AZ EN RU

“İstedad əngəl tanımır” adlı yaradıcılıq müsabiqəsinə yekun vurulub

    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “İstedad əngəl tanımır” adlı yaradıcılıq müsabiqəsinin mükafatlandırma və yekun konsert proqramı keçirilib. 
    Əvvəlcə sağlamlıq imkanları məhdud uşaqların müsabiqəyə təqdim etdikləri və müvafiq kateqoriya üzrə yer qazanmış əl işlərindən ibarət sərgiyə baxış olub.
    Tədbirin mükafatlandırma mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov və mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Kərimov müsabiqənin əlamətdar tarixlə bağlı mahiyyət və əhəmiyyətini diqqətə çatdırıblar. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət uşaq siyasətindən və bu siyasətin uğurlu davamından bəhs olunub, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində dövlətimizin atdığı addımlar vurğulanıb. Qeyd edilib ki, gələcəkdə də bu cür tədbirlər təşkil olunacaq və müvafiq kateqoriyadan olan uşaqların əl işlərindən ibarət sərgi satışlar təşkil ediləcək.
    Daha sonra mükafatlandırma mərasimi olub. 
    Qeyd edək ki, mayın 26-dan start verilən müsabiqənin Şərur və Ordubad rayonlarında, eləcə də Naxçıvan şəhərində seçim mərhələləri həyata keçirilib. Muxtar respublika üzrə 150-yə yaxın istedadlı, 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaq 14 nominasiya üzrə istedadlarını nümayiş etdiriblər. Onlardan 60 nəfəri final mərhələsində münsiflər heyətinin yekun qiymətləndirməsi ilə mükafatçılar sırasında yer alıb.
    İştirakçılar Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən diplom və pul mükafatı ilə qiymətləndiriliblər. 
    Sonda qaliblərin ifasında konsert proqramı, rəqs və bədii qiraət təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti
 

Nəşr edilib : 17.06.2023 16:14