AZ EN RU

İsa Həbibbəyli: “Qərbi Azərbaycan ensiklopediyası” üzərində işlər ilin sonunadək başa çatdırılacaq

“Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı irəli sürdüyü Qayıdış Konsepsiyasına uyğun olaraq artıq 11 aydır ölkəmizin hər yerində, xüsusilə elm, təhsil, mədəniyyət müəssisələrində bu istiqamətdə çoxsaylı tədbirlər keçirilir. Qərbi Azərbaycan İcması tərəfindən müxtəlif beynəlxalq təşkilatlarda bir çox mühüm məsələlər qaldırılır, Qərbi Azərbaycan torpaqlarına ermənilərin köçürüldüyü və azərbaycanlıların XX əsrin əvvəllərindən həmin torpaqlardan zorla, vəhşicəsinə çıxarıldığı dünya ictimaiyyətinin diqqətinə çatdırılır”.

Bu fikirləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli noyabrın 23-də Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Qərbi Azərbaycan toponimləri” mövzusunda keçirilən respublika elmi konfransında söyləyib.

Akademiyanın elmi müəssisələrində Qərbi Azərbaycanla bağlı görülən işlərdən bəhs edən akademik diqqətə çatdırıb ki, aparılan tədqiqatları ümumiləşdirmək və əlaqələndirmək üçün AMEA-nın Qərbi Azərbaycan tədqiqatları üzrə əlaqələndirmə şurası yaradılıb və artıq şuranın bir neçə iclası keçirilib.

AMEA-da alimlərin iştirakı ilə “Qərbi Azərbaycan ensiklopediyası”nın sözlüyünün hazırlandığını deyən İ.Həbibbəyli bununla bağlı yaradılmış işçi qrup tərəfindən ensiklopediyanın sözlüyü üzərində işlərin davam etdirildiyini bildirib. O qeyd edib ki, 2023-cü ilin sonunda “Qərbi Azərbaycan ensiklopediyası” üzərində işlərin başa çatdırılması nəzərdə tutulur.

“Bugünkü konfrans da ölkə Prezidentinin Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində AMEA-da keçirilən əhəmiyyətli tədbirlərdən biridir”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Nəşr edilib : 23.11.2023 14:56