AZ EN RU

İşgüzar səfər çərçivəsində rəsmi açılış tədbiri keçirilib

    Azərbaycan Respublikasında fəaliyyət göstərən Avropa İttifaqının nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri çərçivəsində rəsmi açılış tədbiri keçirilib. Naxçıvan Biznes Mərkəzində ölkə və beynəlxalq rəsmi nümayəndələrin, səfirlərin, yerli sahibkarların iştirakı ilə təşkil olunan tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev açıb. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı haqqında ətraflı məlumat verən nazir qeyd edib ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi iqtisadi strategiyanın muxtar respublikada uğurla davam etdirilməsi nəticəsində qısa zaman ərzində sürətli inkişaf yolu keçilib və ciddi nailiyyətlər əldə olunub. 
    Son illərin iqtisadi göstəricilərini müqayisəli şəkildə diqqətə çatdıran Tapdıq Əliyev qeyd edib ki, bu gün Naxçıvan Muxtar Respublikasında 1136 kiçik və iri istehsal sahələri fəaliyyət göstərir ki, bunlardan 497-si sənaye, 639-u kənd təsərrüfatı təyinatlı sahələrdir. 2021-ci ildə muxtar respublika iqtisadiyyatının bütün sahələrində böyük uğurlar qazanılıb, sənaye və xidmət sahələri olmaqla, 142 obyekt istifadəyə verilib. Bu müəssisələrdə 384 növdə məhsulun istehsal olunması, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi məhz iqtisadiyyatın diversifikasiyası, sahibkarlığa göstərilən dövlət qayğısı və yeni iqtisadi layihələrin dəstəklənməsi sayəsində mümkün olub. 2021-ci ildə sənaye məhsulunun 7,7 faizi dövlət sektorunda, 92,3 faizi qeyri-dövlət sektorunda istehsal edilib. Muxtar respublikada ümumi daxili məhsulun tərkibində ilk yeri isə 27,1 faizlik payla sənaye sahəsi tutub. 
    İqtisadiyyat naziri vurğulayıb ki, sosial-iqtisadi inkişafın mühüm amillərindən olan infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər görülüb, 1995-2021-ci illərdə muxtar respublika iqtisadiyyatına 12 milyard 800 milyon manatdan çox investisiya yönəldilib, 13 mindən çox müxtəlif təyinatlı obyekt, o cümlədən elm və təhsil, səhiyyə, idman, mədəniyyət müəssisəsi, sosial qayğıya ehtiyacı olan ailələr üçün evlər, körpülər tikilib və ya əsaslı təmir olunub, qəsəbə və kənd mərkəzləri istifadəyə verilib, beynəlxalq əhəmiyyətli yollar çəkilib.
    Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Petr Mixalko çıxışında Naxçıvanda olmaqdan məmnunluq ifadə edib, tədbirin yüksək səviyyədə təşkilinə, qonaqpərvərliyə, səmimi münasibətə görə təşəkkürünü bildirib. Vurğulayıb ki, Naxçıvana xüsusi biznes missiyası Avropa İttifaqı tərəfindən maliyyələşdirilən yeni bir təşəbbüsdür. Həyata keçirilən tədbirlər onu göstərir ki, arada güclü əməkdaşlıq əlaqələri vardır. Tərəflər arasında ticarət genişlənir, 2021-ci ildə ticarət dövriyyəsi 15 milyard dollardan çox olub və bu da onu göstərir ki, Avropa İttifaqı Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Bu il xüsusilə əlaqələrin inkişafı üçün geniş perspektivlərin mövcudluğu və gələcəkdə müxtəlif yönlərdə nəticələrə nail olmağın mümkünlüyü müəyyən edilib. Azərbaycanda gələcəkdə yatırımları daha da artırmaq, ixrac prosesini daha da genişləndirmək imkanları vardır. Əsas hədəf də məhz qarşılıqlı əməkdaşlığı gücləndirib daha keyfiyyətli formaya salmaq, biznes mühitini təkmilləşdirmək, şaxələnməyə yol açmaq, qeyri-neft sektorunun inkişafına təkan verməkdir. Azərbaycan hökumətinin də müxtəlif prioritetləri vardır və Avropa İttifaqı da bu məsələlərdə öz köməkliyini əsirgəməyəcək.
    Qeyd edilib ki, bu il Avropa İttifaqı Azərbaycanda iqtisadiyyatın inkişafı, layihələrin icrası naminə iqtisadi planlara 2 milyard avroluq maliyyə paketi ayırıb. Hazırda bütün diqqət prioritetlərə yönəldilib. Alternativ enerji mənbələri, rəqəmsala keçid, müasir texnologiyaların bütün sahələrdə istifadəsi, orta və kiçik biznesin dəstəklənməsi, kənd təsərrüfatının inkişafı, “Ağıllı şəhər” layihəsinin reallaşdırılması Azərbaycandakı əsas məqsədlərdir. Bütün bu məqsədlərin Azərbaycan hökumətinin hədəfləri ilə üst-üstdə düşməsi nailiyyətlərin əldə olunmasına geniş imkanlar açır. İkigünlük missiya çərçivəsində Naxçıvanda da bir sıra rəsmi görüşlər keçirildi, perspektivlər, əməkdaşlıq əlaqələri müzakirə edildi, alternativ enerji, turizm, transport, logistika sahələrinə yatırım imkanları haqqında danışıqlar aparıldı. Əminliklə demək olar ki, gələcəkdə birgə fəaliyyət uğurlu nəticələr verəcək.
    Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev çıxışında muxtar respublikanın enerji resursları, alternativ enerji mənbələri haqqında danışıb. Qeyd edib ki, bu gün muxtar respublikanın elektrik enerjisi təminatının 50 faizə yaxını bərpa olunan və alternativ enerji mənbələri hesabına ödənilir. Mövcud ənənəvi enerji mənbələrinin muxtar respublikaya kənardan gətirilməsi, həmçinin onlardan istifadə zamanı ətraf mühitə vurulan zərərlərin yüksək olması, bu enerji mənbələrinin daha güvənli, tükənməyən və ətraf mühitə qarşı zərərsiz təsirlərə malik alternativ və bərpa olunan enerji mənbələri ilə əvəz edilməsi zəruriyyətini yaradıb.
    Namiq Paşayev bildirib ki, əlverişli coğrafi mövqeyi, hidroenerji potensialı və iqlim şəraiti muxtar respublikada ekoloji cəhətdən təmiz enerji mənbələrindən, günəş, su, külək enerjisindən səmərəli istifadəyə geniş imkanlar yaradıb. Muxtar respublika ərazisində günəşli saatların orta illik miqdarının 2600-2800 saat təşkil etməsi günəş elektrik stansiyalarının Naxçıvanın enerji təhlükəsizliyinə mühüm töhfə olacağına zəmanət verir. Bu məqsədlə muxtar respublikamızın Babək, Şərur, Culfa və Kəngərli rayonlarında əkinəyararsız ərazilərdə günəş elektrik stansiyaları qurulub. Bu stansiyaların ümumi qoyuluş gücü 36 MVt-dır və il ərzində 54 milyon kVt/saat elektrik enerjisi istehsal edilir. Mövcud günəş enerjisi muxtar respublikada elektrik enerjisinə olan tələbatın 12 faizini təşkil edir. Bu göstərici 2019-cu ildə 9, 2020-ci ildə 9,6, 2021-ci ildə isə 11,3 faiz olub. Günəş enerjisindən səmərəli istifadə sənayedə və kənd təsərrüfatında da həyata keçirilməkdədir. Belə ki, Kəngərli rayonu ərazisində yeni qurulan quşçuluq fermasının damının üzərində 200 kVt, Şərur Sənaye Məhəlləsində 200 kVt, Naxçıvan Duz Zavodu istehsal müəssisəsində isə 346 kVt gücündə günəş panellərinin qurulması işləri də həyata keçirilməkdədir.
    Vurğulanıb ki, ümumilikdə, muxtar respublikada elektrik stansiyalarının ümumi qoyuluş gücü 243,8 meqavat olan 12 elektrik stansiyası fəaliyyət göstərir. Bunlardan 2-si istilik, 5-i su, 3-ü günəş, 1-i  külək, 1-i isə günəş hibrid elektrik stansiyasıdır. Bu elektrik stansiyalarından 11-i müstəqillik illərində tikilib istismara verilib.
    Tədbirdə Avropa şirkəti olan “Pure Enerji Development”in icraçı direktoru Mişel Kalerami şirkətin Naxçıvan Muxtar Respublikasında günəş elektrik stansiyalarının qurulması sahəsindəki fəaliyyəti, Avropa Yenidənqurma və İnkişaf Bankının enerji layihələri üzrə meneceri Fuad İbrahimov Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyəti, maliyyə dəstəkləri, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Boşkov və nümayəndəliyin proqram rəhbəri Ramila Aslanova Avropa İttifaqının proqramları haqqında söhbət açıblar. Çıxışlarda iqtisadi, ticarət əlaqələri, bazar mübadiləsi, dövriyyə prosesləri, reallaşdırılan layihələrlə bağlı ətraflı məlumatlar verilib, izahedici slaydlar nümayiş olunub.
    Azərbaycan Respublikasında fəaliyyət göstərən Avropa İttifaqının nümayəndə heyətinin muxtar respublikaya işgüzar səfəri çərçivəsində keçirilən rəsmi açılış tədbirinə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev yekun vurub.

Nail ƏSGƏROV

Nəşr edilib : 03.11.2022 21:42