AZ EN RU

İpoteka kağızının qeydiyyatı elektronlaşdırılıb

    Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ipoteka kağızının tərtibinin və qeydiyyata alınmasının elektron şəkildə həyata keçirilməsinə başlanılıb. Əsas məqsəd elektron xidmətlərin tətbiqini genişləndirməklə vətəndaş məmnunluğunu artırmaq və operativliyi təmin etməkdir.
    Proses yeni yaradılmış İpoteka Kağızının Elektron Sistemi (ikes.emlak.gov.az) vasitəsilə həyata keçirilir. Sistem daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının ipoteka qoyanlar tərəfindən tərtib edilməsi, həmin kağızın ipoteka saxlayanların adına qeydiyyata alınması, habelə ipoteka kağızına xitam verilməsi ilə bağlı müvafiq əməliyyatları elektron formada aparmağa imkan verir.
    İpoteka qoyan “Elektron hökumət” portalında yaratdığı elektron kabinet vasitəsilə sistemdə müəyyən edilmiş formaya uyğun müvafiq məlumatları (ipoteka müqaviləsi əsasında) doldurmaqla ipoteka kağızını tərtib edir. İpoteka kağızı ipoteka qoyan tərəfindən o, üçüncü şəxs olduqda, həm də əsas öhdəlik üzrə borclu tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Əməliyyatların aparılması ilə bağlı ödənişlər real vaxt rejimində elektron sistem vasitəsilə həyata keçirilir. İpoteka kağızı qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun tərtib edildiyi halda dövlət qeydiyyatına alınır və ipoteka saxlayanın ipoteka kağızına mülkiyyət hüququ rəsmiləşdirilir. Dövlət qeydiyyatına alındığı gün bu barədə ipoteka saxlayana və ipoteka qoyana, o, üçüncü şəxs olduqda, həm də əsas öhdəlik üzrə borcluya elektron sistem vasitəsilə bildiriş göndərilir.
    Qeyd edək ki, sistem istifadəyə verilənədək ipoteka kağızları yalnız kağız daşıyıcıda tərtib olunurdu. Qeydiyyat prosesinin elektronlaşdırılması bu sahədə xidmət keyfiyyətinin artırılmasına və əhalinin rahatlığının təmin edilməsinə mühüm töhfə verəcək.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət 
Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 18.07.2022 19:07