AZ EN RU

İstehlakçı hüquqlarının müdafiəsi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir

    Cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, hər bir fərdin təməl istehlakçı hüquqları vardır və bu hüquqların qorunması dünənimizdə olduğu kimi, bu günümüz və gələcəyimiz üçün də ən aktual məsələlərdən hesab edilməkdədir. Bu hüquqların formalaşması dərin tarixi inkişaf mərhələsi keçərək bugünkü təkmil səviyyəyə gəlib çatıb. İlk dəfə 1985-ci ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi Qərarla 15 mart – “Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü” kimi qeyd olunmağa başlanmışdır. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatı həmin ildə Ümumdünya İstehlakçı Hüquqları Bəyannaməsini də qəbul etmişdir.

    15 mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü bütün dünyada olduğu kimi, ölkəmizdə də qeyd edilir. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 19 sentyabr 1995-ci il tarixdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ilə qoyulmuş və bu sahədə hüquqi bazanın tam şəkildə formalaşdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər həyata keçirilmişdir. Bu qanuna əsasən istehlakçı şəxsi tələbatını ödəmək məqsədilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Bu Qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər mühit yaradılması məqsədilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və alıcı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir. 
    İstehlakçıların hüquq və mənafelərinin qorunması sahəsində görülən mühüm tədbirlərin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Məhz bu sahə üzrə hüquqi bazanın ardıcıl formalaşdırılması nəticəsində hazırda ölkəmizdə bütün sahələrdə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi tədbirlər görülür. İstehlakçıların aldıqları malların keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verilməsi, onların miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun məlumat əldə etməsi üzrə hüquqları qanunvericiliklə tənzimlənir.
    Artıq ölkəmizdə istehlakçı hüquqlarının qorunması dövlətin iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilmişdir. Dövlət istehlakçı hüquqlarının qorunmasına və sahibkarlığın inkişafına xüsusi önəm verərək ölkə iqtisadiyyatında inhisarçılığın qarşısının alınması, ədalətli rəqabət mühitinin formalaşması, habelə istehlakçıların hüquqlarının qorunması sahəsində dövlət idarəetməsinin təkmilləşdirilməsinə və möhkəm qanunvericilik bazasının yaradılmasına nail olmuşdur. Atılan mühüm addımlar, qəbul edilmiş qanunlar və icrası uğurla həyata keçirilən Dövlət proqramları ölkə rəhbərinin digər sahələrə olduğu kimi, istehlakçı hüquqlarının qorunması sahəsinə verdiyi böyük önəmin təcəssümüdür. Bu gün ölkəmizdə daxili bazarın formalaşdırılması və istehlakçı hüquqlarının qorunması istiqamətində qarşıya qoyulan əsas vəzifə əhalinin istehlak mallarına olan tələbatını maksimum səviyyədə yerli istehsal hesabına yüksəkkeyfiyyətli məhsullarla təmin etməkdən ibarətdir.
    Ölkəmizdə olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da istehlakçıların hüquqlarının qorunması iqtisadi siyasətin əsas prioritet istiqamətlərindəndir. İstehlakçıların hüquqlarının müdafiəsini nəzərdə tutan ayrı-ayrı Dövlət proqramlarının, qanunların, qərar və qaydaların muxtar respublikanın aidiyyəti orqanları tərəfindən icrası daim diqqət mərkəzində saxlanılır.
    İqtisadi inkişafın səmərəliliyinin artırılmasında keyfiyyətin əsas meyar kimi qəbul olunduğu muxtar respublikada daxili bazarın, istehlakçıların hüquq və mənafelərinin qorunması istiqamətində təsərrüfat subyektlərində istehsal edilən və idxal olunan məhsulların keyfiyyətinə dövlət nəzarəti işinə ciddi önəm verilir. Muxtar respublikada daxili bazarda istehlakçıların hüquq və mənafelərinin qorunması istiqamətində müvafiq qanunvericiliyə uyğun olaraq müəyyənləşdirilmiş konkret tədbirlər həyata keçirilmişdir. Ardıcıl olaraq yerli və idxal olunan məhsulların keyfiyyətinə dövlət nəzarətinin diqqətdə saxlanılması nəticəsində hazırda muxtar respublikada əmtəə bazarının keyfiyyətsiz və sağlamlıq üçün təhlükəli məhsullardan qorunması vəzifəsi uğurla icra etməyə çalışılır. Ötən dövrdə həyata keçirilən müxtəlif tədbirlər, istehlakçı hüquqları ilə bağlı kütləvi informasiya vasitələrində maarifləndirici verilişlərin ictimaiyyətə təqdim edilməsi, həmçinin istehsal, ticarət və xidmət, ictimai iaşə obyektlərində çalışan işçilərin maarifləndirilməsi bu baxımdan əhəmiyyətli olmuşdur.
    Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi strategiyanın davamı olaraq muxtar respublikada görülən işlər istehlakçıların hüquqlarının qorunmasına, əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaratmışdır. Muxtar respublikada sahibkarlığın inkişafına yönəldilən tədbirlər məşğulluğun təmin olunmasına və sosial rifaha birbaşa təsir edir. Bütün bunlar, nəticə etibarilə, istehlakçıların təhlükəsiz və keyfiyyətli məhsullarla təmin olunmasına şərait yaradan vacib amillərdəndir. Ona görə ki, yerli istehsalın təşkili bir tərəfdən xaricə valyuta axınının qarşısını alaraq idxaldan asılılığı aradan qaldırırsa, digər tərəfdən məhsulun istehlakçılara daha münasib qiymətlərlə çatdırılmasına imkan yaradır, eyni zamanda mənşəyi məlum olmayan, ekoloji cəhətdən o qədər də təmiz hesab edilməyən məhsulların bazarlara yol açmasının qarşısını alır. Bu da muxtar respublikada daxili bazarın, həmçinin istehlakçıların hüquqlarının qorunması deməkdir.
    Ötən il yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlılığı, təsərrüfat subyektlərinin istehsal-xidmət şəraiti, məhsul göstəricilərinin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğuna nəzarət diqqətdə saxlanılmış, ümumilikdə, məhsul nümunələrinin 895 halda, o cümlədən qida məhsullarının 832 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin olunmuşdur. 
    Ticаrət, хidmət və istеhsаl sahələrində fəaliyyət göstərən sаhibkаrlаrа rəqаbətqаbiliyyətli məhsul istеhsаlı və yеrli məhsullаrın sаtışınа üstünlük vеrilməsi istiqаmətində davamlı olaraq mеtоdiki tövsiyələr verilir. Məhsulun tarladan süfrəyə, istehsalçıdan istehlakçıya çatdırılmasında bütün tələblərə riayət olunmasına çalışılır ki, Naxçıvan əhalisinin ekoloji cəhətdən təmiz, keyfiyyətli və etibarlı ərzaq təminatına nail olunsun.
    Muxtar respublikada ailə təsərrüfatlarının inkişafı diqqətdə saxlanılır. Sahibkarlığın İnkişafı Fondu tərəfindən onların fəaliyyətlərinin stimullaşdırılması və genişləndirilməsi üçün 2022-ci il ərzində 96 ailə təsərrüfatına 1 milyon 441 min 100 manat güzəştli kredit verilmiş, ailə təsərrüfatları müxtəlifölçülü taralarla təmin edilmişdir. Yaradılan şərait və həyata keçirilən tədbirlər ailə təsərrüfatlarının inkişafı ilə yanaşı, həm də istehlakçıların yerli, keyfiyyətli və standartlara uyğun qablaşdırılmış məhsullarla təminatına imkan verir. 
    Yerli məhsulların satışına və təbliğinə geniş imkanlar açan, bazardakı bolluğu təmin edən kənd təsərrüfatı yarmarkaları daxili bazarın inkişaf etdirilməsində və istehlakçıların artan tələbatının yerli və sağlam məhsullarla qarşılanmasında mühüm rol oynayır. Bu baxımdan muxtar respublikanın şəhər və rayon mərkəzlərində davamlı olaraq yarmarkalar təşkil olunur və məhsulların bazar qiymətlərindən daha sərfəli qiymətlərlə satılmasına nəzarətin həyata keçirilməsi təmin edilir. Bundan başqa, sahibkarlar idxal etdikləri malların istehlak müddətinə, gigiyenik vəziyyətinə, keyfiyyət göstəricilərinə də diqqəti artırmışlar. İstehlakçılar istər ərzaq, istərsə də qeyri-ərzaq məhsulları alarkən yerli istehsala, yerli markaya üstünlük verməlidir. Çünki yerli məhsulun istehlakı həmin məhsulu istehsal edən müəssisənin daha da güclənməsi, ümumilikdə, muxtar respublikanın iqtisadi qüdrətinin artması deməkdir.
    İstehlakçıların hüquqlarının qorunması aid dövlət orqanları tərəfindən təmin olunmaqla yanaşı, həm də ümumxalq işidir. Hər birimiz istehlakçı kimi öz hüquqlarımızı yaxşı bilməli və bu işə öz töhfəmizi verməliyik.

Kamran MEHBALIYEV
Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına 
Nəzarət Dövlət Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə 
baş məsləhətçisi 

Nəşr edilib : 14.03.2023 18:33