AZ EN RU

İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyi qeyd edilib

    Naxçıvan Dövlət Universitetində “İrəvan Müəllimlər Seminariyasi – 140” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransdan əvvəl universitet Elmi Kitabxanasının “İrəvan Müəllimlər Seminariyası – 140” adlı sərgisi nümayiş olunub.
    Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev bildirib ki, “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Sərəncamı mühüm elmi-pedaqoji, siyasi-ideoloji, mədəni-mənəvi əhəmiyyət kəsb edir. Diqqətə çatdırılıb ki, bu cür konfransların keçirilməsinin əsas məqsədi qədim tarixə, zəngin mədəniyyətə və əbədi irsə malik olan İrəvan şəhərində fəaliyyət göstərmiş İrəvan Müəllimlər Seminariyasının yaranmasını, onun Azərbaycan şöbəsinin keçdiyi çətin tarixi və şərəfli yolu öyrənməkdir. 
    Konfransa onlayn olaraq qatılan Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, pedaqogika elmləri doktoru Rüfət Hüseynzadə “İrəvan maarifçilik mühiti tarixinə bir nəzər” adlı çıxış edib. Vurğulanıb ki, tarixi, siyasi, pedaqoji əhəmiyyət kəsb edən İrəvan Müəllimlər Seminariyası 1881-ci ildə İrəvan Kişi  Gimnaziyası, İrəvan Müəllimlər Seminariyası və 1884-cü ildə yaranmış İrəvan Qız  Progimnaziyası adlı kadr hazırlayan üç böyük tədris müəssisəsi adı altında yaranıb, fəaliyyət göstərib.
     AMEA Naxçıvan Bölməsinin dosenti, tarix elmləri doktoru Emin Şıxəliyev “Erməni dövlətinin yaradılmasının böyük güclərin geosiyasi planlarında yeri: tarix və reallıqlar”, Naxçıvan Dövlət Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Vahid Rzayev “İrəvan mühiti və Firudin bəy Köçərli” mövzusunda çıxış ediblər, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyev “İrəvanda Azərbaycan ədəbi mühiti” mövzusu ilə konfransa onlayn qoşulub.  
    Konfrans bölmə iclasları ilə davam edib.  

Səadət Əliyeva

Nəşr edilib : 31.10.2022 20:51