AZ EN RU

İnteraktiv dərs keçilib - FOTOLAR

    İyunun 13-də Heydər Əliyev Muzeyindən muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan interaktiv dərs keçilib.
    İnteraktiv dərsdə  ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu ilə bağlı muzeydə qorunan nadir tarixi sənədlər, elmi nəşrlər, xatirə əşyaları haqqında, həmçinin ictimai-siyasi fəaliyyəti ilə bağlı məlumat verilib. Bildirilib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz ağır vəziyyətə düşmüş, müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Məhz belə bir taleyüklü məqamda Azərbaycan xalqı öz gələcəyini görkəmli dövlət xadimi Heydər Əliyevə etibar etdi. Xalqın təkidi ilə Bakıya qayıdan ümummilli lider 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Beləliklə, ulu öndərin yenidən rəhbərliyə gəlməsi insanların qəlbində sönmüş müstəqillik arzularını alovlandırdı.
    Qeyd olunub ki, Azərbaycan xalqının taleyində dönüş anı olan 1993-cü ilin 15 iyunundan ötən hər il ümummilli liderimizin misilsiz xidmətləri daha dərindən dərk olunur. Çünki ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf yolunu müəyyənləşdirib. Ulu öndərin fədakar və yorulmaz fəaliyyəti sayəsində müstəqil və milli maraqlara əsaslanan siyasət yürüdən ölkəmiz dünya birliyində mövqeyini gücləndirdi, regionun sabit inkişaf edən nüfuzlu dövlətinə, dünyada etibarlı tərəfdaşa çevrildi. 
    Vurğulanıb ki, bu gün qazanılan bütün nailiyyətlərin əsasında ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və bu siyasi kursun uğurla davam etdirilməsi faktı dayanır. Aparılan yenidənqurma və quruculuq tədbirləri nəticəsində Naxçıvan Muxtar Respublikasının qazandığı bugünkü nailiyyətlər məhz dahi liderin muxtar respublika haqqında düşüncə və arzularının uğurla yerinə yetirilməsinin göstəricisidir.
    Dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 13.06.2022 20:57