AZ EN RU

İstehlakçıların təbii qazla təchizatı diqqət mərkəzindədir

    Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsal sahələrinin fasiləsiz və təhlükəsiz təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür. Muxtar respublikanın şəhər və rayon ərazilərindən daxil olan müraciətlərə əsasən iyul ayında 46 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 41-i əhali, 5-i isə qeyri-əhali abonentləridir.
    Muxtar respublikada əhali qrupundan olan abonentlərin mexaniki qaz sayğaclarının kənar müdaxilələrdən qorunması üçün ötən ay 24 mühafizə qutusu quraşdırılmışdır. Hesabat ayında Qaz İstismar Xidmətinə tabe şəhər, rayon qaz istismarı idarələrinin qəza-dispetçer sahələrinə 104 nömrəli 24 saat aktiv olan qaynar xəttinə təbii qaz istehlakçılarından qaz sızması, qaztənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə, ümumilikdə, 952 çağırış daxil olmuşdur. Çağırışlara vaxtında gedilmiş, təbii qazın nəqli bərpa olunmuşdur.
    İyul ayında muxtar respublika qaz şəbəkəsində 624 qaz sızması aşkarlanıb, texniki istismar və texniki təhlükəsizlik qaydalarının tələblərinə müvafiq sızmalar aradan qaldırılmış, ay ərzində yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərinin görülməsi zamanı qaz boru xətlərinin yerinin dəyişdirilməsi, yaşayış binalarında təmir-tikinti, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar olaraq müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə edilmişdir.
    Muxtar respublikada yerli qaz istismarı idarələrinin işçiləri tərəfindən qaz cihazlarından təhlükəsiz istifadə qaydaları haqqında abonentlər arasında maarifləndirmə və izahat işləri aparılmışdır. 

Naxçıvan Muxtar Respublikası
Qaz İstismar Xidməti

Nəşr edilib : 18.08.2022 17:46