AZ EN RU

İranın siyasəti kimi, səhiyyəsi də yalan və riyakarlıq üzərində qurulub - Ekspert

Yüzlərlə Azərbaycan vətəndaşının müalicə üçün İrana üz tutması barədə müzakirələr uzun müddət ərzində davam edib. Xüsusilə sosial media seqmentində, həmçinin fərqli mərasimlərdə bu yöndə aparılan müzakirələr təbliğat xarakteri daşıyıb. İranda səhiyyə xidmətinin ucuz və keyfiyyətli olması barədə yalan rəy formalaşdırılıb. Həmin müzakirələri təşkil edənlər təşviqat işi aparmaqla insanları müalicə üçün İrana üz tutmağa istiqamətləndiriblər. Amma bu prosesin fonunda diqqətçəkən bir nüans var: İran səhiyyəsinin yalançı “üstünlükləri” barədə təbliğat işi quranlar həmin “üstünlüklər”dən razı qalmış bircə nümunə tapıb təqdim edə bilməyiblər. Əgər belə bir nümunə olsaydı, onlar məmnuniyyətlə göstərərdilər. Diqqət yetirsək görərik ki, İran səhiyyəsinin “üstünlükləri”ndən razı qalmış nümunə mövcud deyil. Əksinə, sosial media seqmentində İrana müalicə üçün getmiş, orada aldadılmış, sağlamlığına ciddi zərər dəymiş çoxsaylı insanların hekayələri dolaşır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O qeyd edib ki, İranda xəstələrə səhv diaqnozların qoyulması, lüzumsuz olaraq xəstəxanalarda uzun müddət saxlanılmaları, daha çox vəsait xərcləməyə məcbur edilmələri barədə onlarca nümunə mövcuddur. Acınacaqlı hal odur ki, İran tərəfi səhv diaqnoz və müalicə ilə həyatını bitirdiyi insanların yaxınlarının üzləşdikləri ağır durumu kompensasiya etmir. Əksinə, yanlış diaqnoz və müalicə səbəbindən həyatını itirən insanların cənazələrinin girov saxlanılması, əlavə ödənişlərin tələb edilməsi barədə çoxsaylı xəbərlər eşidilir. İran qeyri-insani davranaraq, vətəndaşların çaşqın, əlacsız durumlarından istifadə edib gəlir götürməyə çalışır.

"İran səhiyyəsinin üstünlükləri barədə təbliğatla qarşılaşanlar bilməlidirlər ki, bu ölkədə səhiyyənin modern çağırışlara cavab verməsi, effektiv olması qeyri-mümkündür. Çünki İran özünün mövcud hakimiyyətinin yanlış siyasətinin nəticəsi olaraq, dünyadan təcrid edilib, sanksiyalara məruz qalıb. İnkişaf etmiş dünya ölkələri İrana qarşı sanksiyalara qoşulublar. ABŞ və ümumilikdə Qərbin müəllifliyi ilə tərtib edilmiş bu sanksiyalar ən müxtəlif istiqamətləri əhatə edir. Buraya texnoloji yeniliklər sahəsində təcrübə mübadiləsinin aparılması, o cümlədən tibbi və kimyəvi maddələrin idxalının qadağan olunması da daxildir. Modern dünyanın texnoloji yeniliklərindən təcrid edilmiş İranda effektiv səhiyyə sisteminin mövcud olması qeyri-mümkündür. Bunun nəticəsidir ki, İranda istehsal edilən dərman preparatlarının keyfiyyəti aşağıdır, həm də çaşdırıcıdır. Məlumata əsasən, yerli dərman istehsalı uyuşdurucu maddələrin sintez edilməsi ilə hazırlanır. Bu da xəstələrdə müvəqqəti sakitləşdirmə yaratsa da, sonradan digər fəsadlara yol açır",- deyə M. Ələsgərli vurğulayıb.

O, həmçinin deyib: "Problem ondadır ki, İran tərəfi onların ucuz təbliğatının təsirinə düşmüş insanları, xəstələri təkcə maddi sıxıntılara məruz qoymur, həm də məhrumiyyətlə üzləşən, çaşqın duruma düşən bu insanların vəziyyətindən fərqli istiqamətlərdə faydalanmağa çalışırlar. “Yüksək tibbi xidmət” adı altında aldadılaraq İrana səfəri təşkil edilmiş insanların İran xüsusi xidmət orqanlarının təzyiqinə məruz qalmaları, bu ölkə ilə əməkdaşlığa sövq edilmələri barədə məlumatlar yayılır.

Bütün bunları nəzərə alaraq, vətəndaşlarımız İranın təbliğat maşınının təsirinə düşməkdən yayınmalı, onun gerçək üzünü görməlidirlər. Bilməlidirlər ki, İranın siyasəti kimi, səhiyyəsi də yalan və riyakarlıq üzərində qurulub".

Nəşr edilib : 07.06.2023 21:04