AZ EN RU

İsmayılovlar ailəsinin evliliklərinin 65 illiyi qeyd edilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi çərçivəsində “15 may-Beynəlxalq Ailə Günü” münasibətilə uzunömürlü, nümunəvi İsmayılovlar ailəsi ilə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri tədbirdə uzunömürlü ailənin üzvləri, Culfa rayonunun Yaycı kəndində yaşayan, İsmayılov Əli Əsgər oğlu və İsmayılova Zərifə Abdulla qızının evliliklərinin 65 illiyi qeyd edilib.
Uzunömürlü ailə ilə görüşdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, icra başçısı vəzifələrini müvəqqəti icra edən Sara Hüseynova İsmayılovlar ailəsinin timsalında ailə dəyərlərimizin qorunub saxlanılmasından və gələcək nəsillərə ötürülməsindən danışıb. Uzunömürlü ailələrin evlilik yubileylərinin qeyd edilməsinin artıq bir ənənəyə çevrildiyini deyən Sara Hüseynova, ailələrə qayğı ilə yanaşılmasının muxtar respublikada ailə siyasətinin əsasını təşkil etdiyini bildirib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova evliliklərinin 65-ci ilini övladlarının əhatəsində qeyd edən İsmayılovlar ailəsini təbrik edərək onların keçdikləri nümunəvi yolun gənc ailələrə örnək olduğunu qeyd edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən xalqımızın ailə dəyərlərinin yaşadılması məqsədilə bütün yaşayış məntəqələrini əhatə edən tədbirlərdə ailələrin sağlam təməllər üzərində qurulmasına diqqət yetirilir, uzunömürlü ailələrin nümayəndələri ilə yeniyetmə və gənclərin görüşü təşkil edilir. Xüsusilə də uzunömürlü, nümunəvi ailələrin evlilik təcrübələrindən yararlanmağın hər zaman önəmli rol daşıdığı, yeniyetmə və gənclərin bu dəyərlərə sahib çıxması və yaşatması istiqamətində söhbətlər aparılır, uzunömürlü ailələrə hədiyyələr təqdim edilir. Bu günkü görüşün də məqsədi ailə dəyərlərinin qorunması, gənc nəslə çatdırılmasıdır. Komitə sədri qeyd edib ki, evliliklərinin 65 illiyi tamam olan uzunömürlü ailə başçısı Əli İsmayılov ailəsinin qayğısına qalaraq, onu qoruyub saxlayıb, 9 övlad böyüdüb, boya-başa çatdırıb, 22 nəvə, 16 nəticə sahibidir.  
Uzunömürlü ailənin ilk övladı olan Yaqut Baxışəliyeva valideynlərinin onlara verdiyi tərbiyədən və necə nümunə olmaqlarından, eləcə də boya-başa çatmalarından danışııb, dövlətimizin nümunəvi ailələrə və ailə dəyərlərinə göstərdiyi qayğını minnətdarlıq hissi ilə qeyd edib. 
Uzunömürlü ailənin üzvləri, Culfa rayonunun Yaycı kəndində yaşayan, evliliklərinin 65 illiyi tamam olan İsmayılov Əli Əsgər oğlu və İsmayılova Zərifə Abdulla qızı nümunəvi ailə olmanın sirri, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini qeyd ediblər. Əli İsmayılov 65 illik ailənin möhkəm təməllər üzərində qurulmasında milli dəyərlərimizin, qarşılıqlı hörmət və ehtiramın oynadığı roldan danışıb, gənclərə xoşbəxt ailə həyatı ilə bağlı nəsihətlərini verib.
Hədiyyələrin təqdim edildiyi İsmayılovlar ailəsi ilə görüş çay süfrəsi ətrafında davam edib.
Qeyd edək ki, 15 il əvvəl Komitə tərəfindən İsmayılovlar ailəsinin evliliklərinin 50 illik yubileyi də qeyd edilib. 

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 23.05.2024 18:23