AZ EN RU

“İrəvan Müəllimlər Seminariyası və onun naxçıvanlı məzunları” mövzusunda seminar keçirilib

    Naxçıvan Müəllimlər İnstitutunda “İrəvan Müəllimlər Seminaryası və onun naxçıvanlı məzunları” mövzusunda keçirilən seminarı giriş sözü ilə  rektor Azad Novruzov açıb. Rektor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 29 dekabr tarixdə “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd olunması haqqında” imzaladığı Sərəncamın əhəmiyyətindən bəhs edib, Cənubi Qafqazın maarifçilik hərəkatında İrəvan Müəllimlər Seminariyasının xüsusi yeri olduğunu bildirib. 
    Sonra Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, Əməkdar elm xadimi, professor Fərrux Rüstəmovun çıxışı dinlənilib. Bildirilib ki, İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə bağlı ölkə Prezidentinin imzaladığı Sərəncam mühüm elmi-pedaqoji, siyasi-ideoloji, mədəni-mənəvi əhəmiyyət kəsb edir. Bu Sərəncam İrəvan mahalında azərbaycanlıların min illərboyu yaratdığı tarixi irsə sahib çıxmaqla yaddaşımızı bərpa etməyə və strateji hədəflərə nail olmağa yönəlib.
   Diqqətə çatdırılıb ki, 1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası məzunları sırasında ölkənin dörd bir tərəfindən, o cümlədən də Naxçıvandan olan, xalqımızın bir çox tanınmış şəxsiyyətləri və dövrünün görkəmli ziyalıları var. Naxçıvan məzunlarından Həmid bəy Şahtaxtinskinin, İbrahim Şahtaxtlının, Tağı bəy Səfiyevin, İbrahim Səfinin, Mirzə Bağır Əliyevin və başqalarının adlarını çəkmək olar ki, onların Naxçıvan təhsilinin inkişafında əvəzsiz xidmətləri olmuşdur.
    Naxçıvan Müəllimlər İnstitutuna dəvət olunduğu üçün məmnunluq hissini ifadə edən professor Fərrux Rüstəmov sualları cavablandırıb, institutun kitabxana fonduna müəllifi olduğu 6 adda 25 kitab hədiyyə edib. 
    İnstitutun rektoru Azad Novruzov “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olmuş “Pedaqoji fikir tarixindən” kitabını və xatirə hədiyyəsini ona təqdim edib.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və

ictimaiyyətlə əlaqələr xidməti

Nəşr edilib : 02.06.2022 20:00