AZ EN RU

İranda prezident seçkiləri ilə bağlı təşviqat kampaniyası başlayır

Bu gündən İranda prezidentliyə namizədlərin televiziya vasitəsilə seçkiqabağı təbliğat kampaniyası başlayır.

Bu barədə ISNA agentliyi məlumat yayıb. Bildirilib ki, kampaniya Konstitusiya Şurası tərəfindən təsdiqlənən altı namizədin siyahısı elan edildikdən sonra başlayıb və namizədlər arasında bununla bağlı püşkatma keçirilib.

Bu gün ilk olaraq təbliğata üç namizəd - Səid Cəlili, Əmirhüseyn Qazizadə və Məhəmməd Baqer Qalibaf başlayacaq.

İran İslam Respublikası Yayımları (İRİB) üzrə beş canlı televiziya debatını əhatə edən kampaniya seçkiyə 24 saat qalmışa qədər davam edəcək.

Seçki üçün qeydiyyat iyunun 3-də başa çatıb və 80-dən çox namizəd səsvermədə iştirak etmək üçün qeydiyyatdan keçib. Növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb. Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

Qeyd edək ki, İran tarixində 14-cü prezident seçkiləri Prezident İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olması ilə əlaqədar keçirilir. Qəzada ümumilikdə səkkiz nəfər, o cümlədən xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və bir sıra dövlət rəsmiləri həyatını itirib.

İran Konstitusiyasına görə, prezidentin ölümündən sonra növbəti 50 gün ərzində yeni seçkilər keçirilməlidir.

Nəşr edilib : 11.06.2024 12:51