AZ EN RU

“İnvaziv radiologiya – müasir elmi yanaşmalar” mövzusunda elmi seminar keçirilib

    Naxçıvan Dövlət Universiteti və Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin təşkilatçılığı ilə ali təhsil ocağında elmi seminar keçirilib.
    Tədbirdə universitetin rektoru, dosent Elbrus İsayev qeyd edib ki, ali təhsil ocağının göstəriciləri arasında Tibb fakültəsinin özünəməxsus yeri var. Universitetdə yaradılan müasir təlim-tədris imkanlarından söz açan rektor bildirib ki, ölkəmizin bir çox ali təhsil müəssisələrində olduğu kimi, Naxçıvan Dövlət Universitetində də müasir tədris infrastrukturu yaradılıb. Qeyd edilib ki, ali təhsil ocağında bütün ixtisaslar kimi Tibb fakültəsində də tələbələrin savadlı, hərtərəfli yetişməsi üçün hər bir şərait mövcuddur. Fakültədə yaradılan müasir texnologiyaların, zəngin laboratoriyaların və ən son tibbi avadanlıqların mövcudluğundan bəhs edən rektor diqqətə çatdırıb ki, burada keçilən nəzəri biliklərin təcrübədə tətbiqi, tələbələrin tanınmış cərrahlarla görüşməsi, ustad dərslərin təşkili onların gələcəkdə savadlı kadr kimi formalaşmasına hərtərəfli şərait yaradır. Nəticədə, universitetin Tibb fakültəsi üzrə məzun olan tələbələr tibb sahəsində fəal iştirak edərək ölkənin, eləcə də muxtar respublikanın səhiyyə sisteminə öz layiqli töhfələrini verirlər. Türkiyənin nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələrindən danışan Elbrus İsayev tələbələrin peşəkar kadr kimi yetişdirilməsi üçün müxtəlif tədris planlarının, təcrübə proqramlarının həyata keçirildiyini vurğulayıb. 
    Azərbaycan Radioloqlar Cəmiyyətinin sədri, N.Tusi adına Klinikanın həkim radioloqu Yunus Əfəndiyevin “Kompüter Tomoqrafiya və Maqnit Rezonans Tomoqrafiya seçimi fərqli profilli həkimlər üçün məlumat və tövsiyələr”, Milli Onkologiya Mərkəzinin Şüa diaqnostikası şöbəsinin həkim radioloqu, Azərbaycan Radioloqlar Cəmiyyətinin idarə heyətinin üzvü Anar Kazımov “Maqnit Rezonans Tomoqrafiya müayinəsinin müasir tibdə statusu”, “Oksigen” klinikasının həkim radioloqu, Azərbaycan Radioloqlar Cəmiyyətinin üzvü Azər Fərəcov “Fetal radiologiyada müasir görüntüləmə üsulları” mövzusunda çıxış ediblər.
    Daha sonra invaziv radiologiyanın yeni nailiyyətləri və müasir tibbi müayinə metodu kimi əhəmiyyəti ilə bağlı digər  çıxışlar dinlənilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Naxçıvan Dövlət Universitetinin 
Televiziya,mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 10.10.2022 21:40