AZ EN RU

“İpəkyolu Beynəlxalq Gənclər Forumu 2024” adlı tədbir keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondu, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasından 400  tələbə və fəal gəncin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “İpəkyolu Beynəlxalq Gənclər Forumu 2024” adlı tədbir keçirilib.

Forumun açılışından öncə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərində yerləşən abidəsi ziyarət olunub, önünə tər gül dəstələri qoyulub. Naxçıvan Gənclik Mərkəzində keçirilən tədbirin rəsmi hissəsi  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Daha sonra Ulu Öndərin və bütöv Azərbaycan uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi ehtiram və qürur hissi ilə yad edilib.

Forumda Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, NDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə, NMİ-nin Tədris işləri üzrə prorektoru Elşən Məmmədov və ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək Ulu Öndərin gənclərə göstərdiyi diqqətdən, tövsiyələrindən bəhs edib, forumun perspektivlərindən söz açaraq tələbələrə uğurlar arzulayıblar.

Tədbirin rəsmi hissəsindən sonra Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Musiqi Kollecinin tələbələrinin ifası dinlənilib.

Sonra “Ümummilli Lider Heydər Əliyev irsi - Gənclərin inkişafı və liderliyi” mövzusunda, NDU-də təhsil alan xarici tələbələrin iştirakı ilə “İpək yolu perspektivləri: Sabahın çağırışları üçün gənclərin maarifləndirilməsi” mövzusunda panel müzakirələr aparılıb.

Qeyd edək ki, forumun əsas məqsədi məhz Naxçıvanda təhsil alan yerli və xarici tələbələri bir araya toplayaraq gənclər siyasətində öz əksini tapan prioritet mövzular üzrə fikir mübadiləsini təmin etmək, yeni perspektivlər və çağırışlar haqqında onları məlumatlandırmaqdır.

Bülbül QULİYEVA

Nəşr edilib : 06.05.2024 15:44