AZ EN RU

İqtisadi inkişafda yüngül sənayenin də böyük payı vardır

Ailə birliyinin bəhrəsi, sənəti yaşadan məkan – “Zümrüd Tekstil”
Məhdud Məsuliyyətli Cəmiyyəti

    Ata-babalarımızın həyat məktəbinin enişli-yoxuşlu yollarında çoxlu imtahanlarla üzləşərək söylədiyi “Birlik harada, dirilik orada”, “El bir olsa, dağ oynadar yerindən”, “Tək əldən səs çıxmaz” və digər ibrətamiz sözlərdə təlqin olunduğu, dastanlarımızda, nağıllarımızda xalqımıza xas məziyyətlərdən sayılan birlik-bərabərlik nümunəsi günümüzdə də öz müfəssəl təcəllası ilə insanlarımızı firavan həyata qovuşdurur, dövlətimizi qüdrətə, yenilməzliyə aparır. Təməli kiçik dövlət sayılan ailədə qoyulan bu insani keyfiyyətin bariz ifadəsini indi diyarımızda formalaşan yüzlərlə ailə təsərrüfatının, ailə biznesinin, sahibkarlıq subyektlərinin timsalında da aydın şəkildə görə bilərik. Bu yazımız da məhz dövlət dəstəyinə arxalanıb, ailə birliyindən, bərabərliyindən ilhamlanıb, sözün həqiqi mənasında, təməldən başlayaraq bir igidin ömrü qədər inkişaf yolu keçən, çiyinlərində qədim el sənətimiz olan dərziliyi yaşatmaq amalını,  uğurla daşıyan, “Sənaye ili”nə töhfələr verən “Zümrüd Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti barədədir...

    Arxası dağ olanın başı göylərə ucalar, – deyiblər. Məhz “Zümrüd Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin keçdiyi inkişaf yoluna nəzər saldıqda, müəssisənin rəhbəri Mehrəngiz Əkbərova ilə söhbətimizdə də aydın oldu ki, ailə biznesi bugünkü tərəqqiyə arxalarında dağ kimi vüqarla dayanan qüdrətli dövlətimizin sayəsində qovuşublar. Mehrəngiz xanım bildirdi ki, ömür-gün yoldaşım Etibar Hacıyev 1997-ci ildə Ali Məclis Sədrinin təşəbbüsü, BMT-nin inkişaf proqramı əsasında kiçik bir tikiş müəssisəsi açmağa müvəffəq oldu. Adını isə həm övladımızı, həm də işin gələcəyini düşünüb mənası “parlaq, işıqlı” olan “Zümrüd” qoymağı qərara aldıq. Müəssisə 10 il müddətində Naxçıvan şəhərinin Atatürk küçəsindəki binanın iki otağında fəaliyyət göstərdi. 2000-ci ildə çalışdığım musiqi məktəbindən təqaüdə çıxdım və geyim məsələlərində qadın zövqünü, qadın təfəkkürünü nəzərə alıb qərara gəldim ki, mən də həyat yoldaşıma müəssisənin fəaliyyətində, idarəçiliyində yaxından köməklik edim. Beləcə, “Güc birlikdədir, tək əldən səs çıxmaz”, – deyib əl-ələ verərək çalışmağa başladıq. Necə deyərlər, ayağım da düşərli oldu. Belə ki, Ali Məclis Sədrinin tapşırığına əsasən 2000-ci ildən muxtar respublikanın məktəblərində vahid məktəbli forması tətbiq olunmağa başladı və həmin formanın hazırlanması bizim müəssisəyə tapşırıldı. Bu məqamda pedaqoji təcrübəmə əsaslanıb bir faktı qeyd etməyi özümə borc bilirəm ki, muxtar respublika rəhbərinin zamanı qabaqlayan həmin mütərəqqi addımı, yəni vahid məktəbli formasının tətbiqi həm də təhsilin inkişafına təkan verdi. Beləliklə, əvvəllər şagirdlər arasında mövcud olan ayrı-seçkilik halları aradan qaldırıldı, uşaqların diqqətləri tamamilə dərslərə yönəldildi. Bununla həm də valideynlərin üzərinə düşən maddi yük xeyli azaldıldı.

    Mehrəngiz Əkbərova dedi ki, müəssisə fəaliyyət göstərdiyi ilk vaxtlarda həm yer, həm də avadanlıqlar baxımından imkanlar elə də geniş, ürəkaçan səviyyədə deyildi. Lakin gələcəklə bağlı ürəyimizdə inam, ümid çırağı hər ötən gün daha da gur yanmağa başlayırdı. Çünki o çırağı şölələndirən dövlətimizin diqqəti, qayğısı idi. Ali  Məclis Sədrinin hər dəfə biz sahibkarlarla görüşündə söylədiyi fikirlər, verdiyi dəyərli tövsiyə və tapşırıqlar işimizə böyük stimul bəxş edir, qəlbimizdə gələcəyə etibar, inam hissi yaradırdı. Və nəhayət, çoxdan gözlədiyimiz məqam yetişdi. 2009-cu ildə Sahibkarlığın İnkişafı Fondundan 560 min manat güzəştli kredit götürərək müasir layihə əsasında İdris Məmmədov küçəsində 3 mərtəbədən ibarət yeni bina inşa etdirməyə nail olduq. Binanın birinci mərtəbəsində satış mağazası, geyim, kompüterlə ölçü və biçim, iş otaqları, ikinci mərtəbəsində isə geniş istehsal sahəsi və ütü otağı yaradıldı. Almaniya, Avstriya, Türkiyə istehsalı olan 70 adda ən müasir biçim, ölçü, ütü və tikiş avadanlıqlarını alıb müəssisəmizdə quraşdırdıq, istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarəti təmin etdik. Beləliklə, 2011-ci ildən etibarən müasir şəraitdə yeni binada yeni əhvali-ruhiyyə ilə daha da şövqlə çalışmağa başladıq. İş imkanlarımız xeyli genişləndiyi üçün işçilərin də sayı artdı. Kiçik müəssisəni böyüdərək, daha da təkmilləşdirərək “Zümrüd Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətini formalaşdırdıq. 1997-ci ildə 6 nəfərlə fəaliyyətə başlayan müəssisədə 2011-ci ildən artıq 30 işçi çalışmağa başladı ki, bu da əhalinin məşğulluğunun artırılmasına cəmiyyət adından kiçik töhfə oldu... 
    2011-ci ildə müasir texnikadan istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazırlanmasına da xüsusi diqqət yetirdik, bunun üçün Türkiyə Respublikasından təcrübəli mütəxəssislər müəssisəyə cəlb olundu, eyni zamanda işçilərin 1 ay müddətində Türkiyədə ixtisasartırma kurslarında iştirakına şərait yaradıldı. İşçilərin əməyin mühafizəsi qaydalarına əməl etmələri, maddi-mənəvi təminatı da müəssisə tərəfindən daim diqqətdə saxlanılır, onlar iş geyimi, yeməklə təmin olunurlar. Təqdirəlayiq haldır ki, müəssisə əməkdaşları “Hamı bir nəfər, bir nəfər hamı üçün” prinsipi ilə, sağlam rəqabət ruhunda çalışırlar. Təbii ki, belə də olmalıdır. Çünki uğura gedən yol məhz birlikdən-bərabərlikdən keçir, inkişafa başqa cür nail olmaq mümkün deyil. Şükürlər olsun ki, zəhmətimiz bəhrəsiz qalmır, sifarişlərimiz də günü-gündən çoxalır, muxtar respublikamızda fəaliyyət göstərən bir sıra dövlət təşkilatlarının, hüquq-mühafizə orqanlarının geyim formalarını hazırlamağı üzərimizə götürmüşük. Eyni zamanda 2018-ci ildə artan tələbatı nəzərə alıb Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində “Zümrüd Tikiş” Məhdud Məsuliyyətli Cəmiyyətini də yaratmışıq ki, orada məktəblilər və dövlət təşkilatı əməkdaşları üçün köynək istehsalı həyata keçiririk. Əsas qayəmiz kəmiyyətdən çox keyfiy­yətə önəm vermək, işimizin öhdəsindən layiqincə gəlməyə çalışmaqdır. Məşhur bir kəlamda deyildiyi kimi, övlad ailənin güzgüsüdür, o, valideynlərdən nə görür, onu da götürür. Bu mənada, sevinirik ki, bizim böyük zəhmət hesabına qurduğumuz bu işin davamçısı yetişir. Psixologiya sahəsi üzrə ali təhsil alan övladımız Zümrüdün bu sahəyə hədsiz marağı, həvəsi bizi qürurlandırır, məqsədimiz onu bu yöndə püxtələşdirməkdir...  
    Ümummilli liderimiz Heydər Əliyev milli kimliyimizə bağlılığı, keçmişimizi, tariximizi yaşatmağı, dəyərlərimizə sadiqliyi hər kəsin, xüsusilə də gənclərin qarşısında ən ümdə vəzifə hesab edərək deyirdi ki, xalq gərək daim öz kökünü xatırlasın. Təqdiredicidir ki, “Zümrüd Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətində müasirlik, yenilik nə qədər öz parlaqlığını göstərsə də, ulu öndərimizin bu kəlamındakı fikirlərin müsbət təzahürünü sezməmək mümkün deyil. Belə ki, burada çalışanlar muxtar respublikamızın müxtəlif təşkilatlarının əməkdaşlarını, insanları müasir zövqə uyğun geyim formaları ilə təmin etməklə yanaşı, həm də qədim el sənətimiz sayılan dərziliyin yaşadılmasına, inkişafına da töhfələr verirlər. İşçilərdən Məryəm Nə­cəfova, Xanım Yaqubova və Nəcibə Əliyeva ilə söhbət zamanı sənətin maraqlı nüanslarına toxundular, bu gün bazarda özünə geniş yer alan keyfiyyətsiz geyimlər barədə tənqidi fikirlərini dilə gətirdilər: – Yaşlı və orta nəslin nümayəndələri də təsdiq edər ki, əvvəllər biz bir paltarı iki-üç il geyinərdik. Təəssüf ki, indi, əsasən, geyimin formasına üstünlük verilir, keyfiyyət mühüm amil kimi diqqətdən kənarda qalıb. Tədris ili öncəsi olduğu üçün valideynlərə üzümüzü tutub deyirik ki, övladlarına məktəbli forması seçərkən diqqətli olsunlar, keyfiyyətsiz xarici mallara deyil, yerli istehsala üstünlük versələr, maddi vəsaitləri itməz. Həmsöhbətlərim onu da qeyd edir ki, ümumiyyətlə, gərək bu sənətə təkcə qazanc mənbəyi kimi baxmayasan. Ulu babalarımızdan bizə yadigar qalan dərzilik sənətini yaşatmaq hər birimizin borcudur. Dərziliyin maraqlı tərəfləri çoxdur, bədii təxəyyül, yaradıcılıq tələb edən işdir. Bu mənada, əgər hansısa bir paltarı tikirsənsə, onu bir də əvvəlki kimi tikmək çətin gəlir adama. Dərziliyi başqa peşələrdən fərqləndirən cəhət isə bu işdə daim yeniliyin olmasıdır. Dərzi, eyni zamanda öz zövqü ilə sifarişçinin zövqünü uyğunlaşdırmağı bacarmalıdır. Bizim əsas işimiz müştəri məmnuniyyətini qazanmaqdır. Gərək hər işdə halallıq olsun. Halallıq olmayan yerdə qazancın da bərəkəti olmaz.
    Əmək insanı ucaldır, aliləşdirir, hörmət, mərifət məqamına yetişdirir. Antik dövrdən günümüzədək bəşəriyyətin keçdiyi tərəqqi yoluna nəzər salsaq, görərik ki, insanlar öz zəhmətləri ilə hansı mərtəbəyə qalxıb, nələrə qadir olublar. Tibbin, texnikanın, təhsilin bugünkü səviyyəyə gəlib çatması bəşər övladının əməyinin bəhrəsi kimi ən yüksək dəyərə malikdir. Təbii ki, istənilən sahədə, istiqamətdə zəhmətinin itmə­məsi, hədər getməməsi, layiqli qiymətini alması insanı daha da həvəslə çalışmağa, gələcəyə nikbin nəzərlə baxmağa sövq edir. Bu baxımdan “Zümrüd Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətini qurub-yaradan ailə də özünü xoşbəxt hesab edir. Çünki həm Etibar Hacıyevin, həm də Mehrəngiz Əkbərovanın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, bir sıra uğur nominasiyaları üzrə qalib olan, diplomlar qazanan hər iki ömür-gün yoldaşı 2017 və 2019-cu illərdə “Tərəqqi” medalına da layiq görülüblər. Əldə etdikləri bu nailiyyəti isə dövlətimizin yaratdığı əlverişli imkanların məntiqi nəticəsi, işinin öhdəsindən bacarıqla gələn bütün müəssisə əməkdaşlarının uğuru kimi dəyərləndirib, muxtar respublika iqtisadiyyatına, “Sənaye ili”nə daha böyük töhfələr vermək naminə bundan sonra da əzmlə çalışacaqlarını bildirdilər.

    Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq. Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq. Ulu öndərin ideyaları üzərində inamla irəliləyən muxtar respublikamızda bu gün sahibkarlığın inkişafı dövlət siyasətinin əsas prioriteti kimi daim diqqətdə saxlanılır, sahibkarlarla mütəmadi görüşlər keçirilir, onların təklifləri dinlənilir, fəaliyyət istiqamətləri üzrə lazımi köməkliklər göstərilir. Müəssisələr də öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək, diyarımızın sosial-iqtisadi mənzərəsinin daha da müfəssəl şəkildə formalaşması üçün var qüvvəsilə çalışırlar. Elə “Zümrüd Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi...

Nail ƏSGƏROV

Nəşr edilib : 23.08.2022 19:36