AZ EN RU

İstehlakçı bizik, amma çoxumuz hüquqlarımızı bilmirik!

Mütəmadi olaraq, hər birimiz öz  tələbatımızı qarşılamaq üçün  müxtəlif   ticarət və iaşə obyektlərinə üz tutur, ehtiyacımız olan məhsulları alır, müxtəlif xidmətlərdən yararlanırıq. Bu zaman biz  istehlakçıya çevrilirik. Əgər hər birimiz  istənilən növ xidmətlərdən istifadə ediriksə, məsələn, nəqliyyat, rabitə, kommunal xərclərdən, həmçinin evdən hər-hansı bir xidmətə görə onlayn ödəniş belə edirksə, bu zaman biz istehlakçıyıq.

Bəs istehlakçi kimi bizim hansı hüquq və vəzifələrimiz var? Bizim hüququmuz necə qorunur? Hüququmuz pozulduğu halda istehlakçı olaraq nə etməliyik?

Ümumiyyətlə, istehlakçı kimi çox geniş səlahiyyətlərimiz, hüquqlarımız var, amma təəssüf  olsun ki, bundan əksəriyyətimizin xəbəri belə yoxdur. Və nəticədə vətəndaşlarımız  qanunla verilmiş hüquqlardan istifadə edə bilmədikləri üçün, bəzi hallarda problemlərlə qarşılaşırlar. Dünyanın sivil dövlətləri, o cümlədən Azərbaycanda istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsini təmin etmək məqsədilə qanunlar davamlı olaraq təkmilləşdirilir. Ölkəmizdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdirlər. Qanunun 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Onların tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin alıcılara dəymiş mənəvi zərərin də ödənilməsini həll edir.

İstehlakçıların bu qanunda nəzərdə tutulan hüquqları istehsalçı tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan sahibkar tərəfindən ödənilməlidir. Qeyd  olunmalıdır ki, Azərbaycan  ərazisində yaşayan hər bir vətəndaşın aldığı malın istehsalçısını, satıcısını sərbəst seçməyə, malların lazımi keyfiyyətdə olmasına, təhlükəsizliyinə, miqdarına, çeşidinə və  keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə, lazımi keyfiyyəti olmayan malların insanların sağlamlığına təhlükə olduğu halda vurduğu zərərin ödənilməsinə, öz hüquqlarının müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciə tetmək, həmçinin ictimai təşkilatlarda birləşmək kimi hüquqları vardı.

Bəzən vətəndaşlar aldıqları malı müəyyən qüsur olduğu üçün  geri qaytarır və ya dəyişdirmək istəyirlər. Bu zaman əksər hallarda vətəndaşlar problemlərlə qarşılaşırlar. Bəzən satıcılar qüsurlu malı geri qaytarmamaq üçün müxtəlif bəhanələr gətirirlər. Bu zaman vətəndaş haqlı olaraq narazı qalır. Belə hallarla qarşılaşmamaq üçün istehlakçılar hüquqlarını bilməli, qorumalı və onları müdafiə etməkdən çəkinməməlidirlər.  Əgər alıcı əldə etdiyi məhsulun qüsurlarının aldığı vaxtdan əvvəl əmələ gəldiyini sübuta yetirərsə, bu qüsurlara görə satıcı cavabdehdir və həmin qüsurlu məhsul mütləq yenisi ilə əvəz olunmalıdır. Alıcının qüsuru olan malı dəyişmək tələbi  dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. Həmin zaman alıcının qüsurlu olan malı dəyişdirmək tələbi, istədiyi mal olmadıqda isə müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödəniş geri qaytarılmalıdır. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, alıcı satıcı qarşısında qüsurlu malı lazımi keyfiyyətli malla dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, qüsurlarının aradan qaldırılması üçün çəkilmiş xərclərin əvəzinin ödənilməsini, qüsurlu malı həmin mala uyğun digər modelli, markalı, tipli mal ilə, dəyəri yenidən hesablanma şərti ilə dəyişdirilməsini tələb edə bilər.

Əgər alıcıya keyfiyyətsiz ərzaq malı satılıbdırsa, keyfiyyətsizlik malın yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya malın dəyərinin məbləğini qaytarmalıdır.

Bir məqamı da xüsusi olaraq qeyd etmək yerinə düşər ki,  istehlakçılar istədikləri zaman aldığı məhsulu dəyişdirmək üçün malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Qeyd edək ki, alıcının təkcə məhsulu dəyişdirmək yox, həm də geri qaytarmaq hüququ da var. İstehlakçıların bu hüququnu məhdudlaşdırmaq qəti qadağandır. İstehlakçı tərəfindən əldə edilmiş məhsul istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Amma bəzi mallar da var ki, onların dəyişdirilməsi və geri qaytarılmasına Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq qərarı ilə icazə verilmir. Hansı ki, qızıl və qızıl məmulatları, qiymətli və yarım qiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar, məsələn, lentlər, tesmalar, haşiyələr və s., parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət-kimyası malları, şəxsi gigiyena əşyaları, məsələn, diş fırçaları, daraqlar, biqudilər, uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıqlar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, qida üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) qida məhsulları və sair.

Lakin vətəndaşlarımız onu da bilməlidirlər ki, qanuna uyğun olaraq, məhsulun dəyişdirilməsi və qaytarılması zamanı mütləq qəbz tələb edilməlidir. Alıcı aldığı məhsulu o zaman qaytara bilər ki, əldə etdiyi məhsulun qəbzini əldə etmiş  olsun. Bəzən vətəndaş qəbzi itirir.  Bu zaman istehlakçı məhsulun həmin mağazadan alınmasını bu və ya digər formada sübut edərsə, onu geri qaytara bilər: “Məsələn, müəyyən mobil tətbiqlərdən istifadə etməklə alışın təsdiq olunması, SMS bildirişlərin gəlməsi və ya zəmanət talonunun olması, bir sözlə, məhsulun mağazadan alınmasını təsdiq edən hər hansı məlumatlar varsa, istehlakçı malın dəyişdirilmə və ya qaytarılmasını tələb edə bilər.

Sahibkarlar malın dəyişdirilmə, qaytarılma qaydalarının pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinə əsasən, 600 manatdan 900 manata qədər cərimə olunurlar: “Satılan məhsul 14 gündən sonra heç bir halda qaytarılmır” demək də yanlışdır. Məhsulda istehsal xarakterli qüsur olarsa, istehlakçı hətta məhsuldan istifadə etsə belə, onu qaytara və ya dəyişdirə bilər. Belə ki, zəmanət müddəti ərzində məhsulda istehsal xarakterli hər hansı qüsur aşkar edilərsə, o dəyişdirilə, yaxud qaytarıla bilər. Mülki qanunvericiliyə uyğun olaraq, istehlakçı zəmanət müddəti müəyyən olunmayan məhsulda istehsal xarakterli qüsurun olduğunu sübut edə bilsə, 2 il ərzində onun dəyişdirilməsini və ya qaytarılmasını tələb edə bilər. Mövcud  praktika ondan ibarətdir ki, geyim əşyalarına zəmanət verilmir. Lakin burada da əsas məqam ondan ibarətdir ki, pozuntunun və ya məhsulda olan qüsurların istehsal xarakterli olub-olmaması barədə müvafiq araşdırma aparıb rəy verilməsi vəzifəsi sahibkarın üzərinə düşür. Sahibkar hər hansı istehsal xarakterli qüsurun olduğunu aşkar edərsə, istehlakçının tələbini təmin etməlidir. İstehsal xarakterli qüsur dedikdə, istehsal prosesində əvvəlcədən müəyyən olunmuş tələblərdən kənara çıxma, onun təyinata uyğun istifadə edilməsinin mümkünsüzlüyü, hər hansı bir zədənin olması, hər hansı bir funksiyanın işləməməsi və ya hər hansı bir hissəsinin düzgün tikilməməsi və digər bu kimi problemlər başa düşülür.

Xatırladaq ki, əgər vətəndaşlarımız yuxarıda qeyd olunan problemlərlə qarşılaşarlarsa xidmətin (036)550-49-21 əlaqə vasitəsi, elektron poçt ünvanına (info@ncompetition.gov.az) məktub və yazılı ərizə ilə müraciət edə bilərlər. Xidmət tərəfindən vətəndaşların bu kimi tələblərinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənədlər təqdim edildikdə baxılır. Sonda onu da qeyd edək ki, satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənədin verilməsində borcludur.

Ramal MƏMİŞOV

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı

Nəşr edilib : 09.05.2024 14:34