AZ EN RU

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun tətbiqi və “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 14-1-ci maddəsinin dördüncü hissəsində və səkkizinci hissəsinin ikinci cümləsində, 14-2-ci maddəsinin birinci hissəsinin birinci abzasının birinci cümləsində və üçüncü hissəsində, 14-3-cü maddəsinin birinci və üçüncü hissələrində, 14-5-ci maddəsinin on beşinci hissəsində, 14-6-cı maddəsinin ikinci hissəsində, 14-7-ci maddəsinin birinci hissəsinin beşinci abzasında və doqquzuncu hissəsində, 14-8-ci maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 14-2-ci maddəsinin birinci hissəsinin birinci abzasının birinci cümləsində və 14-3-cü maddəsinin birinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 14-1-ci maddəsinin dördüncü hissəsində və səkkizinci hissəsinin ikinci cümləsində, 14-3-cü maddəsinin üçüncü hissəsində və 14-8-ci maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;

1.4. həmin Qanunun 14-7-ci maddəsinin doqquzuncu hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.5. həmin Qanunun 14-2-ci maddəsinin üçüncü hissəsində, 14-5-ci maddəsinin on beşinci hissəsində və 14-6-cı maddəsinin ikinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Qanunun 14-7-ci maddəsinin birinci hissəsinin beşinci abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;

1.7. həmin Qanunun 14-2-ci maddəsinin birinci hissəsinin birinci abzasının birinci cümləsində “nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator” dedikdə “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 14-3-cü maddəsinin birinci hissəsinə uyğun olaraq, nəqliyyat vasitələrinin utilizasiyası fondunun yaradılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.3. aşağıdakı normativ hüquqi aktları Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin:

1. “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 14-1-ci maddəsinin dördüncü hissəsinə və səkkizinci hissəsinin ikinci cümləsinə, 14-8-ci maddəsinin yeddinci hissəsinə uyğun olaraq, utilizasiya haqqının məbləğini, güzəşt məbləğini və birdəfəlik ödənişin həcmini;

2. həmin Qanunun 14-3-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq, nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə qaydasını;

2.1.4. həmin Qanunun 14-7-ci maddəsinin doqquzuncu hissəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizənin, nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın və utilizasiyaya verilmə barədə təsdiqedici sənədin formalarını təsdiq edib Azərbaycan Respublikası Prezidentinə məlumat versin;

2.2. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 611; 2003, № 10, maddə 546; 2007, № 2, maddə 87, № 6, maddə 601; 2012, № 7, maddə 681; 2016, № 1, maddə 51; 2019, № 1, maddə 67; 2020, № 7, maddə 869; 2021, № 7, maddə 726) aşağıdakı dəyişikliklər edilsin:

4.1. adında və preambulada “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə əvəz edilsin;

4.2. 2-ci hissə üzrə:

4.2.1. 2.1-ci bənddə “İstehsalat və məişət tullantıları” sözləri “Tullantılar” sözü ilə və “və 12-2-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində” sözləri “, 12-2-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində, 14-1-ci maddəsinin dördüncü hissəsində və səkkizinci hissəsinin ikinci cümləsində, 14-2-ci maddəsinin birinci hissəsinin birinci abzasının birinci cümləsində və üçüncü hissəsində, 14-3-cü maddəsinin birinci və üçüncü hissələrində, 14-5-ci maddəsinin on beşinci hissəsində, 14-6-cı maddəsinin ikinci hissəsində, 14-7-ci maddəsinin birinci hissəsinin beşinci abzasında və doqquzuncu hissəsində, 14-8-ci maddəsinin yeddinci hissəsində” sözləri ilə əvəz edilsin;

4.2.2. 2.1-1-ci və 2.1-2-ci bəndlər müvafiq olaraq 2.1-3-cü və 2.1-4-cü bəndlər hesab olunsun və aşağıdakı məzmunda 2.1-1-ci, 2.1-2-ci və 2.10-1-ci bəndlər əlavə edilsin:

“2.1-1. həmin Qanunun 14-2-ci maddəsinin birinci hissəsinin birinci abzasının birinci cümləsində və 14-3-cü maddəsinin birinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

2.1-2. həmin Qanunun 14-1-ci maddəsinin dördüncü hissəsində və səkkizinci hissəsinin ikinci cümləsində, 14-3-cü maddəsinin üçüncü hissəsində və 14-8-ci maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;”;

“2.10-1. həmin Qanunun 14-7-ci maddəsinin birinci hissəsinin beşinci abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;”;

4.2.3. 2.1-3-cü bəndə “cümləsində” sözündən sonra “və 14-7-ci maddəsinin doqquzuncu hissəsində” sözləri əlavə edilsin;

4.2.4. 2.12-ci bəndə “dördüncü hissəsində” sözlərindən sonra “, 14-2-ci maddəsinin üçüncü hissəsində, 14-5-ci maddəsinin on beşinci hissəsində və 14-6-cı maddəsinin ikinci hissəsində” sözləri əlavə olunsun və həmin bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;

4.2.5. aşağıdakı məzmunda 2.13-cü bənd əlavə edilsin:

“2.13. həmin Qanunun 14-2-ci maddəsinin birinci hissəsinin birinci abzasının birinci cümləsində “nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator” dedikdə “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyul 2023-cü il

Nəşr edilib : 27.07.2023 14:37