AZ EN RU

İnteraktiv dərs keçilib

    Muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyi arasında interaktiv dərs keçilib.
    Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının xatirəsini yad etmək, amansızlığına və qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış Xocalı soyqırımı haqqında məktəblilərə məlumat vermək, şagirdlərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədilə keçilən dərsdə qeyd olunub ki, Xocalı soyqırımını törətməkdə ermənilərin əsas məqsədi xalqımızın mübarizə əzmini qırmaq və əhəmiyyətli geo­strateji mövqeyə sahib olmaq idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda misli görünməmiş soyqırımı törətdilər. Dağlıq Qarabağın ən iri yaşayış məskəni 366-cı motoatıcı alayın, eləcə də xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin hesabına ermənilərin əlinə keçdi. 

    Xocalı faciəsinin səbəbləri və ağır itkilər haqqında məlumat verilən dərsdə vurğulanıb ki, əvvəldən planlaşdırılmış əməliyyatın qəddarlığına baxmayaraq, Xocalı sakinləri son anadək özlərini əsl qəhrəman kimi aparmış, axır nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilməmişlər.

    Bildirilib ki, həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali    Məclisinin Sədri olan ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Dərsdə ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi, bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün görülən tədbirlərdən də ətraflı bəhs edilib.
     Qeyd olunub ki, Azərbaycanın müzəffər Ordusu 44 gün ərzində böyük Qələbə qazandı, düşmən torpaqlarımızdan qovuldu, Qarabağ, xüsusən də milli mədəniyyətimizin beşiyi olan Şuşa işğaldan azad edildi. Eyni zamanda qələbəyə gedən yolda Xocalının da qisası alındı. Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
    İnteraktiv dərs Naxçıvan Muxtar Respublikasının 200-dən çox ümumtəhsil məktəbində izlənilib.
    Muxtar respublikanın bütün ümumtəhsil məktəblərində ilk dərs saatı da Xocalı soyqırımına həsr edilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.02.2022 17:39