AZ EN RU

İnvestisiyaların təşviqi yeni sənaye sahələrinin yaradılmasına imkan verəcək

    Sənaye müasir iqtisadiyyatın lokomotivini təşkil edir. İstehsala əsaslanan bu sahənin inkişafına nail olmadan iqtisadiyyatda hər hansı uğurdan bəhs etmək mümkün deyil. Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas hədəflərindən biri sənaye məhsulları istehsalı ilə davamlı inkişafa, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönlü hazır məhsul istehsalına nail olmaqdan ibarətdir. Buna görə də mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da yaxın 4 il ərzində yerli xammal potensialından layiqincə istifadənin gerçəkləşdirilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Regional inkişafa göstərilən bu diqqət muxtar respublikada sənayenin inkişafına əlverişli şərait yaradıb. Nəticədə, muxtar respublikada sənayenin müxtəlif sahələrinin inkişaf etdirilməsinə yönəlmiş kompleks tədbirlər bu sahədə müsbət nəticələrin əldə edilməsinə səbəb olub. Təsadüfi deyil ki, ötən il bölgədə 593,9 milyon manatlıq sənaye məhsulu, 358,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Ümumi Daxili Məhsul istehsalı isə 1 milyard 552 milyon manat təşkil edib. 
    Məlum olduğu kimi, sənaye məhəllələri bu gün dünya praktikasında uğurla tətbiq olunan layihələrdəndir. Hər şeydən əvvəl, belə məhəllələrin yaradıldığı ərazilər mövcud olduğu regionlara xas müxtəlif növ məhsulların istehsalını həyata keçirmək üçün zəruri olan infrastruktur şəraiti ilə təmin edilir. Nəticədə, məhəlləvi olaraq çəkilən infrastruktur xərcləri digər kiçik və orta sahibkarlar tərəfindən sərf olunacaq xərclərdən daha aşağı maliyyə vəsaitinə başa gəlir. Eyni zamanda burada ümumi fəaliyyət kompleks xarakter daşıdığından, istifadə olunacaq su, qaz, enerji, nəqliyyat və digər xidmətlərdən istifadə ekoloji tarazlığın qorunmasına da öz töhfəsini verir. Son illər muxtar respublikada həyata keçirilən uğurlu sənayeləşmə prosesinin ən gözəl nümunəsi Şərur Sənaye Məhəlləsinin yaradılmasıdır. Ötən müddətdə Şərur Sənaye Məhəlləsinin ərazisində 24 istehsal sexi yaradılıb. Artıq burada ayaqqabı, tikiş malları, unlu qənnadı məmulatları, qapılar, mebel, kağız kisə və karton tara istehsalı sahələri üzrə sahibkarlıq subyektləri fəaliyyətə başlayıb. Digər istehsal sahələrinin yaradılması istiqamətində isə işlər davam etdirilir. 
    Muxtar respublikada sənayenin inkişafı bu sahəyə göstərilən dövlət dəstəyində də özünü hiss etdirir. Məsələn, 2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 40 investisiya layihəsinə 6,2 milyon manat güzəştli kredit verilib ki, bunun da böyük hissəsi – 84,8 faizi sənaye, 11,7 faizi kənd təsərrüfatının, 3,5 faizi isə xidmət sektorunun payına düşüb. 
    Bu gün muxtar respublikada əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin artırılması istiqamətində mühüm işlər görülür. Yanvar ayında muxtar respublikada xarici investorlarla keçirilən görüşdə işgüzar müzakirələrin aparılması da tezliklə bölgədə “yaşıl enerji”, mədənçilik kimi sənaye istehsalı sahələrinin fəaliyyətə başlamasından xəbər verir. Ümumilikdə isə Naxçıvanın tezliklə azad iqtisadi zonaya çevrilməsi burada fəaliyyət göstərəcək şirkətlər üçün vergi və gömrük güzəştləri, daşıma və digər sahələrdə müvafiq stimullaşdırma tədbirlərini nəzərdə tutur ki, bu da digər sahələrlə yanaşı, sənayenin də inkişafına öz müsbət təsirini göstərəcək. 

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 03.03.2024 16:55