AZ EN RU

İşğaldan azad olunmuş ərazilərə 2026-cı ilədək 34 500 ailənin köçürülməsi nəzərdə tutulub

Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 12 milyard manat vəsait ayrılıb. 2024-cü ilin dövlət büdcəsində isə 4 milyard manat vəsait nəzərdə tutulub.

Bunu Baş nazir Əli Əsədov parlamentin dekabrın 5-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün sonrakı illərdə 14,5 milyard manat vəsait nəzərə alınmaqla 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur:

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketi həmin rayonların sürətlə dirçəlməsinə, əhalinin məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir”.

Əli Əsədov xatırladıb ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə qayıdış prosesinin ilkin mərhələsinə start verilib. Onun sözlərinə görə, 2026-cı ilədək 34 500 ailənin və ya 140 min vətəndaşın köçürülməsi nəzərdə tutulub.

“Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq ümumilikdə 987 ailənin (3932 nəfər) köçürülməsi təmin olunub. Cari ilin sonunadək əlavə olaraq 215 ailənin köçürülməsi gözlənilir. Xüsusi qeyd etmək istərdim ki, Qarabağ iqtisadi rayonunun əraziləri - Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və bütövlükdə işğaldan azad olunmuş rayon və şəhərlərin yerli xərcləri üzrə büdcədə 50 milyon manatdan artıq vəsait nəzərdə tutulub”, - deyə Baş nazir vurğulayıb

Nəşr edilib : 05.12.2023 14:09