AZ EN RU

İşə qəbul edilən gənc müəllimlərlə görüş

    Tədbiri Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Ovni Muradov giriş sözü ilə açaraq ölkəmizdə, o cümlədən muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, bu gün muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almış, öz fəaliyyəti ilə seçilən müəllimlərin əməyi yüksək qiymətləndirilmişdir. 
      Diqqətə çatdırılıb ki, bu gün muxtar respublikada gənclərə göstərilən yüksək qayğılardan biri də onların işlə təmin olunmasıdır. Bildirilib ki, 2018-ci ildən bu günədək keçirilən müsabiqələrdə yüksək nəticə göstərənlərdən 1285 gənc işlə təmin edilmişdir.
    Ovni Muradov növbəti müəllimlərin işə qəbulu müsabiqəsinin də uğurla başa çatdığını qeyd edərək bildirib ki, 2023-2024-cü tədris ili üçün işə qəbul üzrə müsabiqədə yüksək nəticə göstərmiş 136 nəfər sentyabrın 15-dən ümumtəhsil məktəblərində müəllim kimi fəaliyyətə başlayacaqdır. İşə qəbul edilənlərdən 36-sı stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri seçib. Muxtar respublikanın şəhər və rayon məktəbləri ilə yanaşı, ucqar dağ kəndlərində də yaradılan müasir təhsil infrastrukturunun nəticəsidir ki, gənc müəllimlərdən bəzisi şəhər və rayon mərkəzlərində yaşasalar da, ucqar kənd məktəblərində işləməyə üstünlük veriblər.
    Qeyd edilib ki, işə qəbul olunan müəllimlər üçün sentyabrın 5-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazir­liyi tərəfindən STEAM Təlim-Tədris Mərkəzində 3 günlük “İnnovativ müəllim” təlimi də keçirilib. 
    Ovni Muradov gənc müəllimləri yeni işə təyin olunmaları və Bilik Günü münasibətilə təbrik edib, onlara hərtərəfli biliyə, geniş dünyagörüşünə, xalqın milli-mənəvi dəyərlərinə yiyələnən, millətini və Vətənini sevən nəsil yetişdirilməsində səylə çalışmaları ilə bağlı tövsiyələrini çatdırıb.
     Tədbirdə gənc kadrlar adından çıxış edən Aygül Rzayeva işlə təmin olunmalarına, onlar üçün göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
    Sonra “İnnovativ müəllim” təlimində iştirak edən müəllimlərə sertifikatlar təqdim olunub.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 14.09.2023 20:47