AZ EN RU

İran səfiri Britaniyada XİN-ə çağırıldı – jurnalistləri təhdid etdiyinə görə

İranın Böyük Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

İran səfirinə etiraz notasının təqdim edilməsinin səbəbi Böyük Britaniyada fəaliyyət göstərən müxalifət yönümlü “İran İnternational” televiziya kanalının fars dili bölməsinin jurnalistlərinin və digər əməkdaşlarının təhdid olunmasıdır.

“İran İnternational” kanalı İranda artıq 6-cı aydır davam edən etiraz aksiyalarını və nümayişlər zamanı həbs olunaraq edam edilənlərin haqsızlıqla üzləşməsi barədə geniş və obyektiv materiallar yayımlayandan sonra İran rəsmiləri tərəfindən dəfələrlə təhdid olunublar. Onların evlərinə zənglər edilib və elektron ünvanlarına təhdid məktubları daxil olub.

İran səfirinin diqqətinə çatdırılıb ki, Böyük Britaniyada mətbuat azad şəkildə fəaliyyət göstərir və onun təhdid olunması yolverilməzdir.

Qeyd edək ki, ötən ilin sentyabrında baş örtüyünü düzgün örtmədiyinə görə İranın əxlaq polisi tərəfində zorakılığa məruz qalaraq həyatını itirən 22 yaşlı Məhsa Əminin dəfnindən sonra başlayan etiraz aksiyaları bütün İranı bürüyüb. Hakimiyyət aksiyanı yatırmaq üçün olduqca qəddar üsullardan istifadə edir. Bu günədək 15 mindən çox şəxs həbs olunub və 100-dən insan edam edilib. Lakin bu qəddar tədbirlər aksiyaların qarşısını almır.

Nəşr edilib : 21.02.2023 14:09