AZ EN RU

İşə qəbul edilən gənc müəllimlərlə görüş keçirilib

Tədbiri Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Ovni Muradov giriş sözü ilə açaraq ölkəmizdə, o cümlədən muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, bu gün muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almış, öz fəaliyyəti ilə seçilən müəllimlərin əməyi yüksək qiymətləndirilmişdir. Bu günə qədər 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Diqqətə çatdırılıb ki, bu gün muxtar respublikada gənclərə göstərilən yüksək qayğılardan biri də pedaqoji profilli ixtisasları bitirmiş gənclərin işlə təmin olunmasıdır. Bildirlmişdir ki, 2018-ci ildən bu günədək keçirilən müsabiqələrdə yüksək nəticə göstərənlərdən 1027-si müəllim, 258-i isə müxtəlif vəzifələrə olmaqla, ümumilikdə, 1285 gənc kadr işlə təmin edilmişdir.

Ovni Muradov növbəti müəllimlərin işə qəbulu müsabiqəsinin də uğurla başa çatdığını qeyd edərək bildirib ki, 2023-2024-cü tədris ili üçün müsabiqəyə müxtəlif ixtisaslar üzrə 200 vakant yer çıxarılmışdı. Elan olunan vakansiyaya 1352-i kadr qeydiyyatdan keçmişdi. 3-14 iyul tarixlərində baş tutan işə qəbul imtahanlarında 966 namizəd keçid balını toplamış, onlardan 136-sı ən yüksək nəticə göstərdiyindən sentyabrın 15-dən ümumtəhsil məktəblərində müəllim kimi fəaliyyətə başlayacaqdır. İşə qəbul edilənlərdən 36-sı stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri seçib. Muxtar respublikanın şəhər və rayon məktəbləri ilə yanaşı, ucqar dağ kəndlərində də yaradılan müasir təhsil infrastrukturunun nəticəsidir ki, gənc müəllimlərdən bəzisi şəhər və rayon mərkəzlərində yaşasalar da, ucqar kənd məktəblərində işləməyə üstünlük veriblər.

Qeyd edilib ki, işə qəbul olunan müəllimlər üçün senytabrın 5-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM Təlim-Tədris Mərkəzində 3 günlük “İnnovativ müəllim” təlimi də keçirilib. Təlimlərdə gənc müəllimlərə “İnnovativ müəllim necə olmalıdır?”, “Müəllimin hüquq və vəzifələri”, “Səmərəli təlim mühitinin yaradılması”, “Müəllimlərin etik davranış qaydaları”, “Müəllim, şagird və valideyn münasibətlərinin tənzimlənməsi” və digər mövzularda məlumatlar verilib.

Ovni Muradov gənc müəllimləri yeni işə təyin olunmaları və qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib, onlara hərtərəfli biliyə, geniş dünyagörüşünə, xalqın milli-mənəvi dəyərlərinə yiyələnən, millətini və Vətənini sevən nəsil yetişdirilməsində səylə çalışmaları ilə bağlı tövsiyələrini çatdırıb.

Tədbirdə gənc kadrlar adından çıxış edən Aygül Rzayeva işlə təmin olunmalarına, onlar üçün göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.

Sonra “İnnovativ müəllim” təlimində iştirak edən müəllimlərə sertifikatlar təqdim olunub.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 14.09.2023 17:58