AZ EN RU

İnternet saytının təqdimatı keçirilib

    Dünən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yenilənmiş internet saytının təqdimatı olub. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Bəhruz Bayramov çıxış edərək bildirib ki, müasir dövrdə informasiya mübadiləsi baxımından sosial şəbəkələrlə yanaşı, veb-saytlar da geniş imkanlara malikdir. Nazirliyin təqdimatı keçirilən rəsmi saytı da müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqi, həmçinin kənd təsərrüfatı sahəsində ictimai fəaliyyəti gücləndirmək və kütləvi informasiya vasitələri ilə əlaqələrin daha dinamik və operativ şəkildə qurulmasını təmin etmək məqsədilə yenilənib. Artıq saytda struktur bölmələr haqqında yenilənmiş məlumat bazası ilə yanaşı, torpaq mülkiyyətçiləri, fermerlər, sahibkarlar, ailə təsərrüfatçılarının maarifləndirilməsi istiqamətində yeni informasiyalar da yer alıb. 
    Nazirliyin əməkdaşı Səbuhi Həsənov yenilənmiş ktn.nakhchivan.az internet saytını təqdim edib. Bildirib ki, sayt həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb, elektron xidmətlərin həcmi genişləndirilib. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet saytı müasir proqramlaşdırma dillərindən istifadə edilərək müasir üslubda yenidən hazırlanıb. Sayt Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin proqramçıları tərəfindən dizayn və məzmun cəhətdən müasir üslubda tərtib edilərək hər bir istifadəçinin kompüterinin, istər planşetinin, istərsə də mobil telefonunun ekran ölçülərinə (responsive dizayn) uyğun hazırlanıb.
    Yenilənmiş saytda vətəndaşların elektron formada müraciət etmələri üçün “Müraciətlər” bölməsi yaradılıb. Nazirliyin ünvanı, əlaqə telefonu, elektron poçt ünvanı və “Axtarış” bölməsi əsas səhifədə yerləşdirilib. “Nazirlik”, “Qanunvericilik”, “Aqrar sığorta fondu” bölmələrinə keçidlər də daxil edilib. “Faydalı linklər” bölməsində bir sıra internet saytlarına keçidlər qeyd edilib, saytın “Naxçıvan Muxtar Respublikası” adlı bölməsində isə muxtar respublikamızın inkişafını və turizm potensialını, eləcə də tarixi abidələrini əks etdirən fotoşəkillər slaydlar vasitəsilə göstərilib.
    “Mətbuat” bölməsində “Xəbərlər” altbölməsinə keçid təmin olunub və muxtar respublikanın ictimai-siyasi həyatında baş verən hadisələr öz əksini tapıb. “Fotoqalereya və videoqalereya” bölməsində muxtar respublikanın kənd təsərrüfatı sahəsinə aid şəkil və videolar yerləşdirilib. Kollegiya iclasları və aylıq hesabatlar “Hesabatlar” altbölməsində öz əksini tapıb.
    Həmçinin səhifədə “Fermerlərə məsləhət” bölməsi də yerləşdirilib ki, bu da istifadəçilərin sahibkarlıq fəaliyyəti və bu sahədəki yeniliklər barədə məlumatlanmağa imkan verəcəkdir. “Xəbərlər” və “Tabeli qurumlar” bölmələrinə keçidlər də yeni tərtibatda daha əlçatan şəkildə təqdim olunub.
    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin internet səhifəsi SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması, saytın optimizasiyası (SEO-Search Engine Optimization) axtarış sistemlərinə uyğunlaşdırılması, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün mütəxəssislər tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib, eləcə də domenə bağlı e-poçt adresləri ilə təmin olunub. 
    Qeyd edək ki, ktn.nakhchivan.az domen adı ilə fəaliyyət göstərən yeni internet saytı həm funksionallıq, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 03.02.2022 20:22