AZ EN RU

İnternetin uşaq və gənclərə təsiri ilə bağlı hesabat hazırlanıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) bu il fevralın 7-də qeyd ediləcək Beynəlxalq Təhlükəsiz İnternet Günü ərəfəsində internetin, o cümlədən sosial şəbəkələrin uşaq və gənclərə təsiri ilə bağlı hazırlanmış hesabatı dərc edib.
Təşkilatın saytında qeyd olunur ki, hesabatda gənc nəslin internet vasitəsilə əlaqənin hərəkətverici qüvvəsi olduğu, 2023-cü ildə dünyada 15-24 yaşlı gənclərin 79 faizinin sosial şəbəkələrdən istifadə etdiyi diqqətə çatdırılıb. BMT əlavə edib ki, uşaqlar da internetdə əvvəlkindən daha çox vaxt keçirirlər; dünyada hər yarım saniyədə bir uşaq ilk dəfə internetə girir.
Hesabatda deyilir: “Bu, uşaqlar və gənclər üçün ünsiyyət qurmaq, öyrənmək, sosiallaşmaq və oyunlar oynamaq üçün görünməmiş imkanlar yaradıb, onları yeni ideyalar və daha müxtəlif məlumat mənbələri ilə tanış edir. Lakin bu imkanlarla yanaşı, internet məkanında ciddi risklər də mövcuddur. Kiberbullinq və həmyaşıdlar arasında zorakılığın digər formaları gənclərə hər dəfə sosial mediaya və ya ani mesajlaşma platformalarına daxil olduqda mənfi təsir edə bilər. Otuz ölkədə gənclərin üçdəbirindən çoxu kiberzorakılığa məruz qaldıqlarını bildirir və hər beş nəfərdən biri buna görə məktəbdən yayınır. Bundan başqa, uşaqlar və gənclər internet məkanında nifrət ritorikası və zorakılıq ehtiva edən məzmunun, o cümlədən özünə zərər verməyə və hətta intihara təhrik edən mesajların təsirinə məruz qala bilərlər. Gənc internet istifadəçiləri ekstremist və terrorçu qruplar tərəfindən zorakılığa cəlb olunma riskinə məruz qalırlar”.
BMT-nin mütəxəssisləri qeyd edirlər ki, rəqəmsal platformalar uşaqlara və gənclərə zərərli təsir göstərən dezinformasiya və sui-qəsd nəzəriyyələri üçün vektor kimi də istifadə edilir. Ən qorxulusu onlayn cinsi istismar və sui-istifadə təhlükəsidir. Cinayətkarların potensial qurbanlarına çevrilən uşaqlarla əlaqə saxlamaq, onların görüntülərini paylaşmaq və başqalarını cinayət törətməyə təşviq etmək imkanları heç vaxt indiki qədər çox olmayıb. 25 ölkədə uşaqların təxminən 80 faizi internetdə cinsi istismara məruz qaldığını və ya istismar təhlükəsi hiss etdiyini bildirir.

Texnologiya şirkətlərinin marketinq məqsədləri üçün məlumat toplama prosesində məxfilik prinsipinin pozulduğu an uşaqların da risk altına düşə biləcəyini qeyd edən hesabat müəllifləri vurğulayırlar ki, tətbiqlər vasitəsilə uşaqlara yönəldilmiş marketinq və bunun tez-tez yaratdığı həddindən artıq ekran vaxtı azyaşlıların sağlam inkişafına xələl gətirə bilər.

Nəşr edilib : 05.02.2024 15:47