AZ EN RU

İstanbulda Azərbaycan-Türkiyə Beynəlxalq Gənclik Forumu keçirilib

İstanbulda “Qloballaşmada Mədəniyyətlərarası Dialoqun Rolu” mövzusunda Azərbaycan-Türkiyə Beynəlxalq Gənclik Forumu keçirilib.
Forum Azərbaycan Gənclik Vəqfi, Xaricdə Yaşayan Türklər və Qohum İcmalar Birliyi (YTB), Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), “Gənclərin Töhfəsi” və Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi ictimai birlikləri, Yeni Çağ Media Qrupu, TİMBİR, eləcə də Akademik İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Əvvəlcə Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi yad edilib.
Tədbirdə “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova, YTB İstanbul Ofisi Koordinatoru Emre Oruç, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, TADEF sədr müavini Pərviz Məmmədzadə, Yeni Çağ Media Qrupun rəhbəri Aqil Ələsgər və digərləri mövzu ilə bağlı çıxışlar ediblər.
Forum panel iclaslarla davam edib.
“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdilinin moderatorluğu ilə keçən paneldə “Qarabağ və Qərbi Azərbaycanın mədəni irsi” mövzusu ətrafında fikir mübadiləsi aparılıb.
“Qarabağ Zəfərinin qazanılmasında Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin əhəmiyyəti” mövzulu ikinci panel Qərbi Azərbaycan üzrə tədqiqatçı Anar Can Kıtayın moderatorluğu ilə keçirilib.
Forumun sonunda tədbirin təşkilinə dəstək göstərənlər və çıxışçılara xüsusi təşəkkür plaketləri, iştirakçılara isə sertifikat təqdim olunub.

Nəşr edilib : 06.03.2024 22:41