağını düşünmürəm. Çünki strateji təyinatlı və yaxud böyükhəcmli obyektlər üçün lazım olan sement sifarişləri, adətən, bütün dünyada böyük şirkətlər tərəfindən verilir, yəni burada sadə vətəndaş yox, mütəxəssislər rol oynayır. Sadəcə olaraq onu bildirmək istərdim ki, bütün istehsal proseslərində hər bir məhsul istifadə təyinatına uyğunlaşdırılaraq istehsal olunur. Əslində, bu belə də olmalıdır. Belə bir mənzərə düşünün: satıcı sizə “keyfiyyətli” adı altında çox yüksək müqavimətə malik sement satır və siz onu evin daxili və ya xarici divarlarında suvaq kimi istifadə edirsiniz. Sonra siz həmin divara bir mismar vurmaq istəyirsiniz, ancaq vura bilmirsiniz, hətta əl dəzgahları ilə həmin örtüyü deşməyə dəmir ucluğun gücü yetərli olmur. Çünki sement seçimi burada doğru aparılmayıb. Biz də illərdir, bu sahədə müxtəlif təcrübələr apararaq ixtisaslaşmaya getdik və bu gün artıq bizim müəssisədə bazar tələbatına uyğun olaraq yüksək yapışqanlığa, rahat yayılma və dayanıqlığa malik GEM II/B-LL 32,5 R – köhnə standartlarla desək, M 400 və yüksək müqavimətə və sututma qabiliyyətinə, azaldılmış hidrotasiya istiliyinə malik GEM II/A-LL 42,5 R (M 500) markalı sement məhsulları istehsal edilir.
    – Səhv etmirəmsə, sizin məhsullar keyfiyyət nişanı da alıb.
    – Naxçıvan Sement Zavodu “CE” keyfiyyət nişanına layiq görülüb. Bu keyfiyyət nişanı məhsulun Avropa tələblərinə uyğunluğunun göstəricisidir. Bu keyfiyyətin nəticəsidir ki, artıq neçə illərdir, Naxçıvan sementi digər bazarlara da satışa çıxarılır. 
    – Naxçıvan sementinin keyfiyyətindən hər kəs ağızdolusu danışır. Bu keyfiyyətin sirri nədir? Xammalın tərkibi, düzgün istehsal, yoxsa nə?
    – Səbəbi yalnız bir məsələnin üzərinə qoysaq, düz olmaz. Səbəblər çoxdur. Çünki ən keyfiyyətli xammal bəzən naşı istehsalçının əlində zay məhsula çevrilər və yaxud əksinə, o qədər yaxşı olmayan xammal təcrübəli istehsalçının əlindən keçəndən sonra keyfiyyətli məhsul kimi özünü təqdim edə bilər. Konkret, sementə gəldikdə, burada xammalın da rolu var, bu xammalı keyfiyyətli məhsula çevirən kollektivin də.
    – Onda gəlin məsələyə belə yanaşaq: keyfiyyətli xammal ilahi təqdirdir, keyfiyyətli komanda isə... bu bir təcrübədir. 
    – Bəli, bu, həqiqətən, qazandığımız təcrübədir. 
    – Elə bu təcrübədən danışmağınızı istəyirəm...
    – Adətən, işdə qazandığımız təcrübələri bir-birimizə öyrətməyə daha həvəsliyik. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bu müəssisənin ilk işçilərindənəm. Ali təhsil alsam da, əvvəllər bu sahə ilə heç bir tanışlığım yox idi. İlk gündən başlayaraq buradakı istehsal proseslərində yaxından iştirak edir, sement haqqında daha çox öyrənməyə çalışırdım. Ancaq burada öyrənməyimin yetərli olmadığını düşündüyümdən dünyanın məşhur sement istehsalçıları, onların iş prinsipləri, laboratoriya təcrübələri ilə daha yaxından maraqlanmağa başladım. Digər bir çətinliyimiz bu sahədə doğma dilimizdə heç bir ədəbiyyatın olmaması idi. Ancaq bütün bunlara baxmayaraq, ingilisdilli elektron vasitələrdən istifadə edərək hər keçən gün bu sahədə müəyyən bilik və təcrübələr qazanmağa başladıq və bu iş indi də davam edir. Çünki yaşadığımız dünya çox sürətlə dəyişir və bu dəyişikliklər digər sahələr kimi, tikinti sahəsində də baş verir. Buna görə də daim öyrənmək, öyrənmək, yenə də öyrənmək məcburiyyətindəsən. Bəzən elə olur ki, təkcə bir qarışığın alınması üçün (sement, gips və sair) aylarla zaman sərf edirik. Ancaq ruhdan düşmürük, sonunda müsbət nəticə alınır.
    – Bildiyimə görə, muxtar respublikada artıq bir neçə ildir, istehsal olunan məsaməli betonun ilk qarışığını da siz alıbsınız? 
    – Bəli, bu da bizim uzun araşdırmalarımızın nəticəsi olaraq ortaya çıxdı və sonunda bacardıq. İndi Naxçıvan Sənaye Kompleksində istehsal edilən müxtəlifölçülü məsaməli beton bloklar tikintidə geniş istifadə olunur.  
    – Bütün bunlar bir daha təsdiq edir ki, biz, həqiqətən, istənilən sahədə bacarığı, istedadı olan xalqıq. Çünki uzun illər bizdə belə bir stereotip formalaşmışdı ki, daha doğrusu, belə təbliğ olunmuşdu ki, bizim yeni texnologiyalara əsaslanan müəssisələrimizdə, laboratoriyalarımızda yalnız xarici mütəxəssislər çalışmalıdır. İndi artıq sizin, eyni zamanda burada çalışan kollektivin timsalında bunun doğru olmadığını görürük...
    – Bir misal da çəkmək istəyirəm. Bir neçə il bundan əvvəl sement tədqiqatları ilə məşğul olan dünyaca məşhur danimarkalı professor Erling Fundalı bizə təcrübə keçmək məqsədilə zavoda dəvət etmişdik. O, burada işimizlə yaxından tanış oldu, laboratoriyada apardığımız araşdırmalarla maraqlandı. İnanın, onun özü belə təəccüb içində idi. Dedi ki, mən belə bir müəssisə ilə qarşılaşacağımı təsəvvür etmirdim: Naxçıvan Sement Zavodu dünyada qlinker mikroskopiyası analizlərini yüksək səviyyədə aparan 3 zavoddan biridir! Təsəvvür edirsinizmi? Fundalın özü dünyanın ən böyük sement zavodlarında uzun illər tədqiqatlar aparmışdı və Naxçıvandakı bu şərait, sözün həqiqi mənasında, onu heyran qoymuşdu. Buna görə də demək istəyirəm ki, laboratoriyamızın müasir avadanlıqlarla təmin olunması, yaradılmış iş şəraiti bu cür müsbət nəticələrin əldə edilməsinə imkan verir. Burada digər bir məqam da, fəaliyyət göstərdiyin sahənin incəliklərini öyrənməkdir. Bizim laboratoriyanın kollektivində elə bir ənənə formalaşıb ki, burada hər kəs öyrəndiyini yeni gələn işçilərə öyrətmək məcburiyyətindədir, daha doğrusu, bunu həvəslə etməyə məcburdur. Çünki yeniliklər paylaşıldıqca hər kəs işə daha həvəslə yanaşır. Sanki hər kəs bir-birini öyrətməyə və bir-birindən öyrənməyə, yaxşı mənada, borcludur. Düşünürəm ki, ötən 10 ildə qazandığımız ən böyük dəyərlərdən biri də elə budur.  
    – 10 il çox zaman deyil, ancaq bir istehsal müəssisəsi üçün az vaxt da deyil. Ən əsas odur ki, Naxçıvan sementi bu 10 il ərzində özünü alıcılarına sevdirə bildi. Biz sizdən bundan sonra da yeni uğurlar gözləyirik.
    – Sağ olun. Tam səmimiyyətlə deyə bilərəm ki, bir istehsalçı üçün ən dəyərli mükafat keyfiyyətli məhsula sahib olmaqdır. Şükürlər olsun ki, ötən 10 ildə buna nail olmuşuq. Bizim üçün qürurvericidir ki, son 10 ildə Naxçıvanda tikilən hər bir evdə, qurulan hər bir ocaqda bizim izimiz var. Mən, eyni zamanda qəzetiniz vasitəsilə “Sənaye ili” münasibətilə digər sənayeçi həmkarlarımızı da təbrik edirəm. Düşünürəm ki, muxtar respublikamızda sənaye sahələrinə göstərilən dövlət qayğısı belə müəssisələrin sayını daha da artıracaq, regionumuz yaxın gələcəkdə ixracatçı region kimi tanınacaq.
    – Sağ olun.

Səbuhi HƏSƏNOV
 

 

Nəşr edilib : 24.05.2022 20:01