AZ EN RU

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində 21 lisenziya verilib

Azərbaycanda sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, bu sahədə qanunvericiliyin, inzibati prosedurların və dövlət-sahibkar münasibətlərinin təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə lisenziyaların verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulmuş əsas vəzifələrdəndir və bu istiqamətdə ardıcıl olaraq tədbirlər həyata keçirilir.

Biznes sferasının tənzimlənməsi istiqamətlərindən biri də sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılmasıdır. Sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılması sahəsində aparılmış islahatların nəticəsi olaraq, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı əhəmiyyətli dərəcədə azalıb. Bu islahatların tərkib hissəsi kimi ölkəmizdə “Lisenziyalar və icazələr haqqında” Qanun qəbul edilib, lisenziyalarla yanaşı, icazələrin də siyahısı müəyyən edilib. Naxçıvan Muxtar Republikası Ali Məclisi Sədrinin 04 aprel 2023-cü il tarixli Fərmanına uyğun olaraq  muxtar respublikada dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla digər fəaliyyət növlərinə lisenziyanın verilməsi üzrə səlahiyyətli dövlət orqanı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən edilib.

Sahibkarlara xidmətin yüksək səviyyədə göstərilməsi üçün lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən ASAN xidmət” mərkəzi vasitəsi ilə verilir. Ümumilikdə, bu dövrdə sahibkarlıq subyektlərinə 21 lisenziya verilib. Verilən lisenziyalar əczaçılıq, tikintisinə icazə tələb olunan bina və qurğuların layihələndirilməsi, tikinti-quraşdırma işləri, müxtəlif növ möhürlərin və ştampların hazırlanması, yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri, yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqların keçirilməsi fəaliyyət sahələrini əhatə edib.

Reallaşdırılan tədbirlər nəticəsində bu sahədə lisenziyanın verilməsi daha da sadələşdirilib, sahibkar və vətəndaş məmnunluğu yüksəlib.

Naxçıvan Muxtar Republikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.07.2023 12:32