AZ EN RU

İnsana ən böyük şərəfdir əmək

    Xatırlayıram... Bundan çox illər əvvəl yolum doğma kəndimizə düşəndə yol boyunca uzanan kəndlərdəki geniş bağ-bağatlara, bostanlara, biçənəklərə tamaşa etmək fərqli hisslər yaradırdı məndə. İlin bu vədəsində elə bir kənd tapılmazdı ki, orada qışa hazırlıq işləri görülməsin. Naxçıvançayın hər iki sahilboyu uzanan yaşayış yerlərində əməyə, zəhmətə bağlı insanlar canla-başla çalışır, zəhmət təri tökür, necə deyərlər, halal ruzilərini torpaqdan çıxarırdılar. İndi də elədir. Lakin o illərdə kənd həyatının, təsərrüfatın vəziyyəti tamam başqa idi. Nə qədər çalışsalar da, plan, proqram nə qədər ciddi tərtib edilsə də, təsərrüfatda görülən işlərin bu günlə müqayisə edilməyəcək səviyyədə olması, zəhmət adamlarını da yorurdu, usandırırdı. Yararsız texnikalar, gündə 10 hektar ərazini zor-bəla ilə şum edən köhnə kombaynlar, yük texnikalarının azlığı, bütün kəndi “salyarka” tüstüsünə bürüyən avtomobillərin qulaqbatıran “nərəsi” və bunun kimi saysız-hesabsız çətinliklər həmin dövrün real mənzərəsi idi. Artıq o illər öz təlatümlü və çətin günləri ilə geridə qalıb. İndi yurdumuzda elə bir kənd, qəsəbə tapılmaz ki, müasirliyə qovuşmasın, elə bir insan tapılmaz ki, ata-babalardan yadigar qalmış təsərrüfat ənənələrini qoruyub-yaşatmasın, torpağa zəhmət təri tökməsin, əməklə yaşayıb, halal qazancla bütünləşməsin. Bu gün diyarımızın hansı səmtinə üz tutsaq, sadaladıqlarımızın əyani sübutunu təsərrüfatçıların dilindən eşidəcək, görəcəyik. Elə Şərur rayonunun iri təsərrüfat sahiblərindən olan Cəlilkənd sakini Yaqub Tağıyev kimi.
    Müsahibimiz 10 ildən artıqdır ki, təsərrüfatla məşğuldur. 54 hektar ərazidə öz şəxsi işini quran müsahibimiz artıq nümunəvi ailə təsərrüfatını formalaşdırıb. Uzun illər bu sahədə təcrübə qazanan zəhmət adamı bizimlə söhbət zamanı dedi:
    – Bilirik ki, ailə təsərrüfatları kiçik biznesə aparan yolun başlanğıcıdır. Bu sahə xeyli məsuliyyət, zəhmət və qayğı tələb edir. Sevindirici haldır ki, muxtar respublikamızda bu sahəyə böyük dəstəyin olması sayəsində ailə təsərrüfatlarının sayı xeyli artıb, fəaliyyət dairələri genişlənib. Bu gün Şərur rayonunun, demək olar ki, hər bir kəndində nümunəvi ailə təsərrüfatları var. Bizim kimi onların da qüvvəsi ilə 100 tonlarla bitkiçilik və heyvandarlıq məhsulları istehsal edilərək bazar və yarmarkalara çıxarılır. Ömrünün 10 ilindən çoxunu təsərrüfata bağlamış zəhmət adamı kimi deyə bilərəm ki, şəhərin səs-küyündən uzaqda, doğma yurdun məhsuldar torpağında, əməksevər insanlarla çiyin-çiyinə işləmək tamam başqa bir hissdir. Atalarımızın da deyildiyi kimi, öz əlin, öz başın olduqdan sonra zəhməti, əməyi sevdikdən, bir də güclü iradə və səbir göstərdikdən sonra hər yol asan və əlçatan olur. Mən də bu işə başlayanda çox az vəsaitə sahib idim. Kiçik torpağı öz  zəhmətimlə ələk-vələk edir, məhsul qazanır, dolanışığımızı təmin edirdim. İndi şükür ki, 57 hektar ərazidə kartof, soğan, arpa və digər məhsulları əkib-becərirəm. Həm özüm qazanc götürürəm, həm də kəndin bir neçə insanın işlə təmin edilməsinə dəstək olmuşam. Nə qədər çətin olsa da, nəticəsini gördükdə bütün yorğunluğu unudursan. Artıq işlərimiz yekunlaşıb. Bu il də yaxşı məhsul götürmüşük. Gələn il üçün kifayət qədər məhsuldar toxumumuz, münbit torpağımız imkan yaradacaq ki, biz builkindən daha artıq məhsul qazanaq. İnanıram ki, insan qazandığına şükür etməyi bacarırsa, o, hər bir yolda nəticəyə çatacaq. Hər bir peşədə olduğu kimi, təsərrüfat adamları da gərək insanlığa xas olan ən vacib xüsusiyyətləri mənimsəsin, yəni mübariz, əməksevər, vicdanlı, xeyirxah, fədakar olmağı, haqqa, ədalətə söykənməyi, necə deyərlər, peşə amalına çevirsin. İnsan belə olduqda Uca Yaradan da onun üzünü güldürər, torpağa bir əkər, min götürər. Həyatda heç bir zəhmət yerdə qalmaz, təki insan onu istəməyi bacarsın, bu yolda təmkinli olsun. O zaman torpaq da öz səxavətini göstərəcək. 
    Həmsöhbətimiz bu il əldə etdiyi məhsul bolluğundan söhbət açaraq deyir ki, Şərur rayonu muxtar respublikamızın məhsuldar, barlı-bəhərli bölgələri içərisində özünəməxsus iqlimi, təbii-coğrafi şəraitilə seçilir. Bu yerlərin torpağı həm də bağçılıq-bostançılıq üçün çox əlverişlidir. Rayonun, demək olar ki, bütün kəndlərində təsərrüfatın bir çox sahəsi qorunub-yaşadılır. Kimisi maldarlıq, arıçılıq, kimisi tərəvəzçilik, quşçuluq və digər sahələrdə çalışmaqla dolanışıqlarını təmin edir. Növündən asılı olmayaraq, muxtar respublikamızda yetişən bütün təsərrüfat məhsulları əkinəyararlı torpaqlarda əkilib-becərilir. Bununla belə məhsulun yaxşı hasil olması üçün bol su, günəş enerjisi, bir də münbit torpaq lazımdır. Bu amillər də muxtar respublikamızın bütün rayonlarında var. 
    Təsərrüfat başçısı təcrübəsini də bizimlə bölüşür:
    – Uzun illərdir, bu sahədə qazandığım təcrübə mənə bir şeyi öyrətdi ki, dövlət dəstəyi, əkinçi zəhməti və torpağın səxavəti birləşdikdə hər bir işin öhdəsindən layiqincə gəlmək olur. Bu gün Şərur rayonunun ən məhsuldar təsərrüfat adamları sırasında mənim də adım çəkilir. Belə ki, bu il üçün ixtiyarımda olan 54 hektar torpağın 9 hektarında buğda, 11 hektarında soğan, 34 hektarında isə kartof əkmişdim. Şükür ki, əziyyətim hədər getmədi. 55 ton taxıl, 550 tona yaxın soğan, 1000 tondan çox kartof götürməklə, ümumilikdə, 1600 tondan çox məhsul əldə etmişəm. Bununla belə artıq bir neçə ildir ki, dövlətimizin tətbiq etdiyi güzəştli kreditlər hesabına “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə xüsusi təsərrüfat texnikaları almışam, təsərrüfatımda 2 traktor, səpin və əkin texnikası, kartof və soğanəkən aqreqat və digər yüngül kənd təsərrüfatı texnikalarından istifadə edirəm. Həmçinin Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə anbar da tikilib istifadəmə verilib. Bunların hər biri mənim timsalımda olan bütün təsərrüfatçılar üçün var. Son olaraq dövlətimizə yaratdığı şəraitə görə minnətdarlıq edirəm və inanıram ki, bundan sonrakı fəaliyyətimizdə də muxtar diyarımızın iqtisadiyyatına töhfə verə biləcəyik.
    Halal zəhmətlə nurlanan çöhrələr, əməyə bağlı ömürlər, əlləri ruzi-bərəkət ətri verən əməksevər insanların işlərinə tamaşa etmək insanda tamam başqa hisslər oyadır, yurda sevgi, Vətənə məhəbbət aşılayır. Daha dərinliyi ilə dərk edirsən ki, insana ən böyük şərəf və nemət olan halal çörək qazanmaq, ata-babalarımızın, ana-nənələrimizin bizlərə miras qoyub getdiyi bu səfalı elləri qorumaq, bu yolda cəfa çəkmək hər birimizin borcudur. Elə şair Qanun Ümmanın da dediyi kimi:

            Çiçək üçün, ağac üçün, bağ-bostan üçün,
            Sevinir torpağı qazanan əllər.
            Heç vaxt dərd görməsin, kədər görməsin,
            Var olsun zəhmətlə qazanan əllər. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 02.11.2022 18:52