AZ EN RU

İrəvan və Naxçıvan xanlarının qohumluq tarixçəsi

    İrəvan xanlığının sonuncu hakimləri olmuş Dəvəli Qacarlarını Naxçıvanın Kəngərli xanları ilə yaxın qohumluq telləri bağlamışdır. Naxçıvan tarixinin XIX yüzilliyin ikinci yarısından üzübəri açılmamış səhifələrini araşdırarkən İrəvan xanlarının varislərindən olan Abbasqulu xan İrəvanskinin adına tez-tez rast gəlirik.

    Abbasqulu xanın həyatı Naxçıvanla sıx bağlı keçmişdir. Onun həyat yoldaşlarından ikisi Naxçıvandan olmuşdur: general İsmayıl xanın qızı Tərlan xanım və general-mayor II Kalbalı xan Naxçıvanskinin qızı Zərrintac bəyim. Abbasqulu xanın ikinci həyat yoldaşı Tərlan xanımdan 7 övladı doğulmuşdur: Kərim xan, Əli xan, Həsən xan, Xanlar xan, Fəxrəntac xanım, Gövhərtac xanım və Tacı xanım. Təqdim edilən şəkildə Abbasqulu xandan sağda oturan onun qızı Gövhərtac xanımdır, qucağındakı uşaq oğlu Əziz xandır. İkinci cərgədə solda ayaq üstə dayanan ikinci şəxs onun həyat yoldaşı Bəhram xan Naxçıvanskidir. 
    Bəhram xan 1872-ci ildə Naxçıvan şəhərində İsmayıl xanın oğlu Aman xanın ailəsində anadan olmuşdur. Anası Xanbikə Xurşidbanu Natəvanın qızıdır. Uşaqlıq illəri 1886-cı ildən etibarən Şuşada keçmişdir. 1899-1904-cü illərdə Naxçıvan şəhər polis pristavının köməkçisi işləmişdir. 1898-1903-cü illərdə Naxçıvan şəhərindəki müsəlman ibtidai məktəbinin fəxri nəzarətçisi də olmuşdur. Bəhram xanın kollej, katib, asessor, titulyar müşavir, yəni saray müşaviri olması haqqında da məlumat vardır. 1906-1909-cu illərdə isə O, Naxçıvan şəhərinin starostası olmuşdur. 
    1919-cu ilin yanvar ayından Naxçıvan Araz-Türk Respublikasının xarici işlər naziri, 1919-cu ilin avqustundan Naxçıvan şəhərində Cənub-Qərbi Azərbaycan general-qubernatorunun köməkçisi işləyən Bəhram xan həmin ilin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin Lənkəranda tam səlahiyyətli nümayəndəsi təyin edilmişdir. 1920-ci ildən İrana mühacirətə gedən Bəhram xan Səlmasda və Təbrizdə yaşamışdır. O, Culfa-Təbriz dəmir yolunda yoxlayıcı işləməklə bərabər, həm də “Müstəqil Qafqaz” təşkilatının üzvü olmuşdur. 
    Fotoşəkildə ikinci cərgədə Bəhram xandan sağda ayaq üstə duran Abbasqulu xanın oğlu Həsən xan, onun qarşısında oturan qadın isə həyat yoldaşı Nuraleyin xanımdır. Rus hərbi şərqşünası K.N.Smirnov yazır ki, Abbasqulu xanın oğlu Həsən xan 1934-cü ildə İrəvanda yaşamışdır. Amma Həsən xanın oğul nəvəsi Turhan Turqutun dediyinə görə, onun ata babası Həsən xan 1927-ci ildə İrana, sonra isə Türkiyəyə mühacirət etmişdir.
    Yeri gəlmişkən deyək ki, bu tarixi fotoşəklin doğru-dürüst araşdırılmasına Turhan Turqut köməklik göstərmişdir. Onun dediyinə görə, Həsən xan 1898-ci ildə Bəhmən Mirzə Qacarın qızlarından Nuraleyin xanımla ailə qurmuşdur. Bu nikahdan onların 5 uşaqları olmuşdur: Hüseyn xan, Fərid xan, Ruhsarə, Sami və Adilə xanım. Həsən xanın böyük oğlu Hüseyn xan 1900-cü ilin noyabr ayında İrəvan şəhərində doğulmuşdur. O, İrəvanda gimnaziyanı bitirmişdir. 1917-ci ildə Rusiyada çarizmin yıxılmasından və bolşeviklərin hakimiyyəti silahlı yolla ələ keçirməsindən sonra erməni daşnaklarının terrorundan yaxa qurtarmaq üçün Həsən xan ailəliklə Naxçıvana köçmüşdür. Bir müddət Naxçıvanın müdafiəsi uğrunda  döyüşən Həsən xanın oğlu Hüseyn xan sonralar Türkiyəyə getmiş və Osmanlı ordusunda zabit kimi hərbi xidmətə başlamışdır. Türkiyə ordusunun apardığı döyüşlərdə fərqlənən Hüseyn xan “Dəmir Hilal” nişanı ilə təltif edilmişdir. Sonrakı döyüşlərdə şücaətinə görə onu “İstiqlal” medalı ilə təltif etmişlər. 
    Müharibə qurtardıqdan sonra Ankarada mühafizə alayında hərbi xidmətini davam etdirmişdir. 1930-cu ildə hava qüvvələrində hərbi xidmətə başlayan Hüseyn xan Fransaya ikiilliyə ezam olunur. 1932-ci ildən 1946-cı ilədək hərbçi təyyarəçilərin yetişdirilməsində əlindən gələni əsirgəmir. Türkiyənin hava qüvvələrində çox sevilən, əfsanəvi bir zabitdən çox, həm də dərin zəkası ilə tanınır. 1960-cı ildə ona general hərbi rütbəsi verilir. Sonralar istefaya çıxan Hüseyn xan 1971-ci ildə Ankarada vəfat etmişdir. 
    Hüseyn xan 1936-cı ildə Ləman adlı qızla ailə qurmuş, Nur və Turhan adlı iki uşağı olmuşdur. Onlardan biri –1940-cı ildə doğulan Nur Ümit Arik adlı diplomatla ailə qurmuşdur. Digəri Turhan Turqutdur ki, 1946-cı ilin iyul ayında Türkiyənin İzmir şəhərində doğulmuş və Ankara Universitetinin Hüquq fakültəsini bitirmişdir. 
    Fotoşəkildə ön cərgədə soldan birinci Abbasqulu xanın oğlu Xanlar xandır, qucağındakı isə oğludur. Abbasqulu xanın qarşısında oturan isə sonbeşik qızı Tacı xanımdır. O, Maku sərdarının nəvəsi Əlixanla ailə qurmuşdur. Əlixanın anası isə general-mayor II Kalbalı xanın qızı Şahbəyimdir.
    Abbasqulu xandan solda oturan qızı Fəxrəntac xanımdır. Arxa cərgədə solda ayaq üstə dayanan Rəhim xan Naxçıvanski balaca qızı Xurşidlə, ondan sağdakı isə Fəxrəntac xanımın həyat yoldaşı Cəfərqulu xan Naxçıvanskidir. Fəxrəntac xanımın yanındakı Cəfərqulu xanın ikinci həyat yoldaşıdır. Fəxrəntac xanımın qarşısında oturanlar onun qızı Nazlıbəyim, oğlu III Kalbalı xandır. 
    Abbasqulu xanın böyük oğlu Həsən xan Türkiyənin Əskişəhərində 1956-cı ilədək yaşamış və orada da vəfat etmişdir. Onlar Türkiyədə Turqut familiyasını qəbul etmişlər. Turhan Turqutun dediyinə görə, babası Həsən xan deyirmiş ki, biz Turqutlar soyundanıq. Yəqin ki, Turqutlar Qacarların Türkiyədə yaşayan bir qolu olmuşdur.
    Abbasqulu xan İrəvanski 1905-ci ildə İrəvanda və Naxçıvanda xalqı başına toplayaraq erməni daşnaklarına qarşı vuruşmuş, müsəlmanların İrəvandan köçürülməsinin qarşısını almışdır. Onun birinci həyat yoldaşı Bilqeyis xanımdan 3 övladı – 2 oğlu və 1 qızı olmuşdur. Böyük oğlu Əli xanı evdə Ağa xan çağırmışlar. Əli xan məşhur hərbçi kimi tanınmış, 1918-ci ildə Naxçıvanın müdafiəsində vuruşmuş, sonra qardaşı Kərim xanla Kabardaya getmişdir. Onun Bülbül xanım adlı qızı olmuş və bir müddət Naxçıvanda yaşamışdır.
    Abbasqulu xanın ikinci oğlu Böyük xanın (əsl adı Məmmədqulu xandır) arvadı Tovuz xanım Naxçıvanskaya İsmayıl xanın oğlu Bəhman xanın qızıdır. Tovuz xanımın anası Çimnaz xanım general-mayor II Kalbalı xanın qızıdır. Məmmədqulu xanla Tovuz xanımın 7 övladı olmuşdur: Nazxanım, Yəməntac xanım, Mehdiqulu xan, Əfşan xanım, Allahyar xan, Davud xan və Nəcəf xan.
    Allahyar xan 1919-cu ildə Naxçıvanda erməni daşnaklarına qarşı mərdliklə vuruşmuşdur. Sovet hakimiyyəti illərində o, Leninqradda (indiki Sankt-Peterburqda) Tibb İnstitutunda oxumuşdur. 1937-ci ildə repressiyanın qurbanı olmuşdur. 
    Hər dəfə Naxçıvanın mərkəzində Cəmşid xan Naxçıvanskinin ev-muzeyinə gələndə bu tarixi fotoşəklin qarşısında dayanır, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın azadlığı, müstəqilliyi uğrunda qəhrəmanlıqla döyüşmüş mərd oğulları xəyalən xatırlayıram.
    Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müdrik kəlamı qulaqlarımda səslənir: “İrəvan xanlığı var, Naxçıvan xanlığı ilə İrəvan xanlığı bir-biri ilə çox bağlı idi. İndi ermənilər deyirlər ki, yox, orada ermənilər olubdur. Amma, həqiqətən, İrəvan xanlığıdır. Naxçıvan xanlığını siz dərindən öyrənəndə, mütləq İrəvan xanlığına gedib çıxacaqsınız. İrəvan xanlığı haqqında materialları Rusiyanın arxivlərində, Sankt-Peterburqda, rus imperiyasının arxivlərində tapacaqsınız və görəcəksiniz ki, dünyada nələr var”.
    Yuxarıda haqqında söhbət açdığımız tarixi fotoşəkil də İrəvan və Naxçıvan xanlarının bir-birlərinə çox yaxın və sədaqətli olduqlarını təsdiqləyən orijinal arxiv sənədidir. Fotoşəklin arxasında çəkildiyi tarix rusca qeyd edilmişdir: “Naxçıvan, 1906”.

Musa QULİYEV
AMEA Naxçıvan Bölməsinin aparıcı 
elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

Nəşr edilib : 22.08.2023 12:27