AZ EN RU

İşğaldan azad olunmuş torpaqlarımızda ekosistem yenidən bərpa olunur (reportaj)

30 ilə yaxın müddətdə mənfur xislətli qonşularımız tərəfindən işğalda saxlanılan torpaqlarımızın Vətən müharibəsində azad edilməsi tarixi ədalətin bərpası ilə bərabər, həm də təbii zənginliklərimizin xilası ilə nəticələndi. Bu tarixi qələbə, eyni zamanda erməni vəhşiliyini, barbar xislətini bütün çılpaqlığı ilə dünyaya tanıtdı. İllərdir, təkcə torpaqlarımızı deyil, həm də onun yeraltı və yerüstü sərvətlərini talayaraq məhv edən ermənilər bununla Azərbaycanın təbiətinə də necə qənim kəsildiklərini sübut etdilər.  İndi isə reallıq dəyişib. İşğaldan azad olunmuş ərazilərdə yeni infrastruktur layihələri ilə yanaşı, ekoloji tədbirlərin həyata keçirilməsi də geniş vüsət alıb. Bir neçə gün bundan əvvəl media nümayəndələri kimi Füzuli-Cəbrayıl-Zəngilan istiqamətində səfərimizdə də məqsəd bu sahədə həyata keçirilən tədbirlərlə yerində tanış olmaq idi.

İlk dayanacağımız Cəbrayıl rayonu ərazisində yeni salınmış “Dostluq meşəsi” ərazisi oldu. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxslərindən aldığımız məlumatlardan aydın oldu ki, erməni işğalı dövründə rayonda mövcud 4629 hektar meşə fondu torpağının 2497 hektarında meşə sahələri olub. Amma işğal dövründə 2320 hektar meşə sahəsi erməni vandalları tərəfindən məhv edilib.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə 2021-ci ildə qəbul edilmiş Azərbaycan-Türkiyə-Qarabağ Tədbirlər Planına uyğun olaraq bir sıra ikitərəfli tədbirlərin həyata keçirilməsinə başlanılıb. 2022-ci il oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin layihəsi ilə tanış olublar. Dövlətimizin başçısı və birinci xanım reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 baş ceyranın buraxılması mərasimində də iştirak ediblər. Oktyabrın 20-də isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimi keçirilib, əraziyə 15 baş ceyran buraxılıb. Azərbaycan və Türkiyə prezidentlərinin ərazidə ağac əkməsindən sonra bu təbii sərvətlərimizi zənginləşdirmək ənənəsi bu gün də davam etdirilir. Azərbaycan ərazisində ceyran populyasiyasının tarixi areallarında təbii bərpasının təmin edilməsi, həssas ekosistemlərin bərpası, reintroduksiya məqsədilə görülən tədbirlər doğma Qarabağımızın qiymətli flora və fauna növlərinin qorunması və zənginləşdirilməsinə xidmət edir. Bu, milli sərvətlərimizə dövlət qayğısı, ölkəmizin işğaldan azad olunmuş ərazilərində də ekoloji siyasətini uğurla həyata keçirməsi deməkdir.

Nazirliyin nümayəndəsi Cabbar Qəribov bildirdi ki, artıq xeyli vaxtdır ki, Cəbrayıl rayonu ərazisində ermənilər tərəfindən məhv edilmiş meşə ərazilərinin bərpası işləri həyata keçirilir. Bu tədbirlər, əsasən, Azərbaycan və Türkiyə respublikalarının müvafiq qurumları tərəfindən aparılır. Birgə fəaliyyətin nəticəsində bu ərazidə “Azərbaycan-Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi”, “Ağıllı tingçilik” kompleksinin və “Dostluq meşəsi”nin yaradılması layihəsinin icrasına uyğun olaraq 73 hektar ərazidə “Dostluq meşəsi” və ona bitişik ərazidə  63 mindən çox yerli və Türkiyədən gətirilmiş ağac növlərindən istifadə olunmaqla əkin işləri aparılıb. Bu layihədə türkiyəli mütəxəssis və meşəçilərin təcrübəsindən istifadə edilib. Eyni zamanda ağac əkilməsi üçün terrasların salınmasında Türkiyə tərəfindən verilən texnikalardan istifadə olunub. Həmçinin türkiyəli mütəxəssislər azərbaycanlı həmkarları üçün xüsusi treninqlər keçiblər. Hazırda “Dostluq meşəsi” ilə yanaşı, 8 hektar ərazidə müasir “Ağıllı tingçilik” sahəsi də yaradılır. Burada Türkiyə təcrübəsi əsasında tinglər yetişdiriləcək. “Ağıllı tingçilik” ərazisində ildə 2 milyon ting yetişdiriləcək ki, bu tinglər də həm Zəngəzur, həm də bütün Qarabağ ərazisində meşəbərpa və meşəsalma işlərində istifadə ediləcək. Öyrəndik ki, salınacaq meşələrdə həm yerli, həm də Türkiyədən gətirilmiş ağac növlərindən geniş istifadə ediləcək. Hazırda “Dostluq meşəsi” ərazisində həm yerli, həm də Türkiyədən gətirilmiş çinar, Eldar şamı, göyrüş, qızıl şam, dağdağan, yalançı akasiya, Kipr akasiyası, fıstıq şamı və sair ağac növləri əkilib. Səfər zamanı media nümayəndələrinə o da bildirildi ki, ceyranların dayanıqlı populyasiyasının yerində öyrənilməsi və formalaşdırılmasına nəzarət olunması məqsədilə həmin ərazilərdə mütəmadi monitorinqlər keçirilir. Ərazi ilə tanışlıqdan sonra bu işə öz töhfəmizi vermək istəyi ilə biz jurnalistlər də “Dostluq meşəsi” ərazisində ağacəkmə aksiyasında iştirak etdik.

Növbəti dayanacağımız isə Zəngilan rayonu ərazisindəki Oxçuçayın Azərbaycan ərazisindən başlayan Sayıflı kəndini ziyarət etmək və burada nazirliyin erməni ekoloji terroruna məruz qalmış ekosistemin bərpası ilə bağlı həyata keçirdiyi işlərlə, nəzərdə tutulan layihələrlə tanış olmaq idi. Yolboyu hər addımda erməni vəhşiliklərinin izlərini görmək mümkün idi. Dağıdılmış evlər, xarabalığa çevrilmiş yaşayış məntəqələri heç zaman onların olmayan torpaqlara göstərdiyi münasibətin acı nəticələri idi. Şükürlər olsun ki, bu gün artıq biz o torpaqlara qayıdırıq. Ərazilərdə həyata keçirilən minatəmizləmə işləri, yolboyu hərəkət edən yük maşınlarımız, yeni çəkilən elektrik xətləri, yenidən qurulan avtomobil yolu və körpülər yaxın gələcəkdə gerçəkləşdiriləcək məskunlaşmanın işartıları kimi qeyri-adi sevinc, qürur doğururdu.

Sayıflı kəndinə, daha doğrusu, kəndin xarabalıqlarına yaxınlaşırıq. Ərazidə  Oxçuçay üzərində yerləşəcək su elektrik stansiyasının inşaat işləri aparılır, böyük diametrli boruların daşınaraq burada qaynaq edildiyini görürük. Bir az da getdikdən sonra Oxçuçayın kənarında maşından enirik. Ətraf uca dağlarla əhatələnib. Çayın düz kənarında bir qurğu diqqətimizi çəkir. Bu, hidrometeoroloji müşahidə şəbəkəsidir.

Onu da xatırladaq ki, 330 kilovoltluq Cəbrayıl yarımstansiyası Qarabağda tikilən ən böyük yarım­stansiyadır, özü də beynəlxalq əhəmiyyət daşıyır. İşğaldan azad olunmuş ərazilərdə tikilən “Xudafərin”, “Qız qalası” stansiyaları Oxçuçay üzərində tikilən kiçik su elektrik stansiyalarının istehsal etdiyi enerjini məhz bu yarımstansiya transfer edəcək. Bu yarımstansiya Naxçıvana və oradan da Avropa ölkələrinə elektrik enerjisini ötürməyə imkan verəcək. Həmin yarımstansiya isə Naxçıvanın Azərbaycan enerji sisteminə qoşulmasını təmin edəcək. Bu, eyni zamanda Naxçıvanın enerji təhlükəsizliyi baxımından müsbət rol oynayır.

Məlumat verildi ki, ölkə başçısı cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərlə bağlı mühüm tapşırıqlarından biri də məhv edilmiş ekosistemin bərpa olunmasıdır. Xüsusilə görülən və icrası davam etdirilən əsas işlərdən biri işğaldan azad edilmiş çayların, su mənbələrinin təmizliyinə, keyfiyyətinə, su sərfinə və temperaturuna nəzarət etmək məqsədilə hidroloji stansiyaların quraşdırılmasıdır. Bu tipli stansiyalar çaylardakı suyun səviyyəsini, temperaturunu, keyfiyyətini, elektrik keçiriciliyini, çirkləndiricilərin ümumi dərəcəsini, eləcə də radiasiya fonunu ölçür və nəticələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hidrometereologiya xidmətinin situasiya mərkəzinə ötürülür. Mərkəzdə bu məlumatlar təhlil edilir. Oxçuçay üzərində qurulmuş bu avtomat radioloji və hidroloji stansiya da ən müasir qurğulardandır. Stansiyanın üstünlüklərindən biri də məlumatların hər 10 dəqiqədən bir mərkəzi serverə ötürülməsi və təhlil etməyə imkan verməsidir. Çirklənmə qeydə alınarsa, dərhal monitorinqlər keçirilir və müvafiq tədbirlər görülür.

Məlumat verildi ki, ümumiyyətlə, Şərqi Zəngəzur İqtisadi rayonunda Azərbaycanın transsərhəd çayı olan Oxçuçay ən çox çirklənməyə məruz qalan çaydır. Hazırda Oxçuçayda üç məntəqə üzrə davamlı monitorinqlər aparılmaqdadır. Monitorinqin nəticələrinə görə çayda ağır metalların miqdarı normadan çox artıqdır. Buna səbəb isə Ermənistan tərəfindən mütəmadi olaraq dağ-mədən filiz saflaşdırma kombinatlarının tullantı sularının təmizlənmədən Oxçuçaya axıdılmasıdır. Bu, bir daha onu göstərir ki, erməni xisləti dəyişən deyil və bu millətin sivil standartlarla yaşamaq potensialı yoxdur.

Onu da öyrəndik ki, yaşıllıqların və meşə zolaqlarının salınması və bərpası Zəngilan rayonunda da uğurla həyata keçirilir. İndiyədək rayonun giriş hissəsində 55 hektar torpaq sahəsində 33 min 300-dən çox müxtəlif növ ağac tingləri əkilib. Həmçinin bu yaşıllıqların suvarılmasının təmin edilməsi məqsədilə 30 hektar sahədə damcılı suvarma şəbəkəsi qurulub və hazırda bu sahədə işlər davam etdirilir.  

Yazın gəlişinə çox az qalıb. Bu isə o deməkdir ki, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən işlər daha da genişlənəcək. İşlər isə çoxşaxəlidir. Çünki Azərbaycan dövləti məhv edilmiş rayon və kəndlərimizi kərpic-kərpic yenidən qurur.

Səbuhi HƏSƏNOV

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Naxçıvan-Füzuli-Cəbrayıl-

Zəngilan-Naxçıvan

Nəşr edilib : 02.03.2023 17:00