AZ EN RU

İstehsalat təcrübəsi maraqlı və yaddaqalan olub

    Ölkəmizin öncül ali təhsil müəssisələrindən biri olan Naxçıvan Dövlət Universitetində bir çox ixtisaslar üzrə nəzəriyyə və praktikanın üzvi sintezinin aparılması artıq öz bəhrələrini verməkdədir. Onu da qeyd edək ki, ali təhsil ocağının bir neçə prestijli ixtisasında təhsil alanlar universitetin sıx əlaqə saxladığı xarici ölkə ali təhsil müəssisələrində də bu imkanları qazanırlar. Bu sahədə Tibb fakültəsi uğurla fəaliyyəti ilə daha çox seçilir. Bunun ifadəsidir ki, nəzərdə tutulmuş qrafik əsasında bir qədər əvvəl universitetin Tibb fakültəsinin tələbələri qardaş Türkiyə Respublikasının bir sıra nüfuzlu ali təhsil ocaqlarında praktiki təcrübəyə yollanmışdılar və iki həftəyə yaxın bir müddət çəkmiş təcrübə uğurla başa çatıb. Təcrübədə iştirak etmiş professor-müəllim heyəti və tələbələrlə həmsöhbət olub onların bu təcrübə ilə bağlı təəssüratlarını öyrəndik. 

    Ali təhsil ocağının müəllimi, professor İsa Abdullayev söhbət zamanı qeyd etdi ki, Naxçıvan Dövlət Universitetində yüksək səviyyədə qurulan beynəlxalq əlaqələr xarici ölkə universitetləri ilə əməkdaşlıq müqavilələrinin bağlanılmasına, ikili diplom layihələrinin həyata keçirilməsinə, ortaq elmi araşdırmaların aparılmasına şərait yaradıb. Bu əməkdaşlıqlar çərçivəsində universitetimizin professor-müəllim heyəti il ərzində bir sıra nüfuzlu konqreslərə, sammitlərə dəvət olunurlar. Bu tədbirlər içərisində Tibb ixtisası üzrə təhsil alan tələbələrin qardaş Türkiyə Cümhuriyyətinin nüfuzlu universitetlərində keçdiyi ənənəvi yay istehsalat təcrübələrinin də xüsusi yeri vardır. Müsahibimin sözlərinə görə, Naxçıvan Dövlət Universitetində alitəhsilli tibbi kadr hazırlığına 1999-cu ildən başlanılsa da, xarici ölkələrdə istehsalat təcrübələrinin keçirilməsinə 2002-ci ildən etibarən başlanılıb. Müşahidələrimizə əsasən deyirik ki, tələbələrimiz auditoriyalarda əldə etdikləri nəzəri biliklərlə praktikada qazandıqları təcrübəni düzgün və səriştəli tətbiq etdikdə nəticə çox yaxşı və ürəkaçan olur. Bu həm də onların gələcək fəaliyyətinə çox müsbət təsir edir. Diqqətinizə çatdırım ki, mənim rəhbərliyimlə 18 nəfər tələbə və 4 alimin iştirak etdiyi qrup qardaş ölkənin Ankara Dövlət Universitetində olduq. Burada tələbələrimizə yaradılan şərait, həmçinin onlara göstərilən etimad və ən əsası, çətin, məsuliyyətli əməliyyatlarda onların da assistent kimi iştirak etməsi çox təqdirəlayiq haldır. 

    Fakültənin Təməl tibb fənləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent İlhamə Mustafayeva bildirdi ki, ötən il ərzində uğurla başa çatan və Naxçıvan Dövlət Universitetinin son illər ərzində qazandığı ən böyük nailiyyətlərdən olan I Beynəlxalq Tibb Forumu yalnız ali təhsil ocağına yox, həm də ölkəmizin səhiyyə sisteminə böyük töhfə qazandırdı. Forum müddətində ali təhsil ocağımız üçün bir sıra layihələr icra olundu, gələcək plan və perspektivlər müəyyən edildi. Ən əsası, qardaş ölkənin nüfuzlu universitetlərindən olan Yedditəpə Universiteti ilə gələcəkdəki geniş əlaqələrə dair memorandum imzalandı. Bu sazişdən sonra sözügedən ali təhsil ocağı ilə Naxçıvan Dövlət Universiteti arasındakı əlaqələr genişləndi. Və qeyd edək ki, qardaş ölkə ilə geniş təhsil siyasətinin bu müstəvidə qurulması Naxçıvan Dövlət Universitetinin əsas prioritet istiqamətlərindəndir. 

    İlhamə xanım qeyd etdi ki, Yedditəpə Universiteti ilə adıçəkilən memorandumun imzalanması istehsalat təcrübəsinə də müsbət təsir göstərib: – Qeyd etdiyimiz kimi, istehsalat təcrübəsində olduğumuz Yedditəpə Universiteti ilə Naxçıvan Dövlət Universitetinin təhsil əlaqələrinin qurulması artıq ilk bəhrələrini verməyə məhz tibb təcrübəsi ilə başladı. Hətta ali təhsil ocağında olarkən universitetin rektoru, professor Canan Aykut Bingöl geniş bir tədbirdə bu mövzuya toxundu və hər iki ali təhsil ocağı arasındakı əlaqələrdən danışdı. Bununla yanaşı, təcrübə iştirakçıları universitetin tanınmış alim heyəti ilə də görüşdü. Belə ki, universitetin Tibb fakültəsinin dekanı, professor-həkim Sena Ercan, Diş həkimliyi fakültəsinin dekanı, professor-həkim Bahar Eren Kuru, Yedditəpə Universiteti xəstəxanasının professor-həkimləri –  mama-ginekoloq Erkurt Attar və həyat yoldaşı Rukset Attarın da tələbələrimizlə olan görüşləri çox maraqlı oldu. Hətta görüşdə çıxış edən alimlərin hər biri Naxçıvan Dövlət Universitetində yaradılan şəraitdən, tələbələrimizin nizam-intizamından, öz sahələrinə olan maraq və istəklərindən ürəkdolusu danışdılar. Təbii ki, bu da həm bir təcrübə rəhbəri kimi, həm də Naxçıvan Dövlət Universitetinin müəllimi kimi məni çox sevindirdi. 

    İlhamə xanımın sözlərinə görə, Yedditəpə Universitetinin təşkilatçılığı və istəyi ilə bir neçə tələbəmiz çətin əməliyyatlarda da assistent kimi yaxından iştirak ediblər. 
    Bu, böyük etimad və güvənin nəticəsi idi. Sevindirici haldır ki, əməliyyatlarda assistent kimi iştirak edən tələbələrimiz aktiv iş nümayiş etdirərək, necə deyərlər, başımızı uca etdilər. Hətta Tibb ixtisası üzrə təhsil alan üç tələbəmizin qaraciyər transplantasiyasında iştirak etməsi, həqiqətən də, çox yaxşı nəticələr doğurdu. Onların fəaliyyəti barədə də müsbət fikirlər eşidirdik. Həkimlər deyirdilər ki, Naxçıvan Dövlət Universitetinin Tibb ixtisası üzrə təhsil alan beşinci kurs tələbələri mütəmadi olaraq assistent kimi əməliyyatlarda iştirak edə bilərlər. Tələbələrimizin öz bilik və bacarıqlarını praktiki şəkildə göstərmələri və geniş təcrübə əldə etmələri müxtəlif sahələrdə özünü göstərdi. Belə ki, onlar qruplar şəklində bölünərək Histologiya, Stomatologiya, Anesteziologiya, Ginekologiya və digər şöbələrdə həkimlərlə birlikdə müzakirələr apardılar, professorların göstərişi ilə tibbi müayinələr etdilər. Son olaraq, onu da qeyd edim ki, universitetlə bizi yaxından tanış edən Tibb fakültəsinin dekan müavini, professor Bayram Yılmaz həm də bizə “İnsan fiziologiyası” adlı kitabını hədiyyə etdi. Qeyd edim ki, bu kitab Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələrimiz üçün çox dəyərli mənbə rolunu oynayacaq və inanırıq ki, mütəmadi əlaqə saxladığımız qardaş ölkənin ali təhsil ocaqları ilə dərslik mövzusunda da tərəfdaşlıqlarımız olacaqdır. Son olaraq, bu şəraiti yaratdığına görə dövlətimizə və Naxçıvan Dövlət Universiteti rəhbərliyinə minnətdarlığımı bildirirəm. 

    Naxçıvan Dövlət Universiteti Xəstəxanasının baş həkimi, dosent Elmar Rzayev də təəssüratlarını bizimlə bölüşdü: – İyulun 10-da Naxçıvan Dövlət Universitetinin 18 tələbə və 4 müəllimdən ibarət olan digər qrupu isə istehsalat təcrübəsini qardaş Türkiyə Respublikasının Qaradəniz Texniki Universitetində davam etdirdi. Diqqətə çatdıraq ki, universitetimizin geniş əlaqə qurduğu ali təhsil ocaqlarından olan bu universitet həm də Tibb ixtisası üzrə kadr hazırlayan ali təhsil ocağı kimi böyük nüfuz qazanıb. Yaradılan geniş şəraitdən də gördük ki, tələbələrin burada təcrübi biliklər əldə etməsi üçün kifayət qədər imkanlar mövcuddur. Təcrübə müddətində ilk işimiz, təbii ki, Tibb fakültəsinin dekanı, professor Nəşə Kaklıkkaya ilə görüşmək oldu. Görüşdə Naxçıvan Dövlət Universiteti ilə Qaradəniz Texniki Universiteti arasındakı əlaqələr də gündəmə gətirildi və qeyd olundu ki, hər iki universitet arasındakı təhsil əlaqələri bundan sonra da prioritet məsələ kimi qalacaqdır və mütəmadi olaraq keçirilən təcrübi görüşlər gələcəkdə yeni əlaqələrin formalaşmasına da şərait yaradacaqdır. 
    Elmar həkim təcrübə prosesi barədə də danışdı: – Universitetlə tanışlıqdan sonra Qaradəniz Texniki Universiteti xəstəxanasının baş həkimi, professor Cəlal Təkinbaş ilə də görüşümüz oldu, görüşdə orada fəaliyyət göstərən beynəlxalq sağlıq turizmi barədə məlumat verildi və diqqətə çatdırıldı ki, bu layihə barədə Naxçıvan Dövlət Universiteti ilə də gələcək planlar olacaqdır. Universitet xəstəxanası ilə tanışlıq həm biz müəllimlərdə, həm də tələbələrimizdə çox müsbət təəssürat yaratdı. Diqqətə çatdırım ki, bu xəstəxanada yaradılan Laboratoriya şöbəsi Türkiyədə üçüncü, Avropada isə beşinci yerə malik olan qapalı sistemdə fəaliyyət göstərir. Yəni hər hansısa bir analizin laboratoriya prosesindən keçməsi, bütövlükdə, geniş avtomatlaşdırılmış şəbəkələrə, qurğulara həvalə olunur, burada insan əməyindən çox az istifadə edilir. Bu laboratoriya şəbəkəsi dünya təcrübəsində çox geniş istifadə olunur. Tanışlıq zamanı Texnoloji Uyqulama və Araşdırma mərkəzinə də baxış oldu, burada yaradılan şərait barədə mərkəzin rəhbəri Oktay Yıldız tərəfindən geniş məlumat verildi. Hətta bir qrup tələbəmiz orada tibbi araşdırmalarla məşğul olan, sırf nanotexnologiyaya əsaslanan şöbə ilə də tanış oldu. 
    Elmar həkim söhbətinə belə davam edir: – Tələbələrimizlə təcrübə prosesində mənəvi istirahətimiz də bizə böyük stimul verdi. Belə ki, təcrübədə olduğumuz ərazi qardaş ölkənin əsas turizm bölgələrindən olan Trabzon şəhərinə daxil idi. Bu şəhər, həqiqətən də, türk mədəniyyətinin qorunub-yaşadılması baxımından çox işlər görüb. Həm də çox müasir şəhərdir. Xüsusən də ekskursiya etdiyimiz “Boztəpə”, “Uzungöl” deyilən yerlər, həmçinin yaşıllıqlar qoynunda yerləşən Rizə maraqlı görünüşü ilə diqqəti cəlb edir. Düşünürəm ki, bütün bunlar tələbələrimizi həvəsləndirmək, onları növbəti illərdə də bu cür layihələrdə birləşdirmək baxımından böyük əhəmiyyətə malikdir. 
    Naxçıvan Dövlət Universitetinin Nevroligiya ixtisası üzrə II kurs həkim-rezidenti Bənövşə Qasımova söhbət zamanı bildirdi ki, Tibb fakültəsinin kollektivi ilə iki həftəlik müddətdə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Yedditəpə Universitetinin xəstəxanasında təcrübə mübadiləsində olub. Sevindirici haldır ki, təhsil aldığım ali təhsil ocağının  Türkiyə Cümhuriyyətində olan bir çox xəstəxanalarla mübadilə müqaviləsi imzalanıb. Mən də bir çox tələbə və həkim-rezidentlər kimi bu əlaqədən istifadə etmişəm. Bakalavr təhsilimi də universitetin Tibb fakültəsində almışam və hər il Türkiyənin müxtəlif xəstəxanalarında təcrübə keçmişəm. Bu səfərdə İstanbul şəhərində təcrübə keçmək fürsəti əldə etdim və Yedditəpə Universitetində bizə göstərilən qayğı və diqqət ən yüksək səviyyədə idi.
    Xəstəxananın bir neçə şöbəsində olduq. Bütün bu şöbələrdə həkimlər yenilikləri və istifadə etdiyi metodları göstərməyə çalışırdılar. Mən öz şöbəmdə nevroloji xəstələrə necə daha dərindən yanaşıla bilər və ya başqa hansı analizlər istənilə bilər və sair məqamlara diqqət etdim. Bundan əlavə, nevrologiya sahəsi üçün çox önəmli differensial diaqnostika metodları olan EEQ və EMQ cihazlarının çəkimlərində də iştirak etdim. Müalicə üçün hazırda bizim ölkəmizdə istifadə edilməyən yeni nəsil dərman preparatları ilə tanış oldum. 
  Mən bu fürsəti bizə yaradan dövlətimizə dərin minnətdarlığımı bildirirəm. 
    Təcrübə prosesində iştirak etmiş bir neçə tələbə ilə də həmsöhbət olduq, onların təəssüratlarını öyrəndik. Tibbi profilaktika ixtisası üzrə V kurs tələbəsi Ruslan Rüstəmzadənin söylədiklərindən: – Türkiyənin İstanbul şəhərində Yedditəpə Universitetinin Kozyatağı və Koşuyolu xəstəxanalarında Cərrahiyyə şöbələrində 9-21 iyul 2023-cü il tarixlərdə təcrübədə oldum. Assistentlik etdiyim əməliyyatların 90 faizi tiroid sistem xəstəliyinin əməliyyatları idi. Bunu məqsədli şəkildə özüm seçmişdim, çünki II kursdan hər il TEC-in təşkilatçılığı ilə keçirilən elmi işlərim yalnız tiroid vəzinin patologiyaları haqqında olmuşdu. Gələcəkdə də bu istiqamətdə ixtisaslaşmaq üçün peşəmin incəliklərini dərindən öyrənməyi özümə borc bildim. Hər gün planlı olaraq 2 əməliyyatda iştirak edirdim. 
    Əczaçılıq ixtisası üzrə III kurs tələbəsi Səma Abdullayevanın dediklərindən: – 9-21 iyul 2023-cü il tarixləri arasında Ankara şəhəri, Qazi Universitetinin Əczaçılıq fakültəsində təcrübədə oldum. Əczaçılıq ixtisası üzrə ilk həftə Farmakogeneziya sahəsində, ikinci həftə isə Əczaçılıq texnologiyası sahəsində təcrübədə iştirak edib, yeni biliklər əldə etdim. Həmin sahədəki professor-müəllim heyəti bizimlə yaxından maraqlanaraq yeni məlumatlar öyrənməyimizə, yeni cihazlardan düzgün istifadə etməyimizə köməklik göstərdilər. Orada bizim üçün yaradılan bütün imkanlar son dərəcə yaxşı idi. Bizə yaradılan bu imkanlar üçün minnətdarlığımı bildirirəm. 
    Qardaş ölkənin nüfuzlu ali təhsil ocaqlarında təcrübədə olan iştirakçıların bir qismi ilə olan səmimi söhbətimiz onu deməyə əsas verdi ki, istehsalat təcrübəsi, həqiqətən də, maraqlı və yaddaqalan olub. Biz də öz peşəsinə qəlbən bağlı olan tələbə-gənclərimizə uğurlar arzulayır, gələcək həyatlarında, peşə fəaliyyətlərində müvəffəqiyyətlər diləyirik. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 25.07.2023 18:24