AZ EN RU

İnsan sağlamlığı dövlət siyasətinin əsasını təşkil edir

    7 aprel bütün dünyada “Sağlamlıq Günü” kimi qeyd olunur. Bu tarix 1948-ci il aprelin 7-də BMT-nin xüsusi agentliyi kimi yaradılan Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətə başlaması ilə əlaqədardır.

    Azərbaycanda səhiyyənin inkişafı ötən əsrin 70-ci illərindən başlayır. Həmin dövrdən etibarən ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar səhiyyə sahəsinin əsaslı inkişafına səbəb olub, ölkəmizin bütün bölgələrində müasir xəstəxana binaları tikilərək istifadəyə verilib. Müstəqillik illərində də ulu öndərin rəhbərliyi ilə səhiyyə sahəsində kompleks tədbirlər həyata keçirilib, bu sahənin qanunvericilik bazası təkmilləşdirilib, müasir səhiyyə infrastrukturu yaradılıb. 
    Səhiyyəni cəmiyyət və dövlət həyatında mühüm sahə kimi qiymətləndirən ulu öndərimiz Heydər Əliyev deyirdi: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun inkişafı üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”. Tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri bu gün dövlətin üzərinə götürdüyü sosial öhdə­liklər sırasında mühüm yer tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu bütün istiqamətlərdə, eləcə də səhiyyə sahəsində layiqincə davam etdirir. Səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş Dövlət proqramlarının həyata keçirilməsi, əhalinin kütləvi tibbi dispanserizasiyası vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin və keyfiyyətinin artmasına imkan verib. Ölkə Prezidentinin dediyi kimi: “Müasir, davamlı, yüksəkkeyfiyyətli səhiyyə sisteminə sahib olmaq hər bir ölkə üçün prioritetdir. Hazırda Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Azərbaycan icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir”.

    Muxtar respublikamızda da vətəndaşların sağlamlığının qorunması istiqamətində mühüm işlər görülüb. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, Modul Tipli Xəstəxana, Ordubad Rayon Uşaq Xəstəxanası, Şərur, Culfa və Şahbuz rayonlarının gigiyena və epidemiologiya şöbələri, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs, Yuxarı Əndəmic və Dırnıs kəndlərində həkim ambulatoriyaları, Şərur rayonunun Dərvişlər, Ordubad rayonunun Vələver, Babək rayonunun Araz və Göynük kəndlərində feldşer-mama məntəqələri istifadəyə verilib, muxtar respublikanın səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobilləri təqdim olunub, bu il yanvarın 14-də isə Şərur rayonunun Çərçiboğan kəndində ikimərtəbəli, 14 otaqdan ibarət həkim ambulatoriyası yeni binada fəaliyyətə başlayıb. Hazırda muxtar respublikada əhaliyə 215 tibb müəssisəsi tərəfindən səhiyyə xidməti göstərilir. Həmin tibb müəssisələrində 718 həkim, 2 min 196 orta tibb işçisi çalışır. 
    Ötən il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı dövlət başçısı bir sıra strateji obyektlərin, həmçinin Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının da açılışında iştirak edib. Prezident cənab İlham Əliyev muxtar respublikada uğurla həyata keçirilən səhiyyə islahatlarını yüksək qiymətləndirərək deyib: “Çox şadam ki, Naxçıvanda bu sahədə böyük işlər görülür, böyük uğurlar əldə edilir”.
    Əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsində icbari tibbi sığortanın tətbiqi mühüm şərtdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 mart tarixli “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi, hər bir vətəndaş üçün əlçatan olması baxımından mühüm əhəmiyyət daşıyır. Tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə muxtar respublika əhəmiyyətli xəstəxanalar, rayon mərkəzi xəstəxanaları, qəsəbə və kənd sahə xəstəxanalarının hamısı publik hüquqi şəxs statusu alıb, burada işçilərin əməkhaqları 50 faiz artırılıb. Hazırda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 21 tibb müəssisəsi icbari tibbi sığortanın tətbiqində iştirak edir. 2021-ci ildə muxtar respublikada 219 minə yaxın sakin icbari tibbi sığortadan istifadə edib.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il  9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq publik hüquqi şəxs statuslu Şərur və Ordubad Rayon Uşaq xəstəxanalarının yaradılması gələcəyimiz olan uşaqların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlərdən biridir. 
    Muxtar respublikada dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək, ucqar kəndlərdə və obalarda əhaliyə yüksəkixtisaslı səhiyyə xidmətləri göstərmək məqsədilə yaradılmış həkim briqadaları hazırda fəaliyyətlərini davam etdirir, yerlərdə əhalinin müayinə-müalicə işi ilə məşğul olurlar. Qadınlar arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün profilaktik kütləvi müayinələr, ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə kiçikyaşlı uşaqlar arasında tuberkulin və diaskin test sınağı, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəbyaşlı uşaqların, tələbələrin kütləvi oftalmoloji, stomatoloji, ortopedik, endokrinoloji və digər müayinələri davam etdirilir. Reproduktiv sağlamlıq və ailə planlaşdırılması nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. Sağlam cəmiyyətin formalaşdırılması istiqamətində aparılan uğurlu siyasət əhalinin demoqrafik göstəricilərinin yüksəldilməsinə müsbət təsir göstərir.
    “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanına uyğun olaraq səhiyyə sistemində elektron xidmətlər təkmilləşdirilir. Ötən ildən Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərişlər onlayn sistemə keçirilib. Bu sistem sağlamlıq imkanları məhdudluq dərəcəsinin qiymətləndirilməsində vətəndaş-ekspert təması olmadan, elektron müstəvidə və şəxsin kimliyi, göndəriş verən təşkilatın hansı səhiyyə qurumu olduğu bilinmədən anonim olaraq xəstəliyi əks etdirən tibbi sənədlər əsasında şəffaf şəkildə həyata keçirilməsinə imkan yaradır.
    Muxtar respublikanın səhiyyə müəssisələrində xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin aktiv müalicəyə cəlb edilməsi, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatı daim nəzarətdə saxlanılır. Görülən işlərin nəticəsində şəkərli diabet xəstələrinin dərman və özünə nəzarət vasitələri ilə təminatı xeyli yaxşılaşıb. Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına da xüsusi diqqət yetirilir. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait Mərkəzi Qan Bankının fəaliyyətinə geniş imkanlar açıb. Qan Bankında qan komponentlərinin alınması və uzun müddət saxlanılması üçün hər bir şərait yaradılıb, talassemiya və hemofiliyalı xəstələrin hərtərəfli müalicəsi təmin edilib.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Hər bir ölkə üçün ən vacib məsələ insanların həyatının qorunmasıdır. Bu gün ölkəmizdə ən qiymətli sərvətimiz olan insanların həyatının qorunması, onların sağlam yaşayışlarının təminatı diqqətdə saxlanılır, səhiyyə inkişaf etdirilir. Bu tədbirlərin tərkib hissəsi olaraq muxtar respublikada da qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir”.
    Hazırda səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri aparılır, təcili yardım, elektrokardioqrafiya, exokardioqrafiya, EKQ-tredmil, rentgen, çoxprofilli diaqnostika, hemodializ, cərrahiyyə, kardiocərrahiyyə şöbələri, çoxsaylı aparat və avtoanalizatorla təchiz edilmiş laboratoriyalar, qan bankı, pulmonoloji, stomatoloji, burun-qulaq-boğaz, oftalmoloji, terapevtik, ginekoloji kabinələr fəaliyyət göstərir. Şöbə və kabinələrdə qurulmuş müasir aparat və cihazların köməkliyi ilə insan orqanizminin hərtərəfli müayinəsi mümkündür. Müasir tibbi avadanlıqlarla təminat Naxçıvan şəhəri ilə yanaşı, rayonlarda da şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə yüksək səviyyədə səhiyyə xidmətinin göstərilməsinə, o cümlədən tibbi yardım, ixtisaslı həkimlər tərəfindən müayinə və müalicələrin aparılmasına, həmçinin ehtiyac olan dərman preparatları ilə ödənişsiz təmin edilməsinə, sağlamlıq imkanları məhdudluğun təyin olunması üçün lazımi tibbi sənədlərin hazırlanması və digər xidmətlərin təmin edilməsinə imkan verir.
    Səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatının ödənilməsi sahəsində tədbirlər davam etdirilir. Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi üçün korpusun, Naxçıvan Tibb Kollecinin müasir tələblər səviyyəsində yenidən qurulması, ixtisasların sayının artırılması səhiyyə müəssisələrinin ixtisaslı tibbi kadrlarla təminatına imkan verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi və Tibb Kolleci Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə hamiliyə verilib. Həyata keçirilən tədbirlər nəticəsində Səhiyyə Nazirliyi ilə bu təhsil müəssisələri arasında əlaqələr daha da genişlənib. Görülən işlərin nəticəsi olaraq son illər Naxçıvan səhiyyəsində müxtəlif ixtisaslar üzrə yüksəkixtisaslı gənc həkimlərin sayı xeyli artıb. Muxtar respublikanın səhiyyə müəssisələrinin əksəriyyətinə gənc kadrların rəhbərlik etməsi onlara göstərilən inam və etimadın göstəricisidir. Tibb mütəxəssislərinin bilik və bacarıqlarının yüksəldilməsi, ixtisas səviyyəsinin artırılması üçün müvafiq mexanizmlər yaradılır, onlar Bakı şəhəri və Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına təkmilləşmə və təcrübə kurslarına göndərilir, digər xarici ölkələrdə təlimlər təşkil edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə işçilərinin müasir elmi biliklərinin artırılması üçün müxtəlif profilli elmi-praktik seminar və konfransların təşkili diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhərində və xarici ölkə­lərdə fəaliyyət göstərən müxtəlif klinikalardan yüksəkixtisaslı həkimlər və kollektivlər muxtar respublikaya dəvət olunur və Naxçıvan həkimləri ilə birgə mürəkkəb cərrahi əməliyyatlar aparılır. Sosial layihələr çərçivəsində yüksəkixtisaslı həkim heyəti tərəfindən aparılan cərrahi əməliyyatlar yerli həkimlərin peşə bacarıqlarının yüksəldilməsində mühüm rol oynayır. Hazırda yerli həkim kadrlar tərəfindən müstəqil şəkildə TUR, açıq ürək, ürək damarlarına stent qoyulması, laparoskopik, LOR, göz və digər mürəkkəb cərrahiyyə əməliyyatları aparılmasına nail olunur. Artıq mürəkkəb cərrahi əməliyyatların da Naxçıvanda həyata keçirilməsi əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını alıb. Aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələri çərçivəsində açıq ürək əməliyyatları, koronarangioqrafiya manipulyasiyası, ürək damarlarına stent qoyulması, müxtəlif göz və digər əməliyyatların aparılması uğurla davam etdirilir.
    Muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarının tərkib hissəsi kimi gigiyena və epidemiologiya tədbirlərinə xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rayon şöbələrinin fəaliyyəti təmin edilib, yeni binalar istifadəyə verilib, avadanlıqlar alınıb, müasir laboratoriyalar qurulub, ştat strukturu təsdiq edilib. Mərkəz və onun 7 rayon şöbəsi avtomobillərlə, kifayət qədər çiləyici aparat, fərdi qoruyucu vasitələrlə təmin olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 15 fevral tarixli Sərəncamına əsasən təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı” da bu sahədə fəaliyyətin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət proqramında, ümumilikdə, 19 bənd üzrə vəzifələr müəyyənləşdirilib, Səhiyyə Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzi, eləcə də aid qurumlar qarşısında mühüm tapşırıqlar qoyulub. Qarşıya qoyulan vəzifələrin icrası əhalinin sağlamlığının və epidemioloji vəziyyətin qorunması, sanitariya mədəniyyətinin formalaşması və epidemioloji xidmətin müasir tələblərə uyğun qurulması kimi mühüm nəticələrin əldə olunmasına imkan verir.
    Dünyanın bir çox ölkələrində böyük təhlükəyə çevrilən koronavirus infeksiyasının muxtar respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi öz töhfəsini verməkdədir. Xüsusi kimyəvi vasitələrlə aparılan dezinfeksiya tədbirləri qrafik üzrə insanların ən çox toplaşdıqları yerləri, yaşayış binalarını, uşaq əyləncə qurğularını, nazirlik, idarə və təşkilatları, otelləri, turistik istirahət mərkəzlərini və digər əraziləri əhatə edir. Ali Məclis Sədrinin tapşırığı əsasında bu il 9-11 mart tarixlərində iri ticarət mərkəzlərində və satış bazarlarında, 22-26 mart tarixlərində isə ümumtəhsil müəssisələrində genişləndirilmiş dezinfeksiya tədbirləri həyata keçirilib. Yaradılan şəraitin və görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, muxtar respublikada məhdud çərçivədə rast gəlinən virus dərhal lokallaşdırılaraq geniş yayılmasının qarşısı alınıb. Dezinfeksiya tədbirləri təkcə pandemiya dövrü ilə əlaqədar deyil. 2000-ci ildən başlayaraq ardıcıl olaraq payız-qış mövsümündə kəskin respirator infeksiyaların, yaz-yay aylarında isə bağırsaq infeksiyalarının, qida zəhərlənmələrinin qarşısının alınması məqsədilə də aparılır. Bunun nəticəsidir ki, muxtar respublikada idarə olunan yoluxucu xəstəliklərə, demək olar ki, rast gəlinmir.           COVID-19 virus infeksiyasına qarşı hazırlanmış vaksinlərin muxtar respublikada tətbiqinə 2021-ci il fevral ayından etibarən başlanılıb. Peyvəndin icra vəziyyəti yüksək səviyyədə aparılaraq orta hesabla 70 faiz səviyyəsində olub. Prezident cənab   İlham Əliyev demişdir: “Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkə­lərdən biri olub. Bizim təşəbbüsümüzlə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişik”.    
    Səhiyyə turizmi də daim diqqətdə saxlanılır. Duzdağ Fizioterapiya Mərkəzində və Darıdağ Arsenli Su Müalicəxanasında hər il ölkə və bir çox xarici ölkə vətəndaşları müalicə olunurlar. Azərbaycanın rayonlarından sağlamlıq imkanları məhdud şəxslərin sanator müalicə alması üçün həmin müəssisələrə göndərilməsi davam etdirilir. Hazırda tikintisi aparılan Darıdağ Arsenli Su Müalicəxanası və İstirahət Kompleksi, həmçinin “Darıdağ” Termal Hotelin tikintisi bu şəfalı suyun müalicəvi xüsusiyyətlərindən səmərəli şəkildə istifadəyə şərait yaradacaq. 

    Muxtar respublikada aparılan genişmiqyaslı islahatlar göstərir ki, səhiyyə sistemi sürətlə inkişaf edir, müasirləşir. Tikilən, qurulan nə varsa, əhalinin sağlamlığının qorunmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. 

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.04.2022 23:55