AZ EN RU

İslam Səfərlinin 100 illiyi münasibətilə tədbirlər keçirilib

    AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Nəğməkar şair İslam Səfərli – 100” mövzusunda elmi konfrans keçirilib. Əvvəlcə qardaş Türkiyə Respublikasında baş verən zəlzələdə həyatını itirən fəlakət qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
    AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransı giriş sözü ilə açaraq bildirib ki, Əməkdar incəsənət xadimi, şair-dramaturq, tərcüməçi İslam Səfərlinin anadan olmasının 100 illiyi münasibətilə ölkə səviyyəsində müxtəlif tədbirlər keçirilmiş, elmi konfrans isə İslam Səfərli yaradıcılığının müxtəlif aspektlərdən təhlili məqsədi daşıyır. Akademik İslam Səfərli irsinin az tədqiq olunmasından və bu istiqamətdə əsaslı araşdırmaların aparılmasının labüdlüyündən bəhs edib.
    Bölmə rəhbəri İslam Səfərlinin poeziyası, dramaturgiyası barədə fikirlərini konfrans iştirakçıları ilə bölüşüb, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən hazırlanan “Taleyi və sənəti” seriyasının növbəti nəşrlərindən birinin İslam Səfərli yaradıcılığına həsr olunmasını təklif edib.
    Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev konfransda “Nəğməkar şair ömrünün töhfələri” mövzusunda məruzə edib. Məruzəsində İslam Səfərlinin keçdiyi həyat yolu haqqında ətraflı məlumat verən professor bildirib ki, İslam Səfərli ədəbi yaradıcılığa 17 yaşında başlamış, 1941-ci ildə müharibə başlayanda könüllü olaraq cəbhəyə yollanmışdır. O, 416-cı Taqanroq diviziyasının tərkibində Berlinə qədər şanlı döyüş yolu keçmişdir. Müharibənin onun yaradıcılığına böyük təsiri olmuş, bir-birindən maraqlı poeziya nümunələri ərsəyə gətirmişdir.
    İslam Səfərlinin bədii obrazlılığı ilə seçilən poeziyasının bitkin bir vətənpərvərlik nümunəsi olduğunu deyən Əbülfəz Quliyev qeyd edib ki, şairin yaradıcılığında Naxçıvan mövzusu xüsusi yer tutur. 200-dən artıq şeirinə musiqi bəstələnməsi İ.Səfərlini nəğməkar şair kimi tanıtmışdır. Sözlərinin müəllifi olduğu mahnılar bu gün də sevilə-sevilə dinlənilir.
    “İslam Səfərli yaradıcılığında folklor” mövzusunda məruzə edən İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov bildirib ki, İslam Səfərli yaradıcılığında şifahi xalq ədəbiyyatının əksər janrları ahəngdarlıq yaradır. Şairin yaradıcılığında xalq şeir formalarına bənzərlik, şairin ustalığı, xalq dilinə yaxınlıq onun poeziyasının sevilməsinin əsas meyarlarındandır.
    İnstitutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov konfransda “Könül nəğməsi Azərbaycan himni olan sənətkar” mövzusunda etdiyi məruzədə İslam Səfərli poeziyasının axıcılığı, təsirliliyi, xalq dilinə yaxınlığı kimi özünəməxsus keyfiyyətlərindən danışıb. Tədqiqatçı vurğulayıb ki, İslam Səfərli yaradıcılığı özünün mövzu, məzmun və sənətkarlıq xüsusiyyətlərinə görə xüsusi əhəmiyyətə malikdir.
    İnstitutun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov konfransda “İslam Səfərli pyesləri Azərbaycan səhnəsində” başlıqlı məruzə edərək istedadlı dramaturqun yaradıcılığı, səhnələşdirilən pyesləri, əsərlərinin süjet xətti, tamaşaların yaradıcı heyəti və tamaşalar haqqında mətbuatda dərc olunan yazılar barədə ətraflı məlumat verib.
    Qeyd edilib ki, onun pyesləri dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Milli Dram Teatrında səhnəyə qoyulub.

AMEA Naxçıvan Bölməsinin 
mətbuat xidməti

***

    Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şair-dramaturq İslam Əhməd oğlu Səfərlinin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

    Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tamella Əsgərova açaraq qeyd etmişdir ki, İslam Səfərlinin yaradıcılığında Azərbaycanın poetik xəritəsi canlandırılmışdır. Şairin yaradıcılığında Bakıya və Xəzərə həsr olunmuş şeirlər geniş yer tutur. İslam Səfərli Azərbaycan poeziyasında həm də Naxçıvan şeir silsiləsinin görkəmli yaradıcısı kimi qəbul olunur. İslam Səfərlinin Naxçıvan mövzusunda yazılmış iyirmidən çox şeirində Azərbaycanın ayrılmaz parçası olan bu ecazkar yurdun özünəməxsusluqları, bütün incəlikləri və dərin mənaları ilə yüksək poetik səviyyədə, orijinal bədii vasitələrlə əks etdirilmişdir. 
    Sonra AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi Ələkbər Qasımov, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının böyük kitabxanaçısı Nuriyyə Mədətova çıxış edərək bildirmişlər ki, böyük insan, dramaturq, nəğməkar şair, ictimai xadim İslam Səfərlinin yaradıcılığı çoxşaxəlidir. Onun şeirlərinə məşhur bəstəkarlarımız tərəfindən 200-ə yaxın mahnı bəstələnib. Şairin bir çox şeirlərinə bəstələnmiş mahnılar indinin özündə də dillər əzbəridir və sevilə-sevilə dinlənilir.
    İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanmışdır. Onun “Dar ağacı”, “Ana ürəyi”, “Yol ayrıcında”, “Yadigar”, “Xeyir və şər” dramları, “Qayın arvadı, xayın arvadı” komediyası və bir çox pyesləri indi də sevilən əsərlər sırasındadır. 
    Sonra Oxuculara xidmət şöbəsinin müdiri Aysel Əhmədova şairin kitabxananın fondunda olan kitabları haqqında məlumat vermişdir. 

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti 
​​​​​​​

Nəşr edilib : 10.02.2023 21:36